Turana Nuri

Mənbə: meydan tv

Başlıq: Turana Nuri

Anti-perspirant, şampun və duş gellərindən istifadə etməyən gənc

“Bəzən marketlərdə alış-veriş edəndə psixi problemim olduğunu düşünürlər”

“Azərbaycanda bu haqda danışanda tez adamın sözünü kəsirlər: Siyasi məhbuslar, sosial problemlər, başqa böyük məsələlər və s. Sanki qeyri-ciddi, lazımsız mövzudan danışırsan. Halbuki 21-ci əsrin ən ciddi problemlərindən biridir, Azərbaycan da bu baxımdan ən problemli ölkələr sırasındadır,” – gənc fəal Turana Nuri belə deyir. O, ətraf mühit müdafiəçisidir, fəaliyyəti də bu istiqamətdədir. Turanədə ətraf mühitə həssaslıq universitet illərində, təhsil aldığı ekologiya ixtisası sayəsində yaranıb. Daha sonra bu yöndə biliklərini artıran gənc fəal hazırda təlimçi kimi çalışır. İndiyə kimi “UNİCEF”, “İrəli”, “Təbiət dostları”, “Oikos Baku” kimi yerli və beynəlxalq təşkilatların keçirdiyi layihələr çərçivəsində insanları ətraf mühitin qorunması ilə bağlı məlumatlandırıb.

Turana deyir ki, ətraf mühit aktivistinin əsas özəlliyi həyat tərzi ilə nümunə ola bilməsidir. Məsələn, o, təbiətə maksimum az zərər vurmağa, israfdan uzaq durmağa çalışır:

“Anti-perspirantları, şampunları və duş gellərini həm plastik qablaşdırmaya, həm də zərərli kimyəvi tərkibinə görə istifadə etmirəm. Döş xərçənginin yaranma səbəblərindən biri də anti-perspirantların tərkibindəki alüminium oksidi hesab olunur. Bunun əvəzinə öz hazırladığım anti-perspirantlardan istifadə edirəm. Mağazaya gedəndə paxlalı və dənliləri paketlənmiş deyil, kiloqramla öz apardığım torbalarda alıram, meyvə-tərəvəzi də həmçinin. Makaronları və çayı ucuz plastik qablaşdırmasız və alternativi olmadığı üçün böyük qablaşdırmada alıram. Diş məcunu özüm hazırlayıram ya da böyük qablaşdırma alıram. Ədviyyatları qablaşdırmasız öz apardığım bankalarda İran marketlərindən və ya kağız qablaşdırmada alıram. Marketlərdən polietilen torba götürməyib aldıqlarımı öz hazırladığım parça çantalara yığıram. Plastik butulkada su almıram, özümlə şüşə suqabında su götürürəm. Tullantılarımı isə çeşidləyib təkrar emal üçün verirəm”.

çantalar

çantalar

Mənbə: meydan.tv

Turananın veqan həyat tərzi seçməsinin əsas səbəblərindən biri də təbiətlə bağlı həssaslığıdır. O, əvvəl vegeterian, daha sonra isə veqan rasionu ilə qidalanmağa başlayıb, yəni süd, yumurta kimi bütün heyvan mənşəli qidalardan imtina edib:

“Azərbaycanda vegeterian-veqan olanların çoxu bu həyat tərzinə ya etik, ya da sağlamlıq səbəbindən keçirlər. Onlara görə heyvan əti yemək ya etik cəhətdən doğru deyil, ya da sağlamlığa zərərlidir. Əslində isə hazırkı qida sənayesi, heyvandarlıq həm də təbiətə ən çox zərər vuran sahələrdəndir. Heyvanları bəsləmək üçün hər il minlərlə hektar meşə məhv edilir. Bu ərazilərdə paxlalı və dənli bitkilər yetişdirmək olar ki, bu, qida dəyəri baxımından heyvan saxlamaqdan daha sərfəlidir. Xüsusilə, iribuynuzlu heyvanlar tənəffüz və ifrazat zamanı havaya minlərlə ton metan qazı buraxırlar, bu da “parnik effekti”nin yaranmasının əsas səbəblərindən biridir”.

Həyat tərzi Turanaya heç də həmişə asan başa gəlmir. Bəzən yanlış anlaşılmalara, problemlərin yaranmasına səbəb olur:

“Bəzən marketlərdə alış-veriş edəndə psixi problemim olduğunu düşünürlər. Aldığım ərzağı polietilen paketə yox, öz çantama qoymaq istəyəndə deyirlər ki, niyə belə edirsən, nə problem var və s. Bəzən sallofan paketlərin pulsuz olduğunu deyirlər, guya mən az pul vermək üçün istəmirəm, bəzən də administratoru çağırırlar”.

qablar

qablar

Mənbə: meydan.tv

Onun sözlərinə görə, Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı bəzi təşəbbüslər olsa da, bu sahədə paradoksal vəziyyət mövcuddur. Məsələn, təkrar istehsal nəticəsində hazırlanan dəftərlər ilk istehsal olunanlardan daha bahadır:

“Bəzi dəftərlər təkrar istehsal nəticəsində hazırlanır. Amma qiyməti 2 manatdan bahadır. Halbuki ilk çapa verilənlər bir neçə qəpiyə satılır, təkrar istehsal isə daha ucuz başa gəlir, həm də belə məhsullar ucuz olmalıdır ki, insanlar istifadə edə bilsinlər. Yaxud insanlar “eko-friendly” çantaları özləri ilə gəzdirirlər, amma alış-veriş zamanı istifadə etmirlər. Məntiqsizdir, bu, dəb yox, həyat tərzi olmalıdır”.

Gənc fəal ətraf mühitlə bağlı həlli real olan problemin məişət tullantıları olduğunu düşünür. Bunun isə insanların məsuliyyət hissindən asılı olduğu qənaətindədir: “Biz özümüz çox şey edə bilərik. Məsələn, polietilen torbalardan imtina ilə, yaxud plastik su butulkalarının əvəzinə özümüzlə şüşə su qabı gəzdirməklə. Hər belə seçim təbiəti qorumaq yolunda atılmış addımdır. İnsanlar bəzən bunun əhəmiyyətsiz olduğunu düşünürlər, amma təbiətə, ətraf mühitə çox vaxt belə laqeydliyimiz ziyan vurur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/u799wr

Ən çox baxılan