AzTV sədrinə sui-qəsddə təqsirləndirilənlər ümumilikdə 51 il iş aldı

Bir nəfər isə azadlığa buraxılıb

Source:


Bir nəfər isə azadlığa buraxılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə ittiham olunan dörd nəfərin məhkəməsi başa çatıb. İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə 51 il azadlıqdan məhrumetmə cəzası verilib, biri isə azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov 18, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov 16, Aqşin Hüseynov isə 1 il 4 ay azadlıqdan məhrum edilib. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.

Üç nəfər Alışanov və yaxınlarına qarşı sui-qəsddə ittiham olunsa da, Aqşin Hüseynov isə ancaq qanunsuz silah saxlamada təqsirləndirilirdi.

Təqsirləndirilən şəxslər hökmə sərt reaksiya veriblər, məhkəmənin ünvanına təhqirlər səsləndiriblər.

İyulun 20-də hökm elan olunmamışdan əvvəl Ş.Əkbərov son sözünü deyib. O, Alışanovun törətdiyi qətlin şahidi olduğuna görə şərləndiklərini bildirib:

“Arif Alışanov vəzifəsindən, adamlarından istifadə edib məni həbs elətdirdi. Çünki onun törətdiyi qətlin əsas şahidi mənəm və məni zərərsizləşdirmək lazım idi. Mən Arif Alışanovu 2007-ci ildən tanıyıram. Deyir ki, 4-5 milyonunu mənimsəmişəm. Adam 50-100 min verər, görəndə ki, aldanır, daha verməz də. Bu, mənə niyə 40-50 dəfə pul verib? Hər dəfə özü gəlib torpağa baxırdı, bəyənirdi, sonra sürücüsü ilə pulu göndərirdi”.

Ş.Əkbərov deyir ki, A.Alışanovun təkcə ona məlum olan əmlaklarının dəyəri 70-89 milyondur:

“Sağlığına qismət, bizdən nə istəyir? Mənim həbsimdən sonra həyat yoldaşımı zorla, hədələyib notariusa aparıb, bizimkiləri də ələ keçirib. Mən mal-heyvan, toyuq-cücə saxlayıb o evi, maşını almışam. Mən 1979-cu ildən bizneslə məşğulam, Rusiyadan bəri işləmişəm”.

Ş.Əkbərovun sözlərinə görə, Gəncədə xəstəxanaya aparılanda A.Alışanov zəng edib onu şəhərin icra başçısı Elmar Vəliyevə tapşırmışdı.

Ş.Əkbərov vəkillərindən narazılıq edib: “Bir vəsatətimizi də təmin etdirə bilmədilər. Bu dəqiqə şəkərim 400-ə qalxıb., prokuror deyir ki, mən xəstə deyiləm. Həbsxanada da mənə qarşı təzyiq olub, gah “kars”a saldılar, gah Müalicə Müəssisəsində sistemi qolumdan çıxarıb, məni köçürdülər”.

Ş.Əkbərov məhkəmədən bütün bunların nəzərə alınmasını və ədalətli hökm çıxarılmasını istəyib.

Onun son sözündən sonra hökm elan edilib.

İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov bunun müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Prosesin gedişində M.Namazov bu barədə polisə xəbər verib. Bundan sonra əməliyyat keçirilib və digər dörd nəfər həbs olunub. M.Namazov özü isə məsuliyyətdən azad edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərAzTV sədrinə sui-qəsddə təqsirləndirilənlər ümumilikdə 51 il iş aldı