Deputat: Bu gün vəkil məhkəmədə heç kimdir

Oqtay Əsədov: ''Vəkil dövlətə və vətəndaşa xidmət etməlidir''

"Vəkildən dövlət məmuru düzəltməyə nə ehtiyac var? Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə lüzum yoxdur”.

Deputat Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zamanı belə deyib.

O bildirirb ki, vəkillərin sayının artmasına şərait yaradılmalıdır:

“Vəkil olmaq istəyən şəxslər həm yazılı test imtahanından, həm də şifahi müsahibədən keçirilir. Əgər namizəd test imtahanından keçibsə, yenidən onun şifahi qaydada yoxlanmasına nə lüzum qalır? Məqsəd onun biliyini yoxlamaqdırsa, müsahibədə veriləcək əlavə sualları da testə daxil edib biliyini yoxlamaq mümkündür. Müsahibədə sadəcə onun nitq qabiliyyəti, davranışı yoxlana bilər. 100 nəfərdən 1-nin nitqində problem ola bilər. Lakin 1 nəfərə görə iki mərhələli imtahan keçirmək doğru deyil. Əgər kimsə yaxşı vəkil olmayacaqsa, insanlar müraciət etməyəcək. Vəkilliyə qəbul imtahanından kəsilənin təkrar imtahan üçün bir il gözləməsi doğru deyil. Bu, işsizliklə bağlı da ciddi məsələdir. Prosesi bu cür mürəkkəbləşdirməyin nə faydası var? Biz nümayəndəlik institutunu ləğv etdik, bunu da doğru hesab etmirəm. Mövcud vəziyyət göstərir ki, vəkilliyə daxil olanların sayının artırılmasına şərait yaratmaq istəmirik. Vəkil hazırlıqsız olacaqsa, kimə nə ziyanı olacaq? Sadəcə müştərisi olmayacaq”.

Fazil Mustafa

Fazil Mustafa

Fazil Mustafa vəkilliyin nüfuzunun artırılmasının da vacib olduğunu deyib:

“Bunun üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.

“Vəkilin savadı yoxdursa, onun müştərisi olmayacaq yanaşması da düz deyil”

Spiker Oqtay Əsədov isə bildirib ki, bu fikir vəkillik institutunu aşağılamaqdır:

Oqtay Əsədov

Oqtay Əsədov

“Biz vəkillik məsələsini niyə belə aşağılayırıq?! İstəyirik ki, savadlı vəkillər olsun. Vəkilin savadı yoxdursa, onun müştərisi olmayacaq yanaşması da düz deyil. Vəkilin işi dövlətə, vətəndaşa xidmət etməkdir. Nə üçün əhaliyə, dövlətə xidmət edən bu şəxslərin işi belə aşağılanmalıdır? Vəkillər savad baxımdan prokurorluqla eyni səviyyədə olmalıdır. Yaxşı imtahan verməyənlər bir il daha hazırlaşmalıdır”.

Aytən Mustafazadə: “Vəkillərdən tutulan vergi çox yüksəkdir”

Deputat Aytən Mustafazadə isə bildirib ki, vəkillik fəaliyyəti ilə məşğul olanlardan tutulan vergi dərəcəsini aşağı salmaq lazımdır. O qeyd edib ki, vəkillər müqavilə üzrə aldıqları məbləğin 35-40 faizi həcmində vergi verirlər.

Müzakirələrdən sonra “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 13-cü maddəsinə dəyişiklik edilib.

Dəyişiklik vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin il ərzində yenidən ixtisas imtahanında iştirak etmək imkanı verir.

Aytən Mustafayeva foto sosial şəbəkə

Aytən Mustafayeva foto sosial şəbəkə

Vəkillərin İxtisas Komissiyası ilə bağlı müddəları özündə ehtiva edən həmin maddənin hazırda qüvvədə olan variantında deyilir:

“İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər”.
Bu maddəyə əsasən, vəkilliyə qəbulla bağlı test imtahanında lazımi balı (60 bal) toplamayan namizədlərin bir il ərzində təkrar imtahan verməsi üçün İxtisas Komissiyasının rəyi tələb olunurdu.

Dəyişikliyə əsasən isə ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.

“Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir”- layihədə qeyd edilir.

Beləliklə, test imtahanından müvəffəqiyyətlə keçmiş şəxslərə bir il məhdudiyyəti tətbiq edilməyəcək. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçə bilməyən şəxslər isə bir il ərzində təkrar imtahan verə bilməyəcəklər.

Qanunda ixtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.

Vəkillər Kollegiyasının vəsaiti ilə bağlı 24-cü maddəyə edilən əlavəyə əsasən isə vəkilin vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/19b3qq

Ən çox baxılan