”Diqlas”ın direktor müavini FHN haqqında fikirlərini dəyişib

FHN-in göstərdiyi xidmət, çəkdiyi əziyyət haqda eşidib, videokadrlarda real mənzərəni seyr edə bilmişəm

Source: Foto: google.az

''Bu, peşəkar jurnalistika prinsiplərinə ziddir''

“Diqlas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov aprelin 3-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları haqqında söylədiyi fikirləri dəyişib.

Aprelin 3-də açıqlamasında

A.Rəhimov

yanğın zamanı FHN əməkdaşlarının yanğını söndürmək əvəzinə şou göstərdiklərini, onların hərəkətlərinin kameralarda əks olunduğunu bəyan etmişdi.

Bundan başqa, A.Rəhimov ticarət mərkəzində yanğın təhlükəsizliyinə əməl olunduğunu, əks halda FHN-nin niyə indiyə qədər buna qarşı tədbir görmədiyini sual etmişdi.

Yerli mediada bu açıqlama tirajlandıqdan və qalmaqal effekti yaratdıqdan sonra A.Rəhimov dediklərini təkzib edərək, günahı ondan müsahibə götürən jurnalistin üzərinə atıb.

A.Rəhimov FHN haqqında pis heç nə demədiyini bildirib.

“Yanğın baş verən gün ölkədə olmamışam. FHN-in göstərdiyi xidmət, çəkdiyi əziyyət haqda eşidib, videokadrlarda real mənzərəni seyr edə bilmişəm. Həmin gün baş vermiş hadisədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının əməyi, şücaətini xüsusi qeyd etmək lazımdır. Onlar əlindən gələni ediblər, yanğının daha da böyüməsini, digər ticarət mərkəzlərinə keçməsinin qarşısını alıblar, insan tələfatının olmasına yol verməyiblər”.

A.Rəhimov hesab edir ki, kimsə bunu bilərəkdən edib:

“Mən “Diqlas”ın bir hissəsinə rəhbərlik edən başqa bir direktorun müaviniyəm. Görünür kimsə media işçilərinə məqsədli şəkildə telefon nömrəmi verib ki, mənə bu cür gərgin vəziyyətimizdə provokativ sual ünvanlasınlar. Sonra mediada yaranan ajiotajla tanış olduqda gördüm ki, dediyim fikirlər kontekstdən çıxarılıb”.

A.Rəhimov birinci açıqlamasında FHN əməkdaşlarını tənqid etdiyi kimi, ikinci açıqlamasında media nümayəndələrini tənqid edib və jurnalistlərə öyüd-nəsihət verməyi, jurnalistikanın peşəkarlıq prinsiplərini də qeyd etməyi yaddan çıxarmayıb:

“Mənim hansısa sözümü kontekstdən çıxarıb dərhal saytlara yerləşdirib, məqaləni başlıq hissəsini şişirdərək təqdim etmək heç də doğru deyil, bu peşəkar jurnalistika prinsiplərinə ziddir. Media nümayəndlərinə tövsiyə edərdim ki, bu cür məlumatları yaymasınlar”.

Martın 26-da Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

Hadisədən sonra Respublika Prokurorluğu Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açıb.

Ana səhifəXəbərlər”Diqlas”ın direktor müavini FHN haqqında fikirlərini dəyişib