Doğum evinin 26 illik sakinləri

Damımız dəmirdi, yağış yağanda səsindən durmaq mümkün deyil

Source: meydan tv


''Bir uzaq qohumumuz var, gedib onun evində çimirəm''

“Ağdamda o qədər yaxşı şəraitim var idi ki, qoyub gəldik buralara. Yoldaşımı da bu qəribçilikdə itirdim, indi qalmışam tək-tənha. Şəraiti də özünüz görürsünüz. Bu, yaşayış deyil, sürünmək, ölməkdir”.

Ağdamdan olan məcburi köçkün, 77 yaşlı Sahibə Rəhimova belə deyir.

S. Rəhimova 26 ildir Yevlaxın Mal Binəsi kəndindəki köhnə doğum evində məskunlaşıb. Deyir, onların bu vəziyyətindən aidiyyatı qurumların xəbəri yoxdur. Ümumiyyətlə, bir dəfə də gəlib onlarla maraqlanan olmayıb.

“İllərdir burada məskunlaşmışıq. Görün də rütubətdir, şəraitsizlikdir, çətindir. Bir balaca otağım var. İçində həm yemək bişirirəm, həm yatıram, həm də otururam. Qışı soyuq, yayı qaynar olur. Üstü dəmirdir axı”.

image00005.jpeg
Sahibə Rəhimova

Sahibə Rəhimovanın övladı olmayıb. Kimsəsiz olduğunu söyləyir. Deyir, elə bu evdə də tək-tənha yaşayır:

“Pensiya ilə dolanıram. Ona görə də özümə bir şərait qura bilmirəm. Qışda soyuq, yayda isti olur. İçəridə nəfəs kəsilir, durmaq mümkün olmur. Hamam, normal ayaqyolu yox. Bir uzaq qohumumuz var, gedib onun evində çimirəm. Onda da utana-utana. Adam nə qədər onun-bunun qapısında qalar?”

59 yaşlı Kəlbəcər köçkünü Xanım Məmmədova da məktəbli qızı ilə birgə burada yaşayır. Deyir, yoldaşı rəhmətə gedib, övladını tək böyüdür. Nə də imkanı yoxdur ki, özünə bir şərait qura, ev tikə və yaxud ev ala:

“Damımız dəmirdi, yağış yağanda səsindən durmaq mümkün deyil. Yayda da elə qızır ki, içəridə istidən durmaq olmur. Qızım məktəblidir, 11-də oxuyur. Bir görün, divarları bəzəyib, şəkillər yapışdırıb ki, bir az abırlı görünsün. Deşikləri, ləkələri, yırtıqları tutmaq istəyib. Ancaq mümkün deyil? Bir-iki şəkillə tutulacaq dəlmə-dəlik deyil bunlar”.

image00002.jpeg
ev

X. Məmmədova deyir ki, qızını həftəsonları dayısıgilə göndərir ki, onların hamamı var, istifadə etsin. Özü isə burada su qızdırmaqla, birtəhər yola verir. Amma bezib, artıq hər şey ona çətin gəlir:

“Yaşa dolduqca adam şəraitli yer istəyir. Heç yerdə də işləmirəm. Çörəkpulu ilə dolanırıq. Onu da birtəhər, çətindir. Nolar, bizə də tikilən evlərdən birini verələr, biz də normal insanlar kimi yaşayaq”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirilib ki, bəli, rayonlarında köçkünlər müxtəlif şəraitsiz, yaşayış təyinatı olmayan obyektlərdə məskunlaşıblar. Ancaq onların köçürülməsi işini icra hakimiyyəti həyata keçirmir:

“Bu işi bölgələrdə də Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi həyata keçirir. Onlara müraciət etsəniz, daha doğru olar. Onlar həmin insanları siyahıya alırlar, sonra həmin ərazidə ev tikiləndə həmin adamları köçürürlər. 26 il ərzində xeyli məcburi köçkün yeni evlərlə təmin edilib”.

image00009.jpeg
Xanım Məmmədova

Qaçqın və Məcburi Köçkünlər üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Meydan TV- yə bildirib ki, məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman Prezident İlham Əliyev və Birinci vitse- prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Dövlət Proqramı və ona edilmiş əlavələrdə göstərilən konkret köçürülmə obyektləri üzrə həyata keçirilir. Bundan başqa, ən qəzalı, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələri ilk növbədə yeni mənzillərlə təmin edilir:

“Bu obyektlər Dövlət Komitəsində yaradılmış işçi qrupu və komissiyanın hərtərəfli və şəffaf araşdırması nəticəsində müəyyən olunur. Mənzillə əlaqədar müraciətlər işçi qrupu tərəfindən araşdırılır, nəticələr komissiyaya təqdim edilir. Komissiyanın rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və müvəqqəti məskunlaşma obyektlərinin köçürülməsi barədə qərar qəbul edilir”.

İ. Mirzəyev əlavə edib ki, regionlarda da məcburi köçkünlər üçün hündürmərtəbəli binalar və fərdi evlərin tikintisi davam edir:

“Yevlax şəhəri ərazisində məcburi köçkünlər üçün yaşayış binaları tikilən zaman qeyd etdiyiniz ünvanda yaşayan ailələrin də köçürülməsi qanunauyğun formada baxılacaq”.

image00010.jpeg
evin içi
image00013.jpeg
dəhliz
image00011.jpeg
ev
image00015.jpeg
Xanım Məmmədova
Ana səhifəBölgəDoğum evinin 26 illik sakinləri