None

Mənbə: 

Azərbaycanın ən güclü qumarbazı İlham Əliyevin bibisi nəvəsidir

Rəfiqə Əliyevanın nəvəsi peşəkar 66 poker turnirlərindən toplam 2,636,628 milyon dollar qazanıb

Heydər Əliyevin bacısı Rəfiqə Əliyevanın nəvələrindən biri turnirlərdə iştirak edən peşəkar poker oyunçusu, qardaşı isə borc agentliyinin rəhbəridir. Heydər Əliyevin digər qohumları isə restoranlar, otellər idarə edir, İT həlləri və səsyazma studiyalarına investisayalar qoyur və ya əyləncə üçün İngilis polo oyununu izləyir.

Onlar 2003-cü ildə atası Heydər Əliyevin ölümündən sonra prezident seçilən İlham Əliyevin qohumları, atasının qardaş və bacılarının nəvələridir. Azərbaycanın hakim ailəsi qədər imkanlı olmasalar da, sosial mediada tez-tez onlarla şəkillər paylaşan qohum Əliyevlərin öz bizneslərini qurmaq və ona sərmayə yatırmaq üçün kifayət qədər pulları var.

Heydər Əliyevin bacısı Rəfiqə Əliyeva 2017-ci ildə vəfat edib. Onun professor qızı Sevinc Hacıyeva 2011-ci ildən ekologiya və təbii sərvətlər nazirinin müavini kimi fəaliyyət göstərən Rauf Hacıyevlə evlidir. Onların böyük oğlu 30 yaşlı Ramin Hacıyev son 2 il ərzində peşəkar 66 poker turnirlərinə qoşularaq toplam 2,636,628 milyon dollar qazanıb. Ən yaxşı qazandığı pul isə bir turnirdən 366,469 min dollar olub.

Qeydiyyat sənədlərində adı olmasa da, Raminin sosial media hesabı göstərir ki, 2015-ci ildə o, “Beer Başa” restoranının açılışı üçün təbrik mesajları qəbul edib. Restoranın biznes idarəetməsi Murad Babayevə aiddir. Babayev eyni zamanda Beat Qrupun rəhbəridir, hansı ki, qrup tanınmış restoranlar, butiklər və mağazaların biznes idarə etməsi ilə məşğuldur.

Həmçinin, “Beat Qrup” Prezidentin qızı Leyla Əliyevanın keçmiş həyat yoldaşı Emin Ağalarovun konsertlərinin təqdimat işlərini də görür. Emin Ağalarov Amerikada 2016-cı ildə oğul Donald Trump ilə Kremlə bağlı bir sıra rusiyalı ilə görüşün təşkilatçısı kimi məşhurdur.

Raminin özündən kiçik olan 28 yaşlı qardaşı Rüstəm Bakıda ilk borc agentliyi sayılan “Bakı Kollektor Agentliyi”də 50 faiz paya sahibdir. Şirkətin keçmiş ortağı “Unibank”ın rəhbəri Eldar Qəribovun oğlu İlkin Qəribov peşəkar poker oyunçusu olmasa da, 2015-ci ildə bir poker turnirindən 1,105,040 milyon dollar qazanıb.

Heydər Əliyevin bacılarından əlavə, 4 qardaşı da var. Onlardan biri torpaqşünas alim kimi tanınan, 1993-cü ildə vəfat edən Həsən Əliyevdir. Onun 83 yaşlı oğlu Rasim Əliyev Azərbaycanda məşhur memarlardan biridir. Türkiyə mediası yazır ki, Rasim Əliyev İstanbulda yeni restoran açmağa hazırlaşır.

Rasim Əliyevin oğlu Comərd Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavinidir. Onun böyük oğlu Nuran Əliyev 2014-cü ildə İngiltərədə “De Beers Jewelers”-in sponsorluğu ilə keçirilən Şəhzadə Uilyamın oynadığı xeyriyyə polo turnirini izləyən 300 VİP qonaqların arasında olub.

Nuran Əliyev 2011-ci ildə Azərbaycanda “Azalt Energy” MMC şirkətini qeydiyyatdan keçirib. Şirkətin fəaliyyəti ilə bağlı iFact.ge məlumat tapa bilməyib. Nuran Əliyev Azərbaycana nisbətən İngiltərədə daha aktiv fəaliyyətdədir.

2012-ci ildə Nuran Əliyev və qardaşı Rasim kapital şirkətlərin inkişafına dəstək üçün “Caspial Capital LTD” şirkətinin əsasını qoyub. Nuran 854,466, Rasim isə 333,048 İngilis funt sterlinq şirkətə sərmayə qoyub.

Rasimin bir müddət rəhbərlərindən biri olduğu “İconic Mobile” hər üç ölkədə: İngiltərə, Rusiya və Azərbaycan İT məsləhət xidmətləri təklif edir, 2014-cü ildə Rasim İngiltərədəki şirkətin rəhbəri və ortağı olub. Buna baxmayaraq, o, bir il sonra işdən ayrılıb. (İconic Mobile Azərbaycanın hansı fəaliyyətlə məşğul olduğu məlum deyil).

İngiltərədəki “İconic Mobile”2014-cü ildə AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun oğlu Urxan Seyidovun 20,000 min manat qrantın qalibi olduğu layihəyə texniki dəstək göstərib. “İconic Mobile” 2017-ci ildə İngiltərədə fəaliyyətini dayandırsa da, Rusiyada fəaliyyət göstərməkdə davam edir.
Nuran Əliyev “Caspian Capital Limited” şirkəti vasitəsilə İngiltərədə “Work Angel Technology” informasiya texnologiyaları fəaliyyəti ilə məşğul olan mobil platforma şirkətində 390,088 paya sahib olub.

Martın 1-i 2016-cı ildə Nuran da daxil olmaqla şirkətin digər beş direktoru istefa verib.

2013-cü ildə Nuran bir gün ərzində “Grill Market LTD” və “Grill Market Chelsea LTD”-ni idarə edən restoran şirkətin direktoru olsa da, elə həmin gün istefa verib. Bundan sonra, o, şirkətə “Caspian Capital Limited” vasitəsi ilə sərmayə qoyub. Sonuncu sərmayə 2017-ci ilə qədər davam edib.

Onun qardaşı Rasim Əliyev keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun qızı ilə ailə həyatı qurub. O, 2014-cü ildə Bakıda “Salut Payments” MMC adlı şirkəti qeydiyyatdan keçirib. Bundan 3 ay sonra şirkət İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan 20,000 min manat dəyərində olan qrantın qalibi olub. Layihə haqqında qısa məlumatda bildirilir ki, “Salut” Azərbaycanda sıfırdan inkişaf etdirilən ilk mobil ödəniş platforma layihəsi olub. Mobil cihazlar üçün müvafiq proqram təminatının hazırlanmasına görə layihəyə pul ayrılıb.

Heydər Əliyevin digər qardaşı - 2016-cı ildə vəfat edən Cəlal Əliyev deputat və biznesmen kimi tanınıb. Mediada yazılanlara görə, Cəlal Əliyevin ölümündən sonra mirası: qida və geyim şirkətləri təkcə qızı olan İzzətxanım Cavadovaya keçib.

38 yaşlı İzzətxanım Cavadova energetika nazirinin müavininin oğlu ilə ailəlidir və İngiltərədə yaşayır.

Qeydiyyat sənədlərində İzzətxanım Cavadova Cəlal qızının adına Bakıda “Qız Qalası” və “Azəri” otelləri qeyd olunub. 2015-ci ilə qədər “Azəri” otel qonaq evi kimi fəaliyyət göstərib.

Təmirdən sonra “Azəri” otelin adı “Jireh” adına dəyişdirilib. Bundan sonra otelə Bakı ətrafında lüks mənzillər əlavə edilib. “Jireh” eyni zamanda üç ölkə: İran, Azərbaycan və Gürcüstan üzrə ixtisaslaşan turizm agentliyi kimi də fəaliyyət göstərir. 2017-ci ildə “Jireh” otel Tbilisidə də açılıb. Amma Cavadovanın adı qeydiyyat sənədlərində yoxdur.

Cavadova eyni zamanda İngiltərə və İspaniyanın İbiza adasında “Love the Underground Records LTD” qeydiyyatdan keçirib. 2014-cü ildə İngiltərə qeydiyyat sənədlərində göstərilir ki, şirkət səs və musiqi yazma şirkəti kimi fəaliyyət göstərib.

Sənədlərə görə, İngiltərədə şirkət birinci il 975,821 İngilis funt sterlinqi itirib bundan sonra bu rəqəm 2016-cı ildə 1,470,335 milyon İngilis funtuna qalxıb. 2017-ci ildə şirkət fəaliyyətini dayandırıb.

Heydər Əliyevin digər qardaşı Aqil Əliyev professor olub. Onun oğlu İlqar Əliyev bir vaxtlar Azərbaycanda prokurorluqda fəaliyyət göstərib. Mediada yazılanlara görə, onunla bağlılığı olan “Riyad-Farm” şirkəti Beynəlxalq Banka olan borca görə 2015-ci ildə bağlanıb.

Heydər Əliyevin digər qardaşı Hüseyn Əliyev xalq rəssamı kimi tanınır. Onun nəvəsi Ədalət Əliyev Lider TV-in rəhbəridir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bv19ud

Ən çox baxılan