''Cümhuriyyətin 100 illiyində hara bir dəstə gül aparıb qoyaq?''

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu illiyi ilə bağlı müxalifətçilər Novxanıda yerləşən Rəsulzadənin heykəli önünə toplaşıblar.

“Əliyev rejiminin rəsmiləri də AXC ideyalarından danışırlar. Düz edirsiniz. Amma özünüz nəylə məşğulsunuz, qadınların hüquqlarını pozursunuz, xalqın haqqını tapdalayırsınız. Azərbaycanın istiqlaliyyət tarixinin hansısa məqamında bir vergülünüz var? Yoxdur! Bu gün yaratdığınız Azərbaycanla fəxr etmək olmur”- Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib.

İsa Qəmbər əlavə edib ki, hakimiyyətin Əliyev rejimindən Paşayevlərə ötürülmə prosesi gedir. Paşayevlərin tarixində Mir Cəlal Paşayev nümunəsi olduğunu deyən İ. Qəmbər Əliyevlərdə bu nümunənin olmadığını bildirib.

“Mir Cəlal Paşayevin əsərlərinin birində “bu dəyəri yada satmaram” fikri var. Cənab Əliyevlər və Paşayevlər, yekə-yekə danışmaqla deyil. Azərbaycan tarixinə Mir Cəlal Paşayevin həmin cümləsindən başqa bir vergül belə yaza bilməmisiniz. Hələlik şansınız var (işıq söndürülür)”.

İsa Qəmbər “deyəsən bu söhbət xoşlarına gəlmədi” deyib gülümsəyir.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, cümhurriyyətin 100 illiyi bütün azərbaycanıların yaşadığı ölkələrdə qeyd olunacaq:

"Müsavat Partiyası 2018-ci ili “Cümhurriyyət ili” elan edib və gələn il üçüncü respublikanın qurulmasına çalışmalıyıq. Biz bunun məsuliyyətini dərk edirik”.

O, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsini xatırladaraq onunla bərabər bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edib.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə arzu etdi ki, AXC-nin 100 illiyində media nümayəndələri "Rəsulzadə kimdir" sualını verməsin. "Azərbaycan istiqlalı birmənalı olaraq Rəsulzadənin adı ilə bağlıdır. Rəsulzadə bu dövlətin qurucusudur və ilk dövlət başçısıdır. Dövlət başçılarına olan imtiyazlar ona da aid olunmalıdır".

Demokratik Qüvvələrin Milli Şurasının aksiyası başlayan zaman d ərazidə elektrik kəsilib. Aksiya təşkilatçıları bunu “İlham istefa”, “Gözəl Bayramlıya azadlıq” şüarlarıyla əlaqələndirib.

Enerji bərpa olunandan sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, indiki rejim Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının adını tarixdən silmək xətti götürsə də, bunu bacarmayacaq:

"Əgər qurucu babalar 1918-ci ildə müstəqilliyi elan etməsəydilər, bugünkü müstəqil Azərbaycan olmayacaqdı. Onlar 99 il əvvəl başa düşdülər ki, milli istiqlal o zaman tam olur ki, insanlar da azad olsun. Onlar tarix, keçmiş deyil, hər gün can atmalı olduğumuz gələcəkdir. Qurucu babalar bizə siyasətin çirkin peşə olmadığını təqdim etdilər".

Növbəti dəfə işıq söndürülüb yandırılandan sonra AXCP sədri bildirib ki, sözlərini istənilən halda deyəcəklər.

Daha sonra REAL Hərəkatı M.Ə.Rəsulzadənin abidəsi önünə gəlib. Onlar sədrləri İlqar Məmmədovun azadlığını tələb ediblər.
NİDA Vətəndaş Hərəkatının üzvləri də Cümhuriyyət günündə Rəsulzadəni yad ediblər.

1918-ci il mayın 28-də Milli Şuranın 26 üzvünün iştirak etdiyi iclasda 24 nəfərin lehinə səs verməsi ilə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olunub. Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tswu3p

Ən çox baxılan