None

Mənbə: Şəkinin bu kəndindəki yol problemi Sovet vaxtından miras qalıb

Bu kənddə müəllimlər məktəbə qaloşla gedir

Məqalə yeniləndi:  28 Fevral 2019

“Kəndin 2 mindən çox əhalisi var. 2 min insan bərbad yolların əlində əsirə çevrilib. Yağış yağdı, qar yağdı, kənd içinə çıxa bilmirik, rayon mərkəzinə gedə bilmirik. Təsərrüfatla məşğul ola bilmirik. Hər şey gəlib yola dirənir. Bir kənddə sosial vəziyyətini düzəltmək üçün əvvəl onun yolundan başlamaq lazımdır. Görünən odur ki, hökuməti hələ də kəndimizdəki sosial vəziyyət maraqlandırmır”.

Şəkinin Baltalı kəndinin sakinləri Meydan TV-yə yollardan şikayət edirlər. Demələrinə görə, kənddəki yol problem Sovetdən miras qalıb. Bərbad yol kəndlinin həyatını çətinləşdirir.

“Yolsuzluqdan adamlar işlərini itirirlər, uşaqlar məktəbə getmirlər” - Sakinlər

Kənd sakini Məhsəti İsmayılzadə deyir, yolu olmayan kənddə həyat da yoxdur:

“Yol hər şeydir. Məsələn, yol bərbaddırsa, məktəbdə davamiyyət yoxdur, yol bərbaddırsa, kimsə məhsulunu bazara çıxara bilmir. Yol bərbaddırsa, kimsə rayon mərkəzindəki işinə çata bilmir və işini itirir… Yol bərbaddırsa, yağış, qar yağanda tibbi yardıma ehtiyacı olan yataqdaca keçinir. Bir sözlə, 2 minlik əhalisi olan kənd üçün yol hər şeydir. Bizim yollarda palçıqdan addımlamaq olmur. Palçıqda şütüyən maşınlar sürüşüb piyadalara dəyir, adamlar xəsarət alır”.

“Ayaqqabıların üstünə klyonka bağlayıram” - Sakinlər

Kənd sakini Hicran Əliyeva gileylənir ki, yolları yağışda, palçıqda irəliləmək olmur. Məcbur olub yol maşınlarından istifadə edirlər. Bu da baha başa gəlir:

“2-3 manatlıq yolu bəzən 8-10 manata gəlməli oluruq. Çünki sürücü sərnişini düşürəndən sonra gedib maşının altını, təkərini düzəltdirməlidir. Daşlı-kəsəkli yollardır, uşaqlar məktəbə yıxıla-dura gedib gəlirlər. Şəxsən mən qızımın ayağına ayaqqabılarının üstündən klyonka bağlayıram, deyir, ana, belə gəzməyə utanıram. Deyirəm, ana qurban, görürsən ki, yekə-yekə kişilər də belə gəzir. Müəllimə də işə qaloşla gedib gələr? Bizim kənddə belədir”.

Təcili yardım kəndə yetişə bilmir

Kənd yollarının daşlı-kəsəkli olması qışda daha çox çətinlik yaradır. Kəndə təcili yardım maşını yetişə bilmir. Yollar maşınların tez-tez sıradan çıxmasına səbəb olur.

Baltalının 2 mindən çox əhalisi var. Əhali əsasən taxılçılıq və tərəvəzçiliklə məşğul olur. Ancaq yol problemi kənd təsərrüfatı məhsullarının daşınmasına əngəl yaratdığından əhalinin bir qismi əkinçiliyin başını buraxıb.

“Yollar yenidən qurulacaq” Şəkidə yararsız yoluyla tanınan təkcə Baltalı deyil. Rayonun xeyli kəndində bu problem mövcuddur. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, tezliklə yol problem qalmayacaq:

“2019-cu ildə avtomobil yollarının yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulub. Bununla bağlı Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tədbirlər tərtib olunub. Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yolları yenidən qurulacaq”.

Qurumdan bildirilib ki, yenidən qurulacaq yolun uzunluğu 33 kilometrdir. Çınqıl, qara örtük və asfalt-beton örtükdən ibarət bu yol uzun illər istismar olunduğundan və təmirarası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub. Bu yolların təmiri zamanı kəndiçi yollar da düzəldiləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Fevral 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s18jas

Ən çox baxılan