23 yaşlı gənc: Məni ölməyə qoymayın

“Ağciyərlərimdən biri tamamilə, digəri isə qismən funksiyasını itirib, şiddətli, dözülməz ağrılarım olur”

Source:

“Ağciyərlərimdən biri tamamilə, digəri isə qismən funksiyasını itirib, şiddətli, dözülməz ağrılarım olur”

“Hazırda ölümlə çarpışıram. Köməyimə çatan yoxdur, həyatımı itirməyim an məsələsidir”.

Bu sözləri Meydan TV-yə Tovuz rayonu, Muncuqlu kəndinin sakini, 23 yaşlı Rüstəm Bayramov deyir. Gənc uzun illərdir skolioz (onurğa əyriliyi) xəstəliyindən əziyyət çəkir:

“Yetim böyümüşəm, valideynlərimi 7 yaşımda itirmişəm. Ucqar kənddə çətin şəraitdə təkbaşına yaşayıram. İmkansızlıqdan xəstəliyim daha da inkişaf edib. Dördüncü dərəcəli skoliozam. Onurğamın vəziyyətinə görə digər daxili orqanlarımda, xüsusilə ürəyimdə ciddi fəaliyyət pozğunluqları yaranıb. Ağciyərlərimdən biri tamamilə, digəri isə qismən funksiyasını itirib, şiddətli, dözülməz ağrılarım olur”.

Rüstəmin sözlərinə görə, əksər tibb müəssisələrinə müraciət edib. Lakin dərdinə çarə tapılmır ki, tapılmır:

“Az qalsın, özəl və dövlət tibb müəssisələrindəki bütün onurğa cərrahlarının yanında olmuşam. Hərə bir söz deyir. Biri deyir ki, əməliyyat burada mümkünsüzdür, başqa biri isə çox riskli olduğunu bildirir. Qalmışam belə, istənilən halda, əməliyyata imkanım çatmır. Təcili əməliyyat olunmasam, həyatımı itirəcəyəm. Deyilənə görə, əməliyyatım Türkiyənin özəl “Medicabil” xəstəxanasında mümkündür. Bunun üçün isə 23 min ABŞ dolları lazımdır. Mənim o qədər pulum nə gəzir? Birinci qrup əlil kimi qeydiyyatdayam, buna və valideynlərimi itirdiyimə görə ümumilikdə 170 manat müavinət alıram. Bu pulla da komunalları ödəyirəm, bir az da yemək üçün pul qalır. 23 min dolları haradan tapım?”

Şikayətçi bildirir ki, səhhəti ilə bağlı Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya və Milli Məclisə dəfələrlə məktub ünvanlayıb, lakin heç bir faydası olmayıb:

“Məktublarım Səhiyyə Nazirliyinə göndərilir. Bu qurum da məni Travmatologiya və Ortopediya İnstitutuna yönləndirir. Orada da deyirlər ki, əməliyyati biz edə bilmirik, ağır skoliozdur. Əlillərin Bərpa Mərkəzini məsləhət görürlər. Artıq ümidimi hər yerdən üzmüşəm. Belə çıxır ki, oturub, ölümümü gözləməliyəm?

Babamdanqalma köhnə, qəzalı və mənim üçün şəraitsiz vəziyyətdə olan evdə yaşayıram. Xəstəyəm, gəzə bilmirəm, ev uçsa, altında qalacağam. Gündən-günə fiziki hərəkətim məhdudlaşır. Hətta evdə belə çəliklə gəzirəm. Hələ ki, müvəqqəti olaraq əmim köməklik edir, arada gəlib baş çəkir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirildi ki, dövlət xəstəxanalarında icra olunan istənilən müayinə və müalicə pulsuzdur:

“Lakin bu adamda xəstəlik irəliləyib, dördüncü dərəcə artıq əməliyyatlıqdır. Dövlət xəstəxanalarında əməliyyatlar keçirilmir. Rüstəm Bayramova tövsiyə edirik ki, Səhiyyə Nazirliyinin elektron səhiyyə xidmətinə müraciət etsin. Bəlkə harasa yönləndirildi”.

Tovuz Rayon İcra Hakimiyyəti isə vətəndaşın Dövlət Sığorta Şirkətinin rayon filialına müraciət etməyi məsləhət görülüb:

“Sığortalanmış əmlak qəzalı vəziyyətə düşəndə, əmlak sahibi sığorta idarəsinə müraciət edir, təzminat alaraq, evini təmir edir. Vətəndaş yerli icra nümayəndəliyinə getsin, ona izah edib, başa salacaqlar”.

Rüstəm Bayramov isə “mən yaşamaq istəyirəm”, – deyir, imkanlı şəxslərdən kömək istəyir:

“Mənim üçün 1 manat da puldur. Yaşamaq istəyirəm, məni ölməyə qoymayın”.

Ana səhifəBölgə23 yaşlı gənc: Məni ölməyə qoymayın