”Dirçəliş”dən ”Dünya Azərbaycanlılarının Həmrəyliyi”nə

30 il əvvəl nə baş verdi?

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə


30 il əvvəl nə baş verdi?

Bəli, möhtərəm oxucu, keçən yazılarımda sizi SSRİ DTK-nın Azərbaycan xalqına verdiyi və xalqımızın, mahiyyətinə varmadan, qəbul edib

“Dirçəliş bayramı”

kimi qeyd etdiyi bir irimiqyaslı təxribat-töhfə barədə yazmışdım.

Hansının ki, fəsadları indiyəcən göz önündədir.

Kimsə bu barədə sizinlə mübahisə açmaq istəsə, bircə sual verin: xalq dirçəldimi? Dirçəlibsə, nə üçün bu qara gündədir?

Lakin milli istibdad ideologiyasının sütunları tək “Dirçəli”ə söykənmir. Bu ideologiyanı – avam və bixəbər kütləyə yedizdirilən horranın – başqa tərkib hissələri vardır ki, onlardan ikincisi “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”dür.

1989-cu ilin dekabr ayının 31-də baş vermiş hadisənin rəsmi milli bayram kimi müqəddəsləşdirilməsi qərarını, bu ikinci DTK təxribatını icra etmiş AXC hakimiyyətinin liderləri qəbul etmişdi. Bunun da səbəbi gün kimi aydındır: müqəddəs bayramları təhlil və təkzib etmək ictimai əxlaqa müğayirdir və bu, cidanı çuvalda gizlətməyə çalışanlar üçün çox vacib şərtdir.

Əhvalat vaqe olur 1989-cu ildə. Ümumi mənzərə sentyabr ayında belə idi: AXC təşkilatları bütün Azərbaycanı əhatə edirdi, hər yerdə, kənddə, rayonda, zavodda, poliklinikada, elm və təhsil ocaqlarında Cəbhənin dayaq dəstələri yaranırdı. Cəbhə ildırım sürətilə təşkilatlanırdı. Azərbaycan Kommunist Partiyasının nüfuzu isə qızmar günəş şüalarının altına düşmüş buz parçası kimi əriyib yoxa çıxırdı.

Xalq islahat və Qarabağın müdafiəsini tələb edirdi, AKP isə buna heç cür gedə bilməzdi, zira islahat nomenklaturanın hakimiyyətinin sonu demək idi. Qarabağı müdafiə etmək üçünsə nomenklatura gərək Kremlin üstünə gedəydi, kommunist rəhbərlərdə isə belə təpər yox idi.

1990-cı ilin yazında keçirilməli olan Azərbaycan SSR-nin Ali Sovetinə seçkiləri AKP gözgörəsi uduzurdu. Ali Sovetə seçkləri udacaq AXC milli hökumət quracaqdı və AKP-ni kiçik müxalifət partiyası kimi tam marginallaşdıracaqdı.

Buna heç cür yol vermək olmazdı. Nə etməli?

Seçkiləri pozmalı! Elə bir ictimai ab-hava yaratmalı ki, belə şəraitdə demokratik seçkidən söhbət belə mümkün olmasın!

Seçkilərin mümkünsüzlüyü üçün geniş miqyasda iğtişaşlar törənməli, ictimai asayiş kütləvi pozulmalı, yaxşı olardı ki, qətl ilə müşayiət olunan cinayətlər baş verməli idi.

Bu demokratiyaya, xalqa və Vətənə yad və yaramaz işləri kim görə bilərdi? AKP? Xeyr! AKP dövləti idarə edən samballı partiya şənini qorumalı idi. Bəs kim?

Bu işləri AXC etməli idi! Daha döğrusu, AXC içərisində yuva salmış həyasız və dələduz mafiya və DTK casusları bunu cahil kütlənin əli ilə törətməli idilər.

Ağalarından əmr almış bu cinayətkar və satqın dəstə dərhal işə başladı. İlk əvvəl AXC adından sui-istifadə edən mafiya casusları Vəzirova sadiq raykom katiblərinin devrilməsi əməliyyatına başladılar.

AXC adı ilə dəllallıq edən təxribatçılar raykom katiblərini nə bəhanə ilə devirirdilər? Ən müxtəlif bəhanələrlə: arvadı ermənidir, Qarabağı müdafiə etmir, yerli kadr deyil və sairə.

Qəribədir, indi nə üçün bu bəhanələrlə heç bir icra başçısının üstünə getmirlər? Həm qorxurlar, həm də ağalardan əmr yoxdur.

AXC casuslarının təxribat əməliyyatı Xaçmazda birinci katibin devrilməsindən başladı.

Mən məsələdən necə xəbər tutdum? Leyla Yunusova zəng edib həyəcanla dedi ki, Xaçmazdan Çingiz Fərəcov adlı bir adam ona zəng vurub tələb edir ki, AXC onu birinci katiblikdən devirməsin. Leyla Yunusova deyəndə ki, onun belə işlərə aidiyyatı yoxdur, onu hədələyib deyib ki, “istefa” kampaniyasını saxlamasa, onun tərbiyəsiz qadın olması barədə şayiə yayacaq.

Mən bu rayonla əlaqəsi olan tanışlarımdan qəziyyəni soruşdum. Dedilər ki, rayonda Moskva komissiyası işləyir, “Azərittifaq” sistemində 700 min rublluq yeyinti aşkarlayıblar, cinayətin bir ucu gedib çıxır Mərkəzi Komitənin katiblərindən birinə və bir nazirə, onlar çalışırlar işi dağıtsınlar. Lakin Vəzirovun katib təyin etdiyi Çinciz Fərəcov bina imkan vermir, şahidləri həvəsləndirib deyir ki, qorxmayın, ifadələrinizdən dönməyin, bu mafiozlar tutulacaq. Ona görə əslən ermənistanlı jurnalist Ərşad Əzimzadənin idarəçiliyi ilə Xaçmaz cəbhəşiləri düşüblər birinci katibin üstünə, hər yerdə onu Qarabağa xəyanətdə ittiham edib istefasını tələb edirlər.

Xaçmazda mitinq əməliyyatı onunla nəticələndi ki, birinci katib vəzifədən getdi, şahidlər işarəni anlayıb hamısı əvvəl verdikləri ifadələri dandılar, cinayət işi dağıldı, mafiozlar rahat nəfəs aldılar.

Noyabr ayında adətən İH-nin iclaslarında seyrçi mövqeyi tutan Yusif Səmədoğlu gündəliyə bir məsələ salınmasını təklif etdi. Hamımız maraqla onu dinləməyə başladıq. Yusif qağa nə dedi? İncə məzə hissinin sahibi Yusif bəy dedi ki:

“İş nömrəmə zəng gəlir. Soruşuram kimdir? Qadın səsi salam-əleykdən sonra deyir ki, Zərdabın raykom katibidir. Sizi bilmirəm, amma mən raykom katibi sözünü eşitcək xəyalıma zəhmətkeşlərlə görüşlərdən sonra onların təşkil etdiyi kabablı-araqlı qonaqlıqlar düşür. Deyirəm ki, aleyki-s-salam, dinləyirəm sizi. Deyir ki, mənə də, rəhmətlik atama da böyük hörmət bəsləyir. İstəsəm, atamın şeirlərini əzbərdən bir saat deyə bilər. Hətta mənim də romanımı oxuyub. Deyirəm ki, mənim də tanıdığım və tanımadığım bütün raykom katiblərinə dərin hörmətim var. Deyir ki, sizin Zərdab cəbhəçiləri məni boğaza yığıb. Soruşuram ki, bu, nə söhbətdir? Deyir ki, hər gün bir sürü cəbhəçi dolur kabinetimə, tələb edirlər ki, rayondakı bütün vəzifəli işçiləri işdən azad edim. Onları qəbul etməsəm, hər mitinqdə ağızlarına gələn ədəbsiz sözləri ünvanıma yağdıracaqlar. Deyirəm ki, bu vəzifəli şəxslərin bəziləri mənə yox, mərkəzi təşkilatlara tabedir. Deyirlər ki, heç nə bilmirik, çıxarın bu rüşvətxorları işdən. Deyirəm ki, rüşvət məhkəmə qərarı ilə təsdiqlənən cinayətdir, raykomun qərarı ilə yox. Deyirlər ki, xalq bunu rüşvətxor hakimlərdən yaxşı bilir. Çıxarın onları. Deyirəm ki, yaxşı, mən 50 vəzifəli işçini işdən çıxarsam, kiminlə işləyəcəyəm? Sevincək qarşıma bir kağız qoyurlar ki, bax, bunlarla. Baxıram kağıza, görürəm ki, ad, familiya, vəzifənin adı, hər şey əvvəlcədən düşünülüb. Diqqətlə siyahını öyrənirəm, sonra deyirəm ki, a bəylər, sizin bütün namizədlər vaxtilə vəzifədə olmuş və rüşvətə görə işdən qovulmuş adamlardır. Bəziləri hətta yatıb-çıxıb. Mən bunlarla işləyə bilməyəcəyəm. Deyirlər ki, onda gedirik müddətsiz mitinq çağırmağa, sizin istefanızı tələb edəcəyik. Zərdabın katibinə söz verdim ki, mən bu məsələni İH-də qaldıracağam. Vədimə əməl edirəm və düşünürəm ki, biz Cəbhəni gözdən salan belə əməllərə yol verməməliyik”.

Təbii ki, millətçilər Yusif Səmədoğlunun bu təklifini vecə almadılar. Şəxsən Əbülfəz Əliyevin (Elçibəy – red.) göstərişi və himayəsi ilə həyata keçirilən “birinci katiblərin devrilmə kampaniyası” artıq öz zirvəsinə çatırdı. Vəzirova sadiq, nomenklatura mafiyasına “naxələf” birinci katiblər AXC-nin rayon şöbələri vasitəsilə bir-bir devrilirdilər. Dekabra qədər 16 birinci katib devrilmişdi. Növbə çatdı 17-ci rayona, Cəlilabada.



Cəlilabad qiyamı

Yaşadığım binanın üçüncü blokunda partiya işçisi Ələsgər Qocamanov yaşayırdı. Bilirdim ki, partiya işinə kənd təsərrüfatı elmləri namizədi kimi elmi-tədqiqat institutundan gətirilmişdi. Eşitdiyimə görə, Masallı rayonunun birinci katibi vəzifəsində çalışırdı. Onunla quru salam-əleykdən başqa heç bir söhbətim olmamışdı. Dekabr ayının soyuq günlərindən birində binanın blokundan çıxanda gördüm ki, qonşum evin qarşısında gəzişir. Həmişəki kimi salam verib maşınıma əyləşmək istəyirdim ki, qonşum mənə yaxınlaşdı və dedi ki, mənimlə söhbəti var. Dedim:


-Buyurun, Ələsgər müəllim.

-Mənim sizin təşkilatla problemlərim var. Mən Masallının birinci katibi işləyirdim, bir az bundan əvvəl məni Cəlilabada birinci katib göndəriblər. Mən Masallıdakı işimdən razı idim, lakin partiya intizamı var, hara desələr, oraya da işə getməliyəm. Keçid barədə əmri mənə Vəzirov şəxsən özü verib. Mən tabe olmalıyam. Eşitmisən bəlkə, AXC Cəlilabad şöbəsi keçmiş birinci katib Böyük Ağayevi rayondan zor tətbiq edərək çıxarmışdı. Nə isə, rayona gəlib bütün zəruri partiya icraatını keçəndən sonra AXC rayon şöbəsinin rəhbərlərini görüşə dəvət etdim. Açıq dedim ki, Cəlilabada öz xoşumla gəlməmişəm, Mərkəzi Komitənin qərarını yerinə yetirirəm. Dedim ki, AXC-nin Qarabağ və islahat uğrunda mübarizəsinə böyük rəğbət bəsləyirəm. Hazıram rayon mətbəəsinə tapşırım ki, AXC-nin Məramnamə və Nizamnaməsini siz deyən sayda pulsuz çap etsin və sizə yaymaq üçün versin. Mən göstəriş verəcəyəm ki, AXC fəallarının Cəlilabad ərazisində yerləşən bütün sənaye və kənd təsərrüfatı müəssisələrində zəhmətkeşlərlə görüşüb maneəsiz işləməsinə şərait yaradılsın. AXC-nin rayonun istənilən yerində və istənilən vaxt mitinq keçirməyə hüququ var. Bircə xahişim var ki, mitinqdən bir gün əvvəl mənə xəbər verəsiniz. Mən hazıram cəbhəçilərlə birlikdə Qarabağdakı bizim yaşayış məntəqələri üçün pul, ərzaq və odun tədarük edəm. Onlar mənim bütün bu təkliflərimi dinlədikdən sonra tələb etdilər ki, istefa ərizəmi yazım. Soruşdum onlardan ki, bu tələbin səbəbi nədir? Dedilər ki, Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi mütləq “yerlilərdən olmalıdır”. Mən sizdən xahiş edirəm ki, AXC rəhbərliyi ilə danışasınız. Mən heç cür istefa ərizəsi yazıb səbəb kimi “AXC-nin tələbi” göstərə bilmərəm. Bu tələb həm qanuna ziddir, həm də cəfəngdir”.

Mən qonşuma söz verdim ki, məsələni öyrənəcəyəm. İdarə Heyətində soruşdum ki, Cəlilabadın “kuratoru” kimdir? Sən demə, bu sahəyə Pənah Hüseynov məsul imiş. Mən ona yaxınlaşıb AXC Cəlilabad şöbəsinin fəaliyyətinin təşkilatımızın Məramnamə və Nizamnaməsinə əsla uyğun olmadığını deyəndə Pənah Hüseynov bic görkəm aldı və qətiyyətlə dedi:


-Bəy, bu rayon sizin məsuliyyət dairəsinə daxil deyil, odur ki, mənim işlərimə qarışmayın, özüm bilərəm, nəyi necə edərəm.

Mən dəxi bir söz demədim. Zira mən AXC sənədlərinə istinad edib bu qanunsuzluğa etiraz etsəydim, intizam və sabitliyin vacibliyindən bir kəlmə belə desəydim, həmin andaca bu siyasi dəllal kütlələrin inqilabi özfəaliyyəti, partokratların xəyanəti və xalqın azadlıq uğrunda mübarizəsi barədə danışmağa başlayacaqdı. Xalq artıq bu xadimi yaxşı tanıyır. Lakin onun gənclik arzularını çətin ki, bilə. Bu barədə mənə onun tarixçi həmkarı Vaqif Əsədov danışıb.

Vaqif ADU-nu bitirdikdən sonra Tarixi abidələri qoruyan cəmiyyətdə məsul katib işləyib. Bu cəmiyyətin əksər rayonlarda şöbəsi var idi. Cəmiyyətin əsas işi camaata marka satıb pul toplamaq və bu vəsait hesabına imkan daxilində tarixi abidələri qorumaq idi. Vaqif Sabirabad şöbəsinin işini yoxlamaq üçün rayona gəlir və orada şöbəyə rəhbərlik edən gənc tarixçi Pənah Hüseynov ilə ünsiyyətdə olur. Yoxlama göstərir ki, Pənah yaxşı işləyir, yəni markalar satılır, pul toplanır. Yoxlamanın sonunda Pənah Bakıdan gəlmiş həmkarına qonaqlıq verir. Şərabın təsirindən ona könlündəki arzuları açır.

Nə qədər də ülvi arzulardır! Aspiranturaya girmək, dissertasiya müdafiə etmək, partiya işinə keçmək və pillə-pillə yüksəlib raykom katibi olmaq…

Tale Pənahın üzünə gülüb onu raykom katibi deyil, ölkənin Baş naziri vəzifəsinə gətirdi.

Oxucum, özün fikirləş, taleyin Azərbaycana münasibəti necə idi?

Necə də olursa olsun, həmin bu zarafatcıl tale belə buyurdu ki, AXC İdarə Heyətinin daxilində iş bölgüsü aparılarkən zavallı Cəlilabad rayonu öz külli-əhli ilə keçsin həmin bu laborant Pənah bəyin “kurasiyası”na.

AXC rayon şöbələrinin AKP-nın rayonlardakı Vəzirova sadiq birinci katiblərini iğtişaşlar vasitəsilə devirməsi məsələsini mən İH-də bir neçə dəfə qaldırıb başqa siyasi təşkilatın daxili işlərinə qarışmağın bizim proqram sənədlərinə müxalif olduğunu demişdim. Lakin hər dəfə Əbülfəz Əliyevin və İsa Qəmbərovun başçılıq etdiyi millətçi cinah mənim belə siyasətə son qoymaq barədə təklifimi səs çoxluğu ilə rədd edirdi. Yeri gəlmişkən deyim ki, 20 Yanvar qanlı cəza tədbirindən sonra Qorbaçov bunun əsas səbəblərindən biri kimi AXC-nin 17 rayonda birinci katibi devirməsini göstərmişdi. Deməli, bu katib çevrilişləri o qədər vacib siyasi hadisə idi ki, SSRİ-nin dövlət başçısına da məruzə edilirmiş.

Mən özüm-özümə sual verirdim: “Bu fitnəkarlıq cəhalətdənmi törədilir, yoxsa bilərəkdən, qəsdən?” O zaman da, indi də əminəm ki, bu təxribatı bilərəkdən törədirdilər, zira onların məqsədi vəziyyəti laxlatmaq, mümkün qədər çox qan axıdıb Vəzirovu devirmək idi. Bu alçaq niyyəti həyata keçirmək üçün məsuliyyətsiz, macəraçı və başıboş adamlar cox faydalı idilər.

Cəlilabadda mitinqlər davam edirdi. Qocamanov Mərkəzi Komitəyə ərizə yazıb, ümumiyyətlə, partiya işindən çıxdı.

Həmin vaxt Mərkəzi Komitədə işləyən tələbə yoldaşım mənə nəql etdi: Vəzirov təşkilat şöbəsinin müdirini çağırıb əslən cəlilabadlı olan bir partiya işçisini tapmağı tapşırdı. Təşkilat şöbəsi şəxsi işləri qaldırdı və əslən Cəlilabadın Prişib qəsəbəsindən olan Xeyrulla Əliyevi tapdı…

Bəli, filologiya elmləri namizədi Xeyrulla Əliyev nə vaxtsa Elmlər Akademiyasında işləmişdi. Hündür, ağsaç, mülayim və mədəni Xeyrulla müəllim Mərkəzi Komitədə işlədiyi zaman həm də Yazıçılar İttifaqını himayə edirdi və yaradıcı ziyalılar arasında xeyirxah insan kimi tanınırdı. Nə vaxtsa MK-də bölmə müdiri işləmiş Xeyrulla müəllim dəfələrələ ona raykom katibi işləmək təkliflərini rədd etmişdi. Həmin vaxt isə mədəniyyət şöbəsində təlimatçı vəzifəsində çalışırdı. Vəzirov onu dəvət edib mürəkkəb bir zamanda doğma Cəlilabad rayonuna birinci katib göndərdi.

Təbii ki, Xeyrulla müəllim hadisələrdən xəbərdar idi. Ona görə zəng vurub AXC ilə münasibətləri isti olan görkəmli ədiblərimiz Bəxtiyar Vahabzadəni və Yusif Səmədoğlunu özü ilə Cəliabada dəvət etdi. Ömrü boyu işi-peşəsi yazıçılara yaxşılıq etmək olan bir adama heç bir ədib yox deyə bilməzdi, odur ki, soyuq dekabr günü “Volqa” maşını cənub Cəlilabad şəhərinə Azərbaycanın xalq şairi, milli hisslərin oyanmasında və alovlanmasında müstəsna xidmətləri olan, AXC Ağsaqqallar Şurasının üzvü Bəxtiyar Vahabzadəni və AXC İH-nin üzvü Yüsif Səmədoğlunu ədəbiyyatşünas və partiya işçisi Xeyrulla Əliyevlə birlikdə naməlum sərgüzəştlərə doğru apardı.

Ədiblər də ucundan-qırağından hadisələrin cövhərindən xəbərdar idilər, odur ki, Xeyrulla müəllimdən soruşurlar ki, “Yerlisənmi?” və cavab alırlar ki, “Nəslim bir neçə yüz ildir bu yurdda yaşayır”.

Xülasə, maşın rayon mərkəzinə o anda çatır ki, raykomun binasının önündə AXC-nin mitinqi gedir. Mitinqi yerli cəbhəçilərin lideri, rayon təcili yardım stansiyasının həkimi Miralim Bəhramov aparır. Kütlə Miralim Bəhramovun həyəcanlı hayqırtılarını dinləyir. Dünya qopur, hər şey kəlləmayallaqdır. Dünənə qədər rayonun ağası raykom və onun birinci katibi idi. Camaat raykom binasının önündən keçəndə ehtiyatlı olurdu ki, “birincinin” qəzəbinə tuş gəlməsin. İndisə budur, Xalq Cəbhəsi raykomun önündə mitinq keçirir. Raykomu sayan yoxdur. Mitinqə “Volqa” yaxınlaşır, maşından tanınmış ziyalılar düşür. Axı kim Bəxtiyar Vahabzadəni tanımır? Axı kim atasının kseroks surəti olan Yusif qağanı tanımır? Möcüzələr davam edir. Alqışlar və sevinc… Dünyada nə qədər də möcüzə olarmış! AXC ağsaqqalları və yanlarında ağsaç bir kişi tribunaya qalxırlar.

“Söz verilir xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadəyə!” Alqışlar dayanmır, bəzilərinin gözü sevincdən yaşarır. Azərbaycanda şair elə-belə adam deyil, o, xalqın danışan dilidir! İndi deyəcək!

Bəxtiyar Vahabzadə əvvəl xoş sözlərlə camaatın könlünü alır. Deyir ki, onların tələbləri tamamilə haqlı və qanuni tələblərdir. Əlbəttə ki, birinci katib yalnız və yalnız yerli adam olmalıdır. Mərkəzi Komitə xalqın bu haqlı tələbini eşidib və yerinə yetirib: budur, sizin yerliniz, Cəlilabadın Prişib qəsəbəsindən olan nəcib insan Xeyrulla Əliyev Cəlilabad raykomunun birinci katibi təyin olunub və sizinlə ilk görüşə gəlib…

Bəxtiyar Vahabzadə elə istəyirdi ki, Xeyrulla Əliyevin müsbət xüsusiyyətlərinin təsvirinə keçsin, Miralim Bəhramov onu mikrofonun önündən kənara itələdi və mikrofona bağırdı: -Xəyanət! AXC sıralarında xəyanət! Bəxtiyar Vahabzadə Mərkəzi Komitəyə satılıb! Onlar xalqa xalqın istəmədiyi katibi sırımaq istəyirlər! Xalq bu katibi istəmir! Biz Xeyrulla Əliyevi istəmirik! Rədd olsun Xeyrulla Əliyev! İstefa!

Kütləvi isterika şəraitində heç kim soruşa bilmədi ki, “xalq niyə Xeyrulla Əliyevi istəmir? O ki yerlidir. Məgər biz bunu tələb etmirdik? Görək Bəxtiyar Vahabzadə nə deyəcək?” Xeyr, kütlənin rəhbəri dedi “istəmirik”, deməli, “istəmirik”.

Miralim bəy bağırır:


-Yandırın bu xainlərin kitablarını!

Kütlədən yüzlərlə adam qopub evlərinə cumur. Hansı azərbaycanlının evində sevimli şairimiz Bəxtiyar Vahabzadənin şeirlər kitabı yoxdur? Hansı ailədə onun kitablarını sevə-sevə oxumurlar, onun lirik şeirlərini əzbərləmirlər? Budur onun kitabı! Tonqala! Bəs Yusif Səmədoğlunun kitabları hanı? Necə, onun cəmi bir romanı var? Hekayə və ssenariləri geniş yayılmayıb? Nə etməli? Ata oğula cavabdehdir! Atası Səməd Vurğunun ki, hər evdə bir yox, bir neçə kitabı var! “El bilir ki, sən mənimsən…” Tonqala! Qoy ata xain oğlunun cəzasını çəksin!

Kim dedi ki, Bəxtiyar Vahabzadə və Yusif Səmədoğlu xaindirlər? Miralim Bəhramov özü! Miralim bəy özü dedi!

Budur, raykomun binası önündə aramsız yanan tonqala şairlərin kitabları atılır. Bu cəza bəsdirmi? Əsla yox! Artıq bir neçə vətənpərvər gənc can atır ki, xainlərin özlərinin cəzasını versin. Şəxsən Miralim Bəhramovun özünün xain adlandırdığı şairlər nə üçün də döyülməsinlər? Onları möhkəm əzişdirmək savab işdir.

Bir ovuc fədakar kənd müəllimi iki görkəmli ədibi zor-bəla xilas edib maşına əyləşdirir, maşın Bakı səmtində yerindən götürülür.

Bəs ədəbiyyarşünas və partiya işçisi, yerli kadr Xeyrulla Əliyev haradadır? Onun bəxti gətirməyib. Vətənpərvər cəbhəcilər artıq linglə onun başinı yarıblar, onun ağ saçlarından al qan axır, kişi huşunu itirib. Eybi yox, indi biz onu tonqala atarıq, bir az qovrulub oyanar! Atın onu alovlanan avtobusun içinə, qoy yansın… Kişinin əllərindən və ayaqlarından tutub yelləyirlər ki, yanan avtobusun içinə atsınlar…

Xeyrulla müəllimin bəxti, nəhayət ki, gətirir. Yerli seyid, özü də ağırlarından, işə qarışır. Ərəb Məhəmmədin nəslindən olan türk seyid əlini qaldırır, min illik tərbiyə ilə canlara hopmuş itaət vərdişi işə düşür, hamı ayaq saxlayıb peyğəmbər nəslinin tam səlahiyyətli nümayəndəsini dinləyir:

“Siz nə edirsiniz, müsəlmanlar?! Siz günaha batırsınız! Müsəlman da müsəlmanı yandırarmı?” Seyidin sözlərindən belə çıxır ki, müsəlman olmayanı yandırmaq olar, amma qızışmış camaat belə filoloji təhlillərə varmır, yalnız onu anlayır ki, Xeyrulla Əliyevi yandırmaq günahdır. Günahdır? Neynək, qoy yaşasın, başının dəmir linglə yarılması bəsdir.

Cəbhəçi və qeyri-cəbhəçi bəylər Xeyrulla Əliyevin əllərini və ayaqlarını boşlayırlar, fədakar həkimlər yaralını kütlənin caynağından qoparıb maşına əyləşdirir və aradan çıxarırlar.

Lakin xalq öz qələbəsini qeyd etməlidir axı? Kütlə raykom binasına hücum edib onu darmadağın edir. Raykom binası viranə qoyulur. Kütlə sonra hücum cəkir rayonun milis idarəsinə.

Budur, bir aylıq Dağlıq Qarabağa ezamiyyətdən qayıdan milis nəfəri öz doğma rayonuna gəlib, idarəsinə yaxınlaşır. Cəlilabadlı milis nəfəri düşünür:

“Sabah yerlilərimə danışaram, necə bir tapança ilə yüzlərlə erməni quldurunun mühasirəsində kəndlərimizin keşiyində durmuşdum, qorxmamışdım, əziyyətlərə qatlaşmışdım… Bu nədir, camaat hara qaçır?”

Camaat qaçıb çatır milis nəfərinə və başlayır onu vəhşicəsinə döyməyə. Döyüb şil-küt eləyir və keçir milis idarəsinin binasına. Ona od vurub yandırır.

Xalq hərəkatı geniş vüsət alıb. Qələbə ardınca qələbə. Yanan binalar və döyülən insanlar Miralim bəyin və onun igidlərinin hirsini deyəsən bir balaca soyudub. Miralim bəy AXC-nin rayon şöbəsinin qərargahına yönəlir. Kütlə sürü kimi onun ardıyca gedir. Miralim binaya daxil olur. Pərəstişkarlar çöldə qalır. Hamı ruh yüksəkliyi ilə xalqın misilsiz qələbəsini müzakirə edir. Birdən AXC Cəlilabad şöbəsinin İdarə Heyətinin bir üzvü binadan bayıra çıxır və qəzəblə qışqırır:


-Sakit! Hamı sussun! Miralim bəy telefonla Marqaret Tetçerlə danışır!

Kütlə qorxudan və ehtiramdan susur. Miralim bəy Cəlilabad əhlinin yaratdığı mütləq sükut şəraitində Böyük Britaniyanın və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət İkinci Yelizavetanın Baş naziri baronessa Marqaret Tetçer ilə danışır…

Hansı dildə? Hansı telefonla? Belə səfeh suallar qızmış başlara girə də bilməzdi. Axı indi möcüzələr zamanıdır. Danışır. İki birinci katibi devirəndən və birinin başını linglə yarandan, Bəxtiyar Vahabzadəni və Yusif Səmədoğlunu rayondan qovandan, raykomun binasını viranə qoyandan və milis idarəsinin binasını yandırandam sonra baronessa Marqaret Tetçerlə danışmağa nə var ki…

Cəlilabad iğtişaşı partokratlara bəhanə verdi ki, 1990-cı ilin yazında keçirilməsi nəzərdə tutulan seçkilər üçün Ali Sovetdə hazırlanan Seçki qanununun müzakirəsini təxirə salsınlar.

Lakin Kremlə Azərbaycanda xalq hərəkatına qanlı divan tutmaq üçün katiblərin devrilməsindən əlavə daha samballı cəbəblər lazım idi. AXC içərisində artıq heç bir maneə görmədən cövlan edən DTK casusları öz mafioz ağalarının növbəti göstərişini icrasına girişdilər.


(Ardı var)

Ana səhifəMənim Fikrimcə”Dirçəliş”dən ”Dünya Azərbaycanlılarının Həmrəyliyi”nə