Aleksey əmi qocalıb

Ola bilər, ondan başqa da ermənilər var ki, Azərbaycan türkcəsində səlis danışa, nifrət etməyə bilirlər, maraqlı xatirələri var

Source: Meydan TV

könül istərdi, nifrət ölsün, sülh yaşasın

Qlazqoda oxuyanda esse yazmalı idim. Beynəlxal və Avropa İnsan Haqları Hüququ dərsindən. Mövzu – İnsan haqlarının universallığı, yoxsa kültürəl relyativizm? Mən sağçıyam. Ona görə də universallığın tərəfində idim. Araşdırmamı da bu istiqamətdə apardım. Qərb universitetlərində akademik mühit adətən solçu olur. Qlazqo universiteti də bu ənənəni möhkəm yaşadır.

Professorumuz da solçu idi. Nəticələr açıqlanmamışdan ironiya ilə soruşdu ki, “hələ də insan hüquqlarının universallığına tərəf olan qalıb?” Dalağım sancdı. Sonra dalaq haqlı çıxdı, qiymətimi qəsdən xeyli aşağı yazdı. Sağçı mövqeli esse xoşuna gəlməmişdi.

Təbii ki, hələ də insan haqlarının universallığına inanıram. Daim bunun sübutunu görürəm. O gün yenə birini gördüm.

Aleksey Manvelyanı xeyli adam tanıyır Azərbaycanda. Özü azərbaycanlıdır – Gəncə ermənisidir. İndi Ermənistanda yaşayır. Qarşılıqlı etnik təmizləmələrin nəticəsində vətənindən didərgin düşüb. Azərbaycan türkcəsini mükəmməl bilir. BBC azərbaycancaya mütəmadi məqalələr yazır. Bəzən məqalə kimi yazdığını səsləndirir.

Axırıncı dəfə bir səs yazısına qulaq asıram. Deyir, Gəncədə məhləmizdə azərbaycanlı qadınlardan biri ərini “erməniyə oxşayan köpək oğlu” deyib söyürdü. Alekseyin anası narazı düşəndə həmin qadın deyirdi ki, “Anna bacı, xətrinə dəyməsin, ərimə deyirəm”. Ermənilərə qarşı ksenofobik, şovinist kimi görünən bu xanım bilirsiniz, Alekseyin ailəsinə qarşı necə davranırdı? Ərini "erməniyə oxşayan köpək oğlu" deyib, təhqir edən azərbaycanlı qadın erməni qonşusunun hər işinə çatır, Alekseyin əsgər qonaqlığına qoyun kəsir ki, erməni qonşuları ətə pul xərcləməsinlər.

İndi müharibədən sui-istifadə edən hakimiyyətlərin davamlı təbliğatına uymuş ağıllı-başlı adamlar da öz milli nifrətlərinə haqq qazandırmaq üçün deyirlər ki, ermənilərlə biz hələ sovet dövründən düşmən idik. Nümunə kimi də hələ o vaxtdan bir-birimizə dediyimiz milli zəmində təhqiramiz, alçaldıcı sözləri, lətifələri xatırladırlar. Manvelyanın xatirələri göstərir ki, bu kimi təhqirlər, söyüşlər, lətifələr nifrətin reallaşması üçün yetərli deyil. Kütləvi nifrət həmişə mərkəzdən – dövlət tərəfindən idarə olunur – yaradılır, qızışdırılır, istifadə edilir və lazım olmayanda söndürülür. Heç bir xalq yaradılışdan başqa xalqa nifrət etmir.

İfadə azadlığının önəmi burada bir daha artır. İfadə azadlığına münasibətdə amerikan təcrübəsi belədir ki, konkret hərəkətə sövq etməyən çıxışlar ifadə azadlığı ilə müdafiə olunur. Manvelyanların qonşusunun “erməni köpək oğlu” söyüşü konkret hərəkətə, ziyanlı nəticəyə sövq etməyib, ona görə də ifadə azadlığı olub. Eləcə də qarşı tərəfin oxşar sözləri. Mən özüm uşaqlıqda ləzgilərlə qonşuluqda böyümüşəm. Onlar bizə muğal (yəqin moğol sözündəndir, türk mənşəli əhaliyə deyirlər) deyirdilər, təhqir etmək üçün də “muğal – qurdlu zoğal” deyib, bizi cırnadırdılar. Biz də onlara “ləzgi –…əski” deyirdik. Bu sözlərə görə kimsənin dalaşdığını, bir-birini soyqırıma, etnik təmizləməyə məruz qoymaq istədiyini görməmişəm.

Çünki bunlar milli nifrətin təzahürü deyil. Ümumiyyətlə, milli fərqə dəxli olmadan hər toplumun daxilində yaranan qrupların “biz – özgə” söhbətidir. Məsələn, Şəkiyə aid bir şeirdə deyilir ki, “Dayanıb bir dağ təki, dağlar qoynunda Şəki”. Qaxlılar zarafatla deyirlər ki, “Dayanıb bir dağ təki, Qaxın yanında Şəki”. Nolsun ki? O deməkdir ki, şəkililərlə qaxlıların bineyi-qədimdən bir-birinə nifrəti var? Təbii ki, hakimiyyət bu qafiyələrdən istifadə edib, qaxlılarla şəkililəri qarşı-qarşıya qoya bilər. Çünki kütlə hər yerdə kütlədir – Şəkidə də, Qaxda da, San-Fransiskoda da.

Ona görə də bu təbliğatlara aldanmaq lazım deyil. Ermənilərin insan olmaması, yaşamağa layiq olmamaları, bizimlə birgə yaşayışlarının mümkün olmaması üzərində arqument qurmaq olmaz. Nifrət üzərində arqument qurmaq olmaz. Ermənilərin Azərbaycan türkləri ilə birgə yaşaya bildiyi sübut olunsa (çoxdan sübut olunub), onların insan olduğu sübut olunsa (çoxdan sübut olunub), yaşamağa layiq olmaları sübut olunsa (çoxdan sübut olunub), o demək olacaq ki, Qarabağ müstəqil olmalıdır, yoxsa Ermənistanın tərkibində olmalıdır? Qarabağ da, digər işğal olunmuş ərazilər də Azərbaycanın tərkib hissəsidir, bunu sübut etmək üçün nifrəti hər an körükləmək lazım deyil. Azərbaycanın ərazi bütövlüyü nifrət üzərində qurulmayıb, qurulmamalıdır.

İnsan haqları universaldır, hansısa xalqın xüsusiyyətindən, hansısa toplumun xarakterindən asılı olmayaraq, bütün insanlara tətbiq oluna bilər və tətbiq olunmalıdır. Kültürəl fərqlər hətta başqalarını təhqir edəcək səviyyədə olsa da, siyasi hakimiyyətlər tərəfindən sui-istifadə edilmədikcə, ciddi nəticələr törədə biləcək gücdə deyillər.

… Aleksey Manvelyan artıq qocalıb. Ola bilər, ondan başqa da ermənilər var ki, Azərbaycan türkcəsində səlis danışa, nifrət etməyə bilirlər, maraqlı xatirələri var. Amma gördüyümüz yalnız Aleksey əmidir. Onun qocalması çox kədərlidir. Sanki bu torpaqlarda nə vaxtsa sülhün, dinc birgəyaşayışın olması barədə xatirələr qocalır, bir günsə ölüb, gedəcək. Amma könül istərdi, nifrət ölsün, sülh yaşasın.

Ana səhifəXəbərlərAleksey əmi qocalıb