Azərbaycan Dövlət Sərhəd Xidməti rəhbərinin özəlləşdirdiyi kənd

“Hakimiyyətyönümlü medianın yazdığı kimi burada evlər və orta məktəb Heydər Əliyev Fondu tərəfindən tikilməyib”

Source:
Palıdlının asfaltlanmamış yolları boyu uzanan köhnə evlər
Palıdlının asfaltlanmamış yolları boyu uzanan köhnə evlər


“Hakimiyyətyönümlü medianın yazdığı kimi burada evlər və orta məktəb Heydər Əliyev Fondu tərəfindən tikilməyib”

1954-cü ildə Sovet İttifaqında dövlətlər arasında sərhədlər demək olar ki, yox idi. Həmin dönəmdə, Dağıstan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasından kənd təsərrüfatı fəaliyyəti üçün 158 ha ərazini istifadəyə götürməklə bağlı saziş imzalayır. Bu ərazi sırf qışlaqlar üçün nəzərdə tutulmuşdu.

Ötən 50 il ərzində insanlar orada məskən salıb, yaşayıblar. Sazişin müddəti 50 illik olduğundan 2004-cü ildə saziş qüvvədən düşüb.

Hazırda bu torpaqlar, Palıdlı və Uryanoba kəndləri Azərbaycan ərazisinə daxildir və Dağıstan sərhədindən 60 km-lik məsafədə yerləşir. Uryanoba demək olar ki, yerli əhalisi tərəfindən tərk edilib, orada cəmi bir neçə ailə yaşayır. Palıdlı isə Dövlət Sərhəd Xidməti və Sərhəd Qoşunlarının rəhbərinin nəzarəti altındadır. Hətta yerli polis belə o kəndə getmədiyini bildirir.

Azərbaycan-Rusiya arasında uzun sürən altı illik müzakirələrdən sonra 2010-cu ildə dövlət sərhədləri müəyyənləşdirilir və adıçəkilən kəndlər Azərbaycan ərazisində qalır.

Yeni evlər və asfaltlanmış yollar – bura Palıdlının müasir simasıdır
Yeni evlər və asfaltlanmış yollar – bura Palıdlının müasir simasıdır

Həmin ərəfədə 200-ə yaxın yerli sakinlərə Azərbaycan tərəfindən kəndlərdə yaşamalarına davam etmək və ya Rusiyaya köçmək təklif edilir.

Sözügedən ərazilərdə yaşayan yerli əhalinin əksəriyyəti ləzgi etnik qrupuna aiddirlər. Federal Ləzgi Milli Mədəni Muxtariyyatı təşkilatının sədri Arif Kərimov, yerli əhalinin Azərbaycanda qalacaqları təqdirdə assimilyasiyaya məruz qalacaqlarını bildirir.

Azərbaycan tərəfi Rusiyaya köçmək istəyənlərə torpaq sahəsi, həyətyani bağları və evləri üçün müəyyən məbləğ kompensasiya ödəyəcəyini bildirir.

“Əhalinin yarısı A.Kərimova inanıb köçdülər”, Dağıstana köçənlərdən biri, vəkil Elbrus Qəniyev belə deyir. Yerli əhalinin bəzisi isə hər iki ölkədən maddi yardım almaq məqsədilə ailəsinin bir neçə üzvünü Azərbaycanda qoyub Rusiyaya köçmək niyyətində olduqlarına baxmayaraq, Azərbaycan bunu qəbul etmir. Lakin onlara evlərini ölkədə qoyub qonşu ölkəyə köçdükləri təqdirdə, 40-50 min ABŞ dollar kompensasiya təklif edir.

Palıdlı kənd sakininin ambarında yerləşdirdiyi buğda kisələri və köhnə dərsliklər
Palıdlı kənd sakininin ambarında yerləşdirdiyi buğda kisələri və köhnə dərsliklər

Hazırda kənddə demək olar ki, 10-dan az ləzgi ailəsi qalır. Köçənlərə isə A.Kərimov Rusiya vətəndaşlığı, torpaq və maddi dəstəyin göstəriləcəyini söz versə də, Dağıstana köçənlər “iFact.ge”-nin əməkdaşına vətəndaşlıqdan başqa heç nəyin verilmədiyini bildiriblər. Həmin əhalinin əksəriyyəti Dağıstanda qohumlarının yaşadıqları ərazilərə yaxın yerlərdə yaşayırlar, yeganə kompakt yaşadıqları yer isə Məhərrəmkənddir.

Rusiyanın TASS agentliyinin

xəbər

verdiyinə görə, 2018-ci ildə Dağıstanın Federal büdcəsindən oraya köçmüş 377 nəfər üçün torpaq və digər lazımi şəraiti qurmaq üçün 200 milyon rus rublu ayırıb. Buna baxmayaraq, yerli sakinlər bu istiqamətdə hələ ki, heç bir işin görülmədiyini, bu haqda heç nə eşitmədiklərini deyirlər.

E.Qəniyev söhbət zamanı bildirdi ki, insanların sayını Kərimov qəsdlə şişirdir ki, onlara yardım üçün məbləğ çox verilsin: “Bununla bağlı rəqəmlər hər keçən il daha da böyüyür. Dağıstan rəhbərliyi də bu barədə şikayətini bildirib ki, bu necə olur, əvvəl 200-250 nəfər idi, indi bu rəqəm 400-ə yaxındır”.

Keçmiş Xraxoba və Uryanoba kəndlərində qalanlara isə Azərbaycan vətəndaşlığı verilib.

Kəndin küçələrində evlərə yaxın quyudan əllə çəkilən su nasosları
Kəndin küçələrində evlərə yaxın quyudan əllə çəkilən su nasosları

Azərbaycan hakimiyyəti boş köhnə evləri sökərək onların əvəzində yeni evlər tikir. 2013-cü ildən Xraxoba kəndinin adı dəyişdirilərək Palıdlı adlandırılır. Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə müzakirələr zamanı bunu ərazinin Samur çayının sahilində yerləşdiyi və ətrafı palıd meşəliyi ilə əhatə olunduğu ilə

əlaqələndirib

.

Kənd, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin nəzarəti altına keçir. E.Quliyev həmçinin Sərhəd Qoşunları Akademiyasının rektoru və Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Quliyev prezident İlham Əliyevin bibisi qızı Fəxriyyə Manafova ilə evlidir.

Quliyevin əmisi Mahir Quliyev yerli icra hakimiyyəti nümayəndəliyinə 2013-cü ildə təyin edilib: “Elçin Quliyev kəndlə sanki öz mülkidir kimi davranır,” – deyə adının çəkilməsini istəməyən icra hakimiyyəti işçilərindən biri bildirir. Sahə müvəkkilinin sözlərinə görə isə kənddə hətta E.Quliyev üçün eniş edə biləcək helikopter meydançası da var.

“Hakimiyyətyönümlü medianın yazdığı kimi burada evlər və orta məktəb Heydər Əliyev Fondu tərəfindən tikilməyib. Bunların hamısı Elçin Quliyevin puluna tikilib,” deyə təhlükəsizlik məqsədilə adının açıqlanmasını istəməyən yerli təhsil şöbə işçisi deyir:

“Hazırda Palıdlıdakı orta məktəbdə 200 şagird təhsil alır. Şagirdlərin çoxu qonşu kəndlərdən gətirilir. Bunun üçün Quliyev xüsusi olaraq avtobus da ayırıb”.

Palıdlıdakı köhnə evlər söküldükdən sonra onların əvəzinə yeni 26 ev tikilsə də, orada yaşamağa ailələr yoxdur. Hazırda evlərin yarısı boşdur. 2013-cü ildən başlayaraq Quliyev buraya Naxçıvandan 18 kürd əsilli ailə gətirtdirib. Onlara burada torpaq, mal-qara və 1000 manat pul veriləcəyi vəd edilib. Yerli polisin “iFact.ge”-yə danışdıqlarına görə, ləzgilərin buraya göz dikməməsi və kənddən uzaqlaşdırılması üçün məhz kürd ailələri gətirilib.

Kürd ailələri Palıdlıya gəldikdə isə onlara yaşamaq üçün verilən yeni evlərdən başqa heç nə verilməyib.

“Onların adları sadəcə yerli dövlət idarələrinə xadimə, mühafizəkar və s. vəzifələrinə yazılaraq, aylıq 250-300 manat pul verilib”, – yerli icra hakimiyyəti işçisi deyir.

Bir müddət sonra kəndə gətirilən altı ailə Palıdlıdan çıxıb gedib. Buna səbəb isə kənddə Mahir Quliyevin nümayəndə kimi ağalıq etməsi olub. Kəndə gətirilən ailələr onların işlərini görməli, əkin biçinləri ilə məşğul olmalı imişlər.

Məsələni araşdırmaq üçün “iFact” Palıdlıya getməyə cəhd göstərdi. Kənardan gözəl görünsə də, kənddə qəribə səssizlik hökm sürür. Xaçmaz rayonunda olan zaman kəndlərə baş çəkmək istəyini bildirəndə heç bir taksi oraya getməyi məsləhət görmədi. Taksi sürücüsü Cəlal Məmmədov söhbət zamanı bildirdi ki, ora Mahir Quliyevin qorxusundan heç kim yaxınlaşa bilmir: “O dəqiqə adamı hədələyir, deyir ki, bura bizim mülkümüzdür. Xaçmazda kimi dindirsəniz, deyəcək ki, keçmiş Xraxoba (Palıdlı) kəndi Elçin Quliyevin şəxsi mülküdür. Ona görə də, əlavə problem yaranmasın deyə ora getməyə heç kim maraqlı deyil”.

“Siz kimsiniz? Sizi kim göndərib buraya? Bu kənd istirahət zonası deyil ki, gəlib burada gəzəsiniz. Bunu bax hər yerdə deyirəm, mənimdir, heç kimi buraxmıram. Polis çağırmamış buranı tərk edin”, – deyə M. Quliyevin özü jurnalistə bildirib.

Kənd sakinlərindən heç kim bu haqda danışmaq istəmədi:

“Guya bilmirsiniz kəndin vəziyyətini? Kənddə türmədəki kimi yaşayarıq. Hər şeyə o kişi baxır. Bizim heç bir hüququmuz yoxdur. Buranın abadlaşdırılmasına baxmayın, günümüz gün deyil. Naxçıvandan kürdləri gətirdilər, onların da bəziləri bezib qaçdı buradan. Qalan ləzgilərdən bəziləri peşman oldular burada qalmağa, heç evlərini satmadan qaçdılar Dağıstana, 3-4 gənc ailə də Xaçmaz rayonunda yaşayır”.

Uryanobaya gəldikdə isə kənd xarabalığı xatırladır. Kənddə cəmi 3-4 ailə yaşayır. Onlar da daha çox yaşlı adamlardır. Məktəbin, infrastrukturun olmaması gəncləri kəndi tərk etməyə məcbur edir. Keçmiş Xraxobadan fərqli olaraq, Uryanobanın sakinlərinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul edib. Lakin Azərbaycan hakimiyyəti bu kəndi Palıdlıdan fərqli olaraq baxımsız buraxıb. Buna görə də, kənd sakinləri şəraitsizlikdən bezərək bir hissəsi Xaçmaz rayonunda, bir hissəsi isə Dağıstanda məskunlaşıb.

Dağıstanda yaşayan Şakir Zahirov bildirir ki, Uryanoba ilə heç kim maraqlanmayıb: “Xraxobanı (Palıdlı) Elçin Quliyev özününküləşdirdi deyə, orada şərait yaratdılar, ancaq Uryanobaya baxan olmadı. Başqa çıxış yolumuz olmadı, orada nə məktəb, nə yol, nə su vardı. Yaşamaq mümkün olmadığından Dağıstana gəlməli olduq”.

Ana səhifəAraşdırmaAzərbaycan Dövlət Sərhəd Xidməti rəhbərinin özəlləşdirdiyi kənd