Diffamasiya məsələsi və Prezidentin fərmanı

Böhtan və təhqirdən, ölkə başçısının ləkələyici ifadələrdən cinayət qanunvericiliyi vasitəsilə qorunması təcrübəsi Avropa Şurasına daxil olan bəzi ölkələrin təcrübəsində də var

Source:


Böhtan, təhqirə görə cəza məsələsi Prezidentin fərmanının işığında

Azərbaycan Prezidenti aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaldı. Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılıb ki, cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim etsin.

Cinayətlərin dekriminallaşdırılması dedikdə, ilk yadımıza düşən böhtan və təhqirə görə mülki məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycanda illərdir davam edən müzakirələridir. Məsələ Azərbaycanın Avropa Şurasına qəbul edildiyi günlərdən gündəmdədir. Böhtan və təhqirə görə, cinayət məsuliyyətinin ləgvi mövzusu ilk növbədə AŞ qarşısındakı Azərbaycanın götürdüyü öhdəliklərdən doğur. Avropa İnsan Haqları Məhkəməsi ifadə azadlığı hüquqi ilə bağlı Azərbaycana qarşı bir neçə qərar da çıxarıb. Böhtan və təhqirə görə, mülki məsuliyyətin müəyyən edilməsinin vacibliyi bu qərarların məzmununda da ifadə edilir. Ən başlıcası, böhtan və təhqirə görə cinayət məsuliyyətinin mövcud olması ifadə azadlığı hüququnun təmin olunması baxımından problemlər doğurur. Bu, ifadə azadlığı hüququndan geniş yararlananalar – jurnalistlər, müxalifgörüşlü siyasi fəallar üçün davamlı olaraq qorxuducu effekt yaradır. Dəyişiklik zərurəti ən çox elə bu məqamdan doğur.

Gerçəklik budur ki, bu mövzunun müzakirəsi 20 ilə yaxın zaman alsa da, məsələ hələ də çözülməmiş qalır.

Böhtan və təhqirə görə, cinayət məsuliyyətinin ləğvi məsələsi 2000-ci illərin əvvəllərindən bu sahədə çalışan vətəndaş cəmiyyəti qurumlarının, əlaqəli rəsmi qurumların diqqətində olub. İndiyə kimi vətəndaş cəmiyyəti qurumları və digər subyektlər azı 4 dəfə böhtan və təhqirə görə, məsuliyyətin dekriminallaşdırılması ilə bağlı müvafiq qanun layihəsi ilə çıxış ediblər.

Təkcə Media Hüququ İnstititu böhtan və təhqirə görə məsuliyyət məsələsini ehtiva edən iki qanun layihəsi hazırlayıb. 2007-2014-cü il aralığında hazırlanmış həmin layihələr deputatlara, parlamentə, əlaqəli qurumlara təqdim edilib. Həmin təkliflərdən biri böhtan və təhqirə görə, cinayət məsuliyyətinin, ümumiyyətlə, ləğv edilməsini, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin məcəllədən çıxarılmasını nəzərdə tuturdu. Həmin təklif paketinə həmçinin, “Diffamasiya haqqında” qanun layihəsi də hazırlanıb daxil edilmişdi. Həmin qanun layihəsi böhtan və təhqirə görə, məsuliyyət müəyyən edən maddələrin məcəllədən çxıarılmasından sonra bu kontekstdə mübahisələrin necə həll edilməli olması məsələlərini tənzimləyirdi.

Fərqli zamanlarda hazırlanmış digər təklif edilən qanun layihəsində isə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələrinin məzmununun dəyişdirilməsi təklif edilirdi. Təklifdə bu əməllərə görə azadlıqdan məhrum etmə cəzasının ləğvi, maddələrin sanksiya hissəsindəki digər cinayət cəzalarının saxlanılması istənilirdi.

Media Hüququ İnstitutu qeyd edilən təkliflərdən əlavə digər vətəndaş cəmiyyəti qurumları ilə birlikdə də 2 qanun layihəsinin hazırlanmasında iştirak etmişdi. Həmin qanun layihəsi təkliflərinin məzmunu da eyni idi – böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması, bu kontekstdə mübahisələrin mülki hüquqi müstəvidə tənzimlənməsi təklif olunurdu.

Böhtan və təhqirə görə, məsuliyyət məsələsini sonuncu dəfə Mətbuat Şurası gündəmə gətirmişdi. Şura 2012-13-cü illərdə Avropa Şurası ilə birlikdə qanun layihəsi təklifi hazırlamış, parlamentə təqdim etmişdi.

Bəhs etdiyimiz bütün qanun layihələri təklifləri ictimai müzakirələr süzgəcindən keçmiş, müzakirələrdə bütün əlaqəli tərəflər, o cümlədən hökumət rəsmiləri də təmsil olunmuşdu.

Təəssüflər olsun ki, yekunda hökumət bu təkliflərə pozitiv məzmunda cavab vermədi. Dedi: “Azərbaycan cəmiyyəti hələ ki, qanunvericiliyə təklif olunan bu dəyişikliklərə hazır deyil”. Hökumətin qeyd edilən mövqeyi ifadə etməsindən 5 ilə yaxın zaman keçib. Bu müddətdə mövzu demək olar ki, təkrar müzakirəyə çıxarılmayıb.

Azərbaycan prezidenti bir neçə gün əvvəl “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Həmin fərmanın 2-ci hissəsi böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması mövzusunu yenidən gündəmə gətirməyə və məsələyə birdəfəlik nöqtə qoyulmasına imkanlar yaradır. Fərmanda yazılır ki, cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlər davam etdirilməli, Ədliyyə Nazirliyi müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində ölkə başçısına təqdim etməlidir.

Böhtan və təhqirlə bağlı məsuliyyət məsələsinin islahat edilməsini həm ictimai tələbat, həm də Avropa Şurası qarşısındakı öhdəliklər, Avropa Məhkəməsinin uyğun presedent hüququ zəruri edir. Bu kontekstdə nələri dəyişmək zəruridir?

Azərbaycanın Cinayət Məcəlləsi böhtan və təhqirlə əlaqəli 3 əməli tənzimləyir. Məcəllənin 3 maddəsi bu mövzu ilə əlaqəlidir. Məcəllənin 147 və 148-ci (habelə 148.1-ci maddə) maddələri mediada (habelə internetdə) böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddələrə görə, ən yüngül cəza 1000 manatdan 1500 manata qədər cərimədir. Ən ağır cəza isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır. Bundan əlavə, Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycan dövlətinin başçısına yönəlik ləkələyici ifadələrin yayılması məsələsini düzənləyir. Həmin maddədə ən yüngül cəza iki ilədək müddətə islah işləri, ən ağır cəza isə beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Azərbaycanın Cinayət Məcəlləsinin qeyd etdiyimiz maddələri davamlı tətbiq edilən maddələr deyil. Böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələr 2011-15-ci illərdə demək olar ki, tətbiq edilməmişdi. Ondan sonrakı illərdə isə davamlı olaraq əsasən, onlayn media təmsilçilərinə qarşı tətbiq edilməyə başlayıb. Ölkə başçısının ləkələyici ifadələrdən qorunmasını nəzərdə tutan maddə isə demək olar ki, ümumiyyətlə tətbiq edilmir, “ölü maddə”yə çevrilib.

Böhtan və təhqirdən, ölkə başçısının ləkələyici ifadələrdən cinayət qanunvericiliyi vasitəsilə qorunması təcrübəsi Avropa Şurasına daxil olan bəzi ölkələrin təcrübəsində də var. Avropa Şurasına daxil olan ölkələrin ümumi təcrübəsi belədir ki, onlardan bir çoxu belə qanunlardan tamamilə imtina ediblər. Bəzi ölkələrdə isə qanunlarda müvafiq maddələr hələ də qalır. Ancaq həmin maddələr 10 illərdir ki, istifadə edilmir, “ölü maddələr”ə çevrilib.

Bütün qeyd edilənlərin yekunu olaraq, Cinayət Məcəlləsinin barəsində danışdığımız maddələrinin ləgv edilməsi, ən azı hər hansı formada islahat edilməsi zəruridir. Yazının əvvəlində də vurğuladığımız kimi, bu, təkcə Azərbaycanın öhdəlikləri ilə bağlı məsələ deyil. İfadə azadlığı hüququ çox vacib hüquqdur, bu hüququn təmin olunmasına nail olmaq demokratik cəmiyyət, ölkə quruculuğunun vazkeçilməz şərtidir. Bu hüquq təmin edilmədikcə, başqa fundamental haqların təmin edilməsi də mümkünsüzdür. Deməli, Cinayət Məcəlləsinin bəhs etdiyimiz maddələrinin islahat edilməsi ən başlıcası, bizim özümüz üçün lazımdır.

Ana səhifəXəbərlərDiffamasiya məsələsi və Prezidentin fərmanı