“Çeçen fəalı Titiyevin məhkəməsi jurnalistlərə, hüquq müdafiəçilərinə xəbərdarlıqdır”

Hüquq müdafiə təşkilatları Titiyevin işini siyasi motivli hesab edirlər

Source: Human Rights Watch

Marixuana saxlama ittihamı ilə mühakimə olunan çeçen hüquq müdafiəçisi Oyub Titiyevi müdafiə edən hüquq müdafiəçiləri və hüquqşünaslar deyiblər ki, Titiyevin işi Şimali Qafqazda çalışan bütün jurnalistlərə və hüquq müdafiəçilərinə "xəbərdarlıq" dır.

Çeçenistanda Rusiyanın "Memorial" insan hüquqları mərkəzi ofisinin direktoru Titiyev 9 yanvar 2018-ci ildə narkotik maddə saxlama ittihamı ilə həbs edilib.

Titiyevin vəkili Pyotr Zaikin martın 6-da Moskvada təşkil etdiyi mətbuat konfransında deyib ki, müvəkkili Praqaya getdikdən bir neçə həftə sonra tutulub. Titiyev Praqada insan hüquqları konfransında Çeçenistandakı "gizli həbsxanalar" haqqında hesabat təqdim etmişdi.

Zaikin deyib ki, belə həbsxanalar çeçen səlahiyyətlilərin tənqidçiləri qeyri-qanuni olaraq tutmaq üçün istifadə etdiyi vasitədir.

Zaikinin sözlərinə görə, Titiyevin avtomobilini dayandıranlar yerli polis zabitləri olublar. Bu polislər "gizli həbsxanalarda" fəaliyyət göstərən qrupdur.

Oyub Titiyev
Oyub Titiyev

Polis Titiyevin avtomobilində plastik torbada 180 qram marixuana tapdıqlarını söyləyib. Onun tərəfdarları bu iddiaların saxta və siyasi motivli olduğunu deyirlər.

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin müdir müavini Rachel Denber mətbuat konfransında bildirib ki, Titiyevin işi "insan haqları müdafiəçiləri, jurnalistlər və çeçen səlahiyyətlilərinin istəklərinə uyğun olmayan fikirləri ifadə edən hər kəsə qarşı təqib və hücumlardan biridir".

“Memorial”ın liderlərindən biri Oleq Orlovun sözlərinə görə, Titiyevin həbsi və mühakimə olunması "Memorial və Şimali Qafqazdakı digər insan hüquqları təşkilatlarına qarşı kampaniyadır". O deyib ki, Titiyevin həbsindən günlər sonra Dağıstanda "Memorial"a aid avtomobil atəşə verilib. Qonşu İnquşetiya əyalətinin Nazran şəhərindəki ofisə hücum edilib və Çeçenistanın paytaxtı Groznıdəki ofisi bir neçə dəfə polis tərəfindən axtarılıb.

Ana səhifəDünya“Çeçen fəalı Titiyevin məhkəməsi jurnalistlərə, hüquq müdafiəçilərinə xəbərdarlıqdır”