Cahillərin “malı-məli” şəkilçiləri

Totalitar düşüncə tərzi tək hakimiyyətin deyil, deyəsən, bütün millətin canına hopub

Source: Meydan.tv

30 ildir ictimai fəaliyyətlə məşğulam. Bütün bu illər ərzində Albert Eynşteynin bir sərrast ifadəsinin dürüstlüyünə daim heyran olmuşam: “Biliyin hüdudu var, cəhalətin hüdudu yoxdur”.

Həqiqətən, küçələrdə, meydanlarda və iclas otaqlarında ön sıralarda durub-oturub bağıran kütlənin və bu kütləni öz nitqi ilə cuşə gətirən, onu yoğurub-yapan, onun dağıdıcı enerjisindən özü üçün yağlı əppək düzəldən ənənəvi müxalifətin cəhalətinin hüdudu əsla yoxdur.

Həmişə insan fikrinə sayğı ilə yanaşmağa çalışmışam. Kimsə nitqinə başlayanda can atmışam ki, sözünün cövhərini tutum. Lakin elə ki, növbə ənənəvi müxalifət nümayəndələrinə çatır, məyus oluram. Bilirəm ki, onların fikir dünyasında məntiqə yer yoxdur.

Məsələn, Qubad bəy İbadoğlunun dəvəti ilə gəlirəm ADR hərəkatının Qarabağ dinləmələrinə. Mənim üçün maraqlıdır: görəsən bizi, Qarabağ İctimai Şürasının müşkülün incəliklərini bilən dörd üzvünü (həqir bəndənizi, Rasim Ağayevi, Əhməd Əlilini və Arzu Abdullayevanı) bu dinləmələrə dəvət edib hansı fikrimizi dinləyəcəklər, hansı fikirlərinə bizi qonaq edəcəklər? Qubad bəy özü ABŞ-dadır, orada Rutger

Universitetində dərs deyir, lakin iclası canlı yayımda izləyir.

Bəli, iclası açır Ədalət bəy Yusub. Ənənəvi müxalifət xadimlərini yaxşı tanımayan Rasim Ağayevə məlumat verirəm: “AXC hakimiyyəti dövründə təmiz işləmiş üç icra hakimiyyəti başçısı olmuşdusa, biri Ədalət bəydir”.

Zala bir az gecikib daxil olur Tofiq Yaqublu. Rasim bəyə pıçıldayıram: “İkincisi bax bu kişidir”.

İlham bəy İsmayıl rəsmi Qarabağ danışıqlarının mərhələləri və mahiyyəti barədə məlumat verir. Sonra müzakirələr başlayır.

Tibb elmləri doktoru Adil Qeybulla bizim tərəfi danışıqlarda daha sərt olmağa səsləyir. Deyir ki, biz Ermənistana qarşı ərazi iddiaları irəli sürməliyik. Hakimiyyətimiz filan şeyi etməlidir… Tədricən dilxor olmağa başlayıram. Deyəsən, “malı-məli”-nin növbəsi yetişir.

Mövqeyimizi sərtləşdirib kimi qorxudacağıq? Məgər Azərbaycan ordusu Ermənistan Respublikasının ərazisinin 15%-ni işğal edir? Yoxsa əksinə, erməni ordusu 25 ildir oturub Azərbaycan torpaqlarında və bizi vecinə almır?

Bəli, sözü alır tanımadığım Yasəmən xanım. Zərif adına rəğmən bu xanım çox tünd danışır, özünü Türkiyə silahlı qüvvələrinin Ali Baş Komandanı sayaraq mehmedciklərin necə və nə vaxt Qarabağ savaşına qatılmaları haqda qəti fikir söyləyir. Nitqinin sonunda bəlli olur ki, “tək Qarabağ deyil, Zəngəzur da, Göyçə də bizimdir”. Nitqi rəvan və yorğa gedərək gəlir çatır ənənəvi müxalifətin sevimli şüarına: “İlham Əliyev getməlidir!”

A sənə quzu kəsim, yağlı vəzifələrə olan üzvi və ülvi məhəbbətinizin sirrini anlayıram, lakin bilmədiyim bircə məsələ qalır ki, o da niyə, hansı səbəbdən “İlham Əliyev hakimiyyətdən getməlidir”?

Müxalifətin zəka potensialı mövcud hakimiyyətin zəka potensialından daha üstündür? Qulluğunuza ərz edim ki, dinləmələr sübut edir: müxalifətin Qarabağ məsələsində anlayış və biliyi hətta indiki zəkadan qısır hakimiyyətin zəka potensialından qat-qat aşağıdır.

Bəlkə bu müxalifətin arxasında xalq dayanıb? Yox. Dayanmayıb. Vaxtilə dayanmışdı, 1989-cu ilin sonlarında, AXC bəyləri həmin misilsiz inam və ümidləri puç etdilər.

Bəlkə Qərb bu müxalifəti daha çox sevir? Udey, Qərb Xuan Quaydonu elə sevir ki, diri prezident Nikolas Maduro dura-dura Quaydonu Venesuelanın prezidenti elan edir. Bəlkə mənim xəbərim yoxdur, Qərb Əli Kərimlini, İsa Qəmbəri, Qurban Məmmədovu Azərbaycanın prezidenti tanıyıb?

Yox, elə şey yoxdur. İlham Əliyev Qərbin bütün ismarıclarını canla-başla icra etdiyindən Qərb onu prezident kimi tanıyır.

Ə, bəs niyə İlham Əliyev getMƏLİdir? Yasəmən xanımın istəyinə cavab olaraq?

Sözü alır Elçibəyin sevimlisi Pənah bəy. Pənah bəy hamının yadına salır ki, AXC hakimiyyəti vaxtında Qarabağın 57 faizi ermənilərdən alınmışdı. Utandığından demir ki, AXC bəylərinin hakimiyyətə gəlməsi üçün içi Şuşa və Laçın olmaqla tam Qarabağ erməniyə verilmişdi, gethagetdə isə Kəlbəcəri də erməniyə peşkəş etmişdilər. Demir ki, AXC hakimiyyəti nə üçün Pənah bəyin separatçı mövqeyinə görə dəfələrlə dövlətə xəyanətdə ittiham etdiyi Heydər Əliyevi ardınca beş dəfə təyyarə göndərərək Bakıya, ən ali məqama gətirmişdi və bundan sonra Ulu öndər AXC ənənəsini davam etdirərək dübarə beş rayonu erməniyə vermişdi. Demir, lakin yüksək səslə xeyli sayda “malı-məli” şəkilçisinin yer aldığı dəyərli göstərişlərini səsləndirir.

Ənənəvi müxalifətin əksəriyyət təşkil etdiyi iclasların hamısında olduğu kimi bu dəfə də hakimiyyət və külli-Kürreyi-Ərz ittiham edildi. “Biz düşmənə qarşı milli iradəni qoyMALIyıq” kimi dürlü kəlama biçarə Rasim Ağayev bircə sadə cümləsi ilə cavab verdi ki, “hanı o milli iradə? Şüvəlan camaatı bir söz deyir, Buzovna camaatı başqa söz, Maştağa camaatı tam başqa söz…”

Kimdir mənalı sözü qavrayan?

Bəli, bir Qarabağ bilicisi zaldakılara bildirdi ki, ölkəmiz Qarabağda erməni işğalı nəticəsində 800 milyard dollardan artıq ziyana düşüb.

Bir dünya görmüş iştirakçı sülhə və barışa köklənmiş çıxışların qarşısını öldürücü dəlillə kəsdi: “Bir dənə misal göstərin ki, qanla alınmış torpaq sülh ilə qaytarılsın”.

Arzu Abdullayeva çıxışında deyəndə ki, “müharibəyə başlasaq, qələbə qazana bilməyəcəyik”, Pənah bəy coşdu və bağırdı ki, “bəsdir təslimçilik ruhu yaydınız!”

Bundan da mən belə nəticəyə gəldim ki, sabiq Baş nazirə İlham Əliyev Lazım ağanın təşrif buyuracağı və müharibənin lap bu yaxınlarda başlanacağı barədə məxfi məlumatı ötürüb.

Həqir bəndəniz soruşanda ki, “Kim zəmanət verə bilər ki, Azərbaycan müharibəyə başlasa, Rusiya müdaxilə etməyəcək? Kim zəmanət verə bilə ki, Rusiya müharibəyə qarışsa, Azərbaycanı gürcüstanın taleyi gözləməyəcək?”, heç kəs özünə zəhmət verib böylə səfeh suallara cavab vermədi.

Bəndəniz güzəştli sülh nümunəsi kimi Aland muxtariyyətindən söz salanda İlham bəy İsmayıl soruşdu ki, “bəs Azərbaycanın ərazi bütövlüyü çərçivəsində de-fakto müstəqil olacaq Dağlıq Qarabağ erməniləri öz tarix dərsliklərində son müharibə barədə nə yazacaqlar?”

İstədim deyəm ki, Levon Ter-Petrosyandan sitat gətirib yazacaqlar ki, “Azərbaycanda hakimiyyətin Ayaz Mütəllibovdan alınıb Elçibəyə, sonra isə ondan alınıb Heydər Əliyevə verilməsi uğrunda Bakıda çəkişmələr getdiyi bir vaxtda Ermənistan öz tarixi qələbələrini qazanmışdı”, sonra düşündüm ki, ənənəvi müxalifətin bütünə və sənəminə toxunmasam, daha düz olar, dedim ki, “öz tarix kitablarında yazacaqlar ki, biz qəhrəmanlıqla döyüşüb müharibədə qələbə qazandıq, lakin siyasi şərait imkan vermədi ki, tam müstəqil olaq, ona görə Azəbaycanın tərkibində de-fakto müstəqilliyə razılaşmalı olduq”.

Sifətindən anladım ki, cavabım İlham bəyi əsəbiləşdirdi. Anladım ki, Qarabağın işğal altında qalmasına razı olarlar, lakin Stepanakertdə (Xankəndi – red) yaşayacaq Azərbaycan Respublikasının erməni milliyyətindən olan şagirdlərin tarixi Yaqub Mahmudovun deyil, öz dərsliklərindən öyrənməsinə razı olmazlar.

Totalitar düşüncə tərzi tək hakimiyyətin deyil, deyəsən, bütün millətin canına hopub.

Plüralizmə doğru yol görəsən xalqımızdan nə qədər vaxt alacaq?

Ana səhifəXəbərlərCahillərin “malı-məli” şəkilçiləri