Çeçen fəal Titiyevin azad edilməsi tələb edilir

Prokuror Titiyevin 4 illik həbsə göndərilməsini istəyir

Source: google.az

Prokuror Titiyevin 4 illik həbsə göndərilməsini istəyir

“Amnesty İnternational” Rusiya hakimiyyətini çeçen hüquq müdafiəçisi Oyub Titiyevi azadlığa buraxmağa çağırıb. Təşkilat Titiyevin “uydurma" uyuşdurucuya sahib olma ittihamıyla mühakiməsini “ədalətə zərbə" adlandırıb.

London mərkəzli təşkilat bu çağırışı 11 martda Çeçenistanda Titiyevin məhkəməsinin son dinləməsi keçirilərkən edib.

Titiyevin vəkili İlya Novikov “twitter”də bəyan edib ki, prokuror Milana Baitayeva Şali şəhərində məhkəmədən Titiyevi dörd il həbs cəzasına məhkum etməyi istəyib.

Rusiyanın "Memorial" hüquq müdafiə mərkəzinin məlumatına görə, məhkəmə həmçinin Titiyevi 100 min rubl ($ 1,500) cərimə etmək istəyib.

“Amnesty İnternational”ın rusiyalı tədqiqatçısı Natalya Prilutskaya deyib ki, "baxmayaraq ki, bütün sübutlar onun lehinədir, bəraət qərarı gözlənilmir".

Prilutskaya deyib: "Rusiya ədliyyə sisteminin repressiv maşını tam surətlə çalışır və biz artıq bu işdə kifayət qədər gördük ki, Oyubun məhkəmə prosesinin məqsədi ədalət deyil, intiqamdır".

Çeçenistandakı "Memorial"ofisinin direktoru Titiyev 2018-ci ilin yanvarında həbs edilib. Polis onun avtomobilini dayandırdıqdan və avtomobilində müəmmalı şəkildə marixuana aşkar etdikdən sonra saxlanılıb.

Titiyev və həmkarları narkotiklərin avtomobilə öncədən yerləşdirildiyini iddia edirlər və qeyd edirlər ki, bu iş “Memorial”ı illərdir Rusiyayönümlü Ramzan Kadırov tərəfindən idarə edilən Çeçenistandan və Şimali Qafqazın digər yerlərindən çıxarmaq üçün bir cəhddir.

ABŞ, bir sıra Avropa ölkələri, Avropa Parlamenti və Avropa Şurasının insan hüquqları üzrə komissarı Titiyevin həbsini pisləyib və bu məsələ ilə bağlı narahatlığını bildiriblər.

Ana səhifəDünyaÇeçen fəal Titiyevin azad edilməsi tələb edilir