Həbsxana

Mənbə: google.az

Başlıq: Həbsxana

15 milyonluq mənimsəmədə ittiham olunan general və müavininə şərti cəza

Gömrükdənkənar gətirilən və qeydiyyatdan keçirilmədən satılan dərmanlara görə həbs olunanların hamısı azadlığa buraxıldı

Hava limanında gömrük baxışından keçirilmədən ölkəyə 6.5 milyonluq dərman gətirilməsi və apteklərdə satılması, Mərkəzi Gömrük Hospitalında istifadəsi, həmçinin bu xəstəxanada alınan pulların az hissəsinin rəsmiləşdirilməsi nəticəsində 15 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesi başa çatıb. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, onun müavini Fərman Məmmədli də daxil olmaqla, 8 nəfər təqsirləndirilən şəxsin hamısına şərti cəza verilib. Onlara martın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Təqsirləndirilən general və Hava Limanında Gömrük Baş İdarəsinin əməkdaşı Elnur Məmmədov həbsdə deyildi. Hökm elan olunandan dərhal sonra həbsdəki altı nəfər - Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəis müavini Fərman Məmmədli, Gömrük Hospitalında proqram təminatçısı işləmiş Türkiyə vətəndaşı Ateş Atanur, Vasif Xıdırov, Cəmil Mehdiyev, Əlamət Quliyev və Anar Məmmədov da məhkəmə zalından azadlığa buraxılıb.

Onlar CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələrilə təqsirli biliniblər.

Mərkəzi Gömrük Hospitalına da faktiki F.Qədiməliyev rəhbərlik edib. Məhkəmədə dindirilən işçilər bildiriblər ki, hər gün klinikada toplanan məbləğ müavini Fərman Məmmədli vasitəsilə F.Qədiməliyevə çatdırılır, ertəsi gün onun göstərişi əsasında pulun 5-10 faizi rəsmiləşdirilirdi. Bu yolla 15 milyon manat vəsait mənimsənilib. Ona görə də mənimsəmə ittihamı ancaq iki nəfərə F.Qədiməliyev və F.Məmmədliyə verilmişdi.

Gömrük Hospitalı

Gömrük Hospitalı

Mənbə: google.az

O da məlum olub ki, rəsmi sənədlərdə 300-500 manat maaş aldığı göstərilən həkimlər gerçəkdə bəzən 120-150 min manat pul alırdı.

F.Qədiməliyevin özünün aylıq maaşı 29 min manat olub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi 2018-ci il aprelin 30-da birgə əməliyyat keçirib. Əməliyyatdan sonra adları çəkilən şəxslərlə yanaşı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev də vəzifəsindən çıxarılıb. Onun haqqında da cinayət işi başlanıb, lakin həbs olunmayıb. Onun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb və istintaqın davam etdirildiyi bildirilir.

Ölkəyə gətirilən dərmanlar hava limanında idarə rəisi S.Abdiyevin göstərişilə gömrük baxışından keçirilməyib, birbaşa Gömrük Hospitalına çatdırılıb. Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən o dərmanların bir hissəsi apteklərə paylanıb satılıb, bir hissəsi də hospitalda istifadə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wxz4bv

Ən çox baxılan