26 il çamaşırxanada yaşayan ailə

Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib

Source: meydan.tv

Kəlbəcər sakinləri: ''Nolar, xəbərimizi çatdırın Prezidentimizə, Mehriban Əliyevaya''

Aprelin 2-də Kəlbəcərin işğalından 26 il ötdü. 70 min nəfərdən çox əhalisi olan bu rayonun işğalı 53 340 nəfəri evsiz qoyub.

Keçən 26 il ərzində köçkün düşmüş insanlardan bəzilərini dövlət yeni tikdiyi mənzillərlə təmin edib. Ancaq onların arasında bu gün də yaşayış təyinatı olmayan, şəraitsiz yerlərdə qalanlar var. Goranboyda Goran dairəsinin yaxınlığındakı Sovet dövründən qalma çamaşırxana binasında məskunlaşan Kəlbəcər köçkünləri kimi…



“Siçovul yuvasıdır, burada adam yaşamaz”

“Qəzalı şəraitdə yaşayan hamı evlə təmin edildi, köçdü. Bir bizdən başqa. Baxın, həm uçub-tökülür, həm də betondur. Hamımız xəstə düşmüşük. Siçovul yuvasıdır, burada adam yaşamaz ki, biz yaşayırıq”, – 60 yaşlı Kəlbəcər köçkünü Şərqiyyə Məmmədova belə deyir. Övladlarını bu inzibati binada böyütdüyünü deyən Şərqiyyə xanım, keçən 26 ilin onun üçün heç də asan olmadığını söyləyir:

image00001.jpeg
Şərqiyyə Məmmədova

“Bəxtəvər idik, Novruz bayramına hazırlaşırdıq. Ev-eşiyimizi, həyət-bacamızı təmizləmişdik. Hər şeyi gül kimi edəndən sonra oturdum aynabəndin qarşısında. Sağa baxdım, sola baxdım. Evimlə, şəraitimlə qürurlandım. Dedim, ay Şərqiyyə, sən nə talehli qadınsan, gör nə yaxşı evin-eşiyin, şəraitin var. Heç bir ay çəkmədi. Hamısını itirdim. İnanırsız, bugünədək özümü günahlandırıram ki, bəlkə o cür fərəhlənməsəydim, bütün bunlar baş verməyəcəkdi. Evimdən olmayacaqdım,” – deyə Ş. Məmmədova özünü günahlandırır.



“Soyuq iliklərimizə işləyir, donuruq”

Səhnəbanu Cabbarova da həyat yoldaşı və kiçik qızı ilə burada məskunlaşıb. İllərdir həmin binanın birinci mərtəbəsindəki kiçik otaqda yaşayır. O, hökumətin onları unutduğunu düşünür. “Yoxsa bu cür qəzalı və betonda yaşamalarının səbəbi nə ola bilər ki,” – deyə, sual edir:

image00006.jpeg
Səhnəbanu Cabbarova

“Soyuq iliklərimizə işləyir, donuruq. Dərdimizi deməyə kimsəmiz yoxdur. Bura da bilirsiniz də nədir, çamaşırxana. Sovetin dövründə ruslar Naftalana sanatoriyalara gedirdilər. Bizim yaşadığımız bu bina həmin sanatoriyaların paltaryuyulan yeri olub. O vaxt tonla paltar, çarşaf və dəsmalları gətirib, burada yuyub, qurudub, ütüləyib, həmin sanatoriyalara göndərirmişlər. Bina boş idi, yerləşdik. Artıq çökmək üzrədir”.



“Bəlkə də ən çətin şəraitdə yaşayan insanıq”

Bu köhnə, qəzalı şəraitdə olan ikimərtəbəli binada 4 kəlbəcərli ailə məskunlaşıb. Nə az, nə çox, 15 nəfərin məskənidir bu köhnə, yarıuçuq bina.

image00010.jpeg
mənzilin içi

Səhnəbanu Cabbarova deyir ki, betonda yaşamaqdan, istilik olmadığından illərdir böyrəkləri xəstə düşüb, müalicə olunur:

“Uşağım da körpədir. Onu 40 yaşımda dünyaya gətirmişəm. Duayla, müalicəylə illər sonra doğulub. İndi normal bir şəraitdə böyüdə bilmirik. Bir-iki il dözmək olar, daha 26 il yox. Bəlkə də ən çətin şəraitdə yaşayan insanıq. Camaatın yaşayışına gedib baxırsan, həvəsin gəlir. Bizim evimizə bax. Yaşayış budur?”



“Bu gün, sabah olub 26 il, hələ də buradayıq”

S. Cabbarova deyir ki, onların da Kəbəcərdəki evləri şəraitli, imkanları yaxşı olub. Oradakı həyatlarını xatırlayır, təəssüfllənir ki, daha o cür şərait yarada bilmirlər:

“Yəqin şans adamın əlinə hər zaman keçmir də. Kəlbəcərdə hər şey nağıl kimi idi. Səhərlər mal-heyvanı ötürürdük örüşə. Öz-özünə gedib, gəlirdi. Həyətimiz, meyvə ağaclarımız, heyvanlarımız, evlərimiz… Bir də buradakı şəraitə baxın. Güclə öyrəşmişik. Əlimiz də isinmir bir iş görməyə. Deyirik, bu gün, sabah çıxaracaqlar, köçürəcəklər bizi. Bu gün, sabah olub 26 il. Hələ də buradayıq”.



“O vertolyota mindik və hər şey oradaca bitdi”

Səhnəbanu Cabbarova deyir ki, Kəlbəcərdəki evləri ikimərtəbəli olub. Burada da yaşadıqları yer ikimərtəbəlidir, ancaq ev deyil:

“Alt-üst mərtəbə evimiz var idi. Biz kəndimizdən bayramdan bir az əvvəl çıxdıq. Ən son çıxanlardanıq. Son anadək ümidimiz var idi. Amma sonda o vertolyota mindik və hər şey oradaca bitdi. Tövbə, evimizdən bir çöp də götürə bilmədik. Görürsünüz də günümüzü, nolar, xəbərimizi çatdırın Prezidentimizə, Mehriban xanım Əliyevaya. Bizi görsünlər, bilsinlər nə gündəyik. Bilsinlər ki, it də, pişik də, biz də, eyni yerdə yaşayırıq”.



“Aclıq, səfalət, çətinlik, şəraitsizlik, hər şey gördük”

Şərqiyyə Məmmədovanın Kəlbəcərdə sürü ilə mal-heyvanı olub. Burada cəmi bir inəkləri var. Deyir, onu da güclə, südünə, qatığına görə saxlayır. Yoxsa, çöllükdə heyvan saxlamaq çox çətindir:

image00011.jpeg
ev

“Bircə inəyimiz var. Yavanlıq üçün saxlayırıq. Südündən, qatığından istifadə edirik. Yoxsa dolanmaq çox çətindir. Bura heçnəsiz gəlmişik. Ağcaqanad görməmişdik, burada tanıdıq. Ayaqlarımız yara tökdü. Aclıq, səfalət, çətinlik, şəraitsizlik, hər şey gördük. Uşaqlarımız körpə, özümüz işsiz, ağır vəziyyətlər idi. İndi o vaxtkı kimi deyil, amma yenə zülmdəyik. Allah kəssin belə yaşayışı. Hər şeyi televizorda görürük. Məsələn, paltarları, qabları atırlar maşına, özü yuyur. Bizim üçünsə bu, sadəcə xəyaldır”.



“Bu, 26 gün deyil e, 26 ildir ki, evsizik”

Sərxan Orucov da köçürüləcəkləri günü gözləyir. Deyir, artıq bezib. Hər yağış yağanda yaşadıqları binanın həyətini su basır. Onu təmizləməkdən yorulub, lap təngə gəlib:

image00015.jpeg
Sərxan Orucov

“Baxın, qəzalı binada yaşayırıq. Hər gün bir yeri tökülür, uçur, dağılır. 26 ildir buradayıq. Baxımsızlıqdır, betondur, kömək lazımdır. Aidiyyatı qurumlara da məlumat vermişik. Baxan yoxdur”.

Elşad Orucov da yaşayışından gileylənir. Deyir, torpaq yox ki, əkib-becərəsən, mal-heyvan saxlayasan, ev yox ki, ayağını aşırıb ürəyindən keçən istirahət edəsən:

“Nolar, bizə kömək etsinlər. Hər yerə müraciət etmişik. Qeydiyyata alıblar ki, harada ev tikilsə, növbəyə sizi birinci salacağıq. Dəfələrlə sel gəlib, bütün ərazini basıb. Qalmışıq suyun içində. Şəraitsizlikdir, baxımsızlıqdır. Bizi də evlə təmin etsinlər, nə olar. Növbəni gözləyəcək halımız qalmayıb. Bu, 26 gün deyil e, 26 ildir ki, evsizik, Kəlbəcərsizik, yurdsuz, yuvasızıq”.

image00017.jpeg
Elxan Orucov



“Aidiyyatı quruma müraciət edin”

Goranboy Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu məsələnin onlara aidiyyatı yoxdur:

“Bu barədə nəsə deyə bilmərik. Bu işə biz baxmırıq. Ola bilər ki, qəzalı vəziyyətdə olan yerdə yaşayırlar. Yenə də biz 5 ailəni evlə təmin edəcək imkana malik deyilik. Bunun üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edin. Qaçqınlar üçün evləri onlar tikir, o cür ailələri onlar köçürürlər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin isə belə durumlarda bir cavabı var. Hər dəfə bildirirlər ki, bütün məcburi köçkünlər siyahıya alınıb, hamı bir gün evlə təmin ediləcək. Sadəcə bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbə hamıya çatacaq.

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı.

image00002.jpeg
mətbəx


BMT-nin Miqrasiya Agentliyi

nin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.

image00005.jpeg
otaq
image00012.jpeg
yataq otağı
image00008.jpeg
dəhliz
Ana səhifəBölgə26 il çamaşırxanada yaşayan ailə