Azərbaycan Nizami Gəncəvidən insan haqlarının təbliği üçün istifadə edir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq mükafatına layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq mükafatına layiq görülüb

Forumda bir çox ölkənin hökumət və siyasət adamları da iştirak edəcək

Martın 14-də başlayacaq üç günlük Qlobal Bakı Forumu dünyanın bir çox yerindən tanınmış qonaqları salamlayacaq. Forum üçün artıq mövzu da elan olunub: “Yeni xarici siyasət”

Bakı Qlobal Forumlarının təşkilatçısı 2012-ci ildə əsası qoyulan və şair Nizami Gəncəvinin adını daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Mərkəz haqqında məlumat hissəsində mərkəzin əsas məqsədinin müxtəlif xalqlar və mədəniyyətlərarası dialoq, tolerantlıq, eyni zamanda “sülh, ədalət və insan haqlarının” təbliği olduğu yazılıb.

Azərbaycan insan hüquqlarının pozulduğu və jurnalistlərin həbs olunduğu bir ölkədir. “Freedom House” təşkilatı 2018-ci ildə yaydığı məlumatda Azərbaycanda mətbuatın azad olmadığını qeyd edib. “Amnesty İnternational »ın da 2017-2018-ci illər üzrə hesabatında Azərbaycanda 150 şəxsin siyasi motivlərlə həbsdə olduğu bildirilib.

Nizami Beynəlxalq Mərkəzi Prezident Əliyevin maliyyə dəstəyi altında fəaliyyət göstərir. 2013-cü ildə “Asfor” və “Bosfor LD” MMC Diasporla İş Üzrə Dövlət Komitəsindən Cənubi Qafqaz Forumunun işində Mərkəzin Qəyyumlar Şurasının üzvləri və qonaqların transferi ilə bağlı VİP keçidlərin açılması ilə bağlı ümumilikdə 70.000 manat məbləğində elan edilən tenderlərin qalibi olub.

Şirkətin hər ikisi elə tender qalibləri olduqları ildə, yəni 2013-cü ildə qeydiyyatdan keçib. “Bosfor LD” MMC Diaspora Komitəsi tərəfindən elan edilən 109,891 min manat məbləğində altı tenderin qalibi olub. Şirkətin rəhbəri Elman Rəhimov 2012-2013-cü ildə “Bosfor LD” MMC-dən başqa 60-a yaxın şirkət qeydiyyatdan keçirib. 60 şirkətdən 37-si dövlət qurumları tərəfindən elan edilən və ümumi dəyəri 3,551,991 milyon manat civarında olan müxtəlif tenderlərin qalibi olub. 2 il keçdikdən sonra 2015-ci ildə Rəhimov dövlət büdcəsindən vergi yayındırdığına görə həbs edilib.

2016-cı ildə İlham Əliyev Ehtiyat Fondundan 2 milyon manat məbləğində Diasporla İş Üzrə Dövlət Komitəsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cari fəaliyyətinin təşkili və 2017-ci ildə V Qloval Bakı Forumun keçirilməsi üçün pul ayırıb. Bundan əlavə, İlham Əliyev 2017-ci ildə Ehtiyat Fondundan birbaşa 800,000 manat, 2018-ci ildə isə 2,500,000 milyon manat məbləğində Nizami Beynəlxalq Mərkəzinə vəsait ayırıb.

Avstriya-Amerikalı beynəlxalq dini azadlıq və insan hüquqları müdafiəçisi Ravvi Artur Şnayer və oğlu Marc Şnayer Azərbaycanın güclü tərəfdarlarındandır

Avstriya-Amerikalı beynəlxalq dini azadlıq və insan hüquqları müdafiəçisi Ravvi Artur Şnayer və oğlu Marc Şnayer Azərbaycanın güclü tərəfdarlarındandır

2017-ci il Noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Nizami Beynəlxalq Mərkəzinin fəaliyyəti mövzusuna da toxunub.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir”.

Keçən il May ayında Nazim İbrahimov Mərkəzin Qəyyumlar Şurasına sədr təyin edilib. İbrahimov sədr təyin olunmamışdan bir ay əvvəl İlham Əliyev tərəfindən Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. İbrahimov 2008-ci ildən Diaspora Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərirdi.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Report.az”-a Nazim İbrahimovun komitə sədri kimi öz vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi üçün uzaqlaşdırıldığını deyib.

“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb,”-Mehdiyev bildirib.

Komitə sədrinin vəzifədən kənarlaşdırılmasından sonra onun qardaşı, iş adamı Sahib İbrahimov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq həbs edilib. Buna baxmayaraq, İbrahimov bir aydan sonra ev dustaqlığına buraxılıb. Onun haqqında məhkəmə işi hələ də davam edir.

Şair Nizami Gəncəvinin yaradıcılığı və tarixi qorumaq üçün 2014-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışı olub. Muzey Nizami Məqbərəsindən bir az aralı məsafədə yerləşir.

2014-cü ildə açılışı həyata keçirilən Muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən monitorlar quraşdırılıb. Heydər Əliyev və İlham Əliyevin Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları da sərgilənir.

Qlobal Bakı Forumlarından əlavə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi digər ölkələrdə də görüşlər təşkil edir və yaxud onları dəstəkləyir. Bundan əlavə 2013-cü ildə mərkəz özünün “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” -da təsis edib. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, vitse-prezident Mehriban Əliyeva və başqaları bu mükafata layiq görülüblər.

2018-ci ildə “Nizami Gəncəvi Beynəlxalq Mükafatı”ın qalibi isə "Appeal of Concience" Fondunun prezidenti, Avstriya-Amerikalı Ravvi və beynəlxalq dini azadlıq və insan hüquqları müdafiəçisi Artur Şnayer olub. Ravvi Artur Şnayerin oğlu Amerikanın yəhudi icmasının rəhbəri Ravvi Marc Şnayer Azərbaycan və Əliyevin siyasətini hər zaman dəstəkləyib. Azərbaycan İsrailin əsas silah alıcılarından biri sayılır. Mediada yayılan məlumata görə, 2016-cı ildə 248 milyon dollar, 2017-ci ildə isə 137 milyon dollar məbləğinda Azərbaycan İsraildən silah alıb.

Ravvi Marc Şnayerin sözlərinə görə, müsəlman və xsirtian yevangelistləri bir araya gətirmək onun əsas məqsədlərindən biridir.
“Azərbaycan İsraili dəstəkləyən müsəlman dövlətdir. Buna görə də, xsirtian yevangelistlər və müsəlmanlar

arasında barışıq prosesinə başlamaq üçün Azərbaycan ən yaxşı ölkədir”. O, bu sözləri “Jerusalem Post”-a müsahibəsi zamanı deyib.

Bu il baş tutacaq Qlobal Bakı Forumda çıxış edəcək qonaqların siyahısı www.worldacademy.org - saytında dərc olunub. Saytda forum zamanı iştirakçılar siyahısında: İlham Əliyev, Əfqanıstanın prezidenti Əşrəf Ghani, Albaniyanın prezidenti İlir Meta, Harvard Universitetinin professoru Jeffrey Sachs, Latviyanın keçmiş prezidenti Vaira Vike-Freiberga, Polşanın keçmiş prezidenti Aleksander Kwasniewski, Finlandiyanın keçmiş prezidenti Tarja Halonen, Çinin Xarici İşlər Nazir müavini Wu Hailong, Amerikanın insan haqları üzrə fəal və ABŞ-ın keçmiş prezidenti John.F Kennedinin qardaşı qızı Keri Kennedi göstərilib.

Xanım Kennedi ömrünün 30 ilini hüquqların və ədalətin qorunmasına həsr edib. Onun sözlərinə görə, o, xüsusilə də məhbusların istismarına köklənib. Hal-hazırda isə xanım Kennedi Nizami Beynəlxalq Mərkəzinin idarə heyətində rəhbərlərdən biridir.

Kennedi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı ünvanlanan electron məktuba hələ də cavab verməyib.

Ötən il dekabrın 21-də ABŞ-ın dövlət katibi Mayk Pompeo İranlıların Yalda bayramını təbrik edən zaman Nizami Gəncəvidən sitat çəkərək onu fars şairi kimi təqdim edib.

Sitat:

“Hər ümidsiz işdə xeyli ümid var, Qaranlıq gecədən ağ səhər doğar”.

Ola bilər ki, bu sitat həm konfrans zalında, həm də həbsxanada daha inandırıcı səslənir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8t58l7

Ən çox baxılan