Azərbaycan-İran sərhədi

Mənbə: dsx.gov.az

Başlıq: Azərbaycan-İran sərhədi

Azərbaycan-İran sərhədində atışma: Kiçik çavuş həlak olub

Məqalə yeniləndi:  10 Mart 2019

Əsgər Vidadi Cəbrayılov isə əlindən yaralanıb

Martın 10-da, saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada kiçik çavuş Səxavət Füzuli oğlu Məmmədov həlak olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkarlanıb və qarşısı alınıb.

“Dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Vidadi Xəlifəqulu oğlu Cəbrayılov əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb,” – məlumatda bildirilir.

Bundan sonra sərhədi pozan şəxslər geri qaçıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general- polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gedib.

Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisinin əmri ilə kiçik çavuş Səxavət Məmmədov (ölümündən sonra) və əsgər Vidadi Cəbrayılov xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar.

Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9b0p1b

Ən çox baxılan