Mənbə: Meydan TV

''Eksperiment qurbanları''

Heç kimin eksperimentinin qurbağası və qurbanı olmayaq!

Bir qurbağa qaynayan suya atılsa, sıçrayıb sudan çıxar. Amma soyuq suya qoyulsa və su tədricən qızdırılsa, təhlükəni hiss etməz, bişərək ölər.

Bu, tədrici baş verən ciddi dəyişikliklərə insanların reaksiya verə bilmədiklərini təsvir edən bir metafordur.

Hələ 19-cu əsrdə Almaniyada aparılmış təcrübələr göstərdi ki, su kifayət qədər yavaş qızdırıldıqda qurbağa sakitcə ölür və yuxarıdakı tezis təsdiq edilir.

Qurbağanı isti su dolu qaba salanda oradan dərhal çıxmağa səy göstərir. Qurbağanın instinktiv proqramı temperaturun kəskin dəyişməsini ciddi təhlükə olaraq qarşılayır və buna görə qurtuluş refleksi işə düşür.

Qurbağanı soyuq su dolu qaba salıb suyu tədricən qızdırdıqda isə qurtuluş refleksi işə düşmür. Əvvəl qurbağa isinən sudan həzz alır. Tədricən suyun temperatu qurbağa üçün təhlükəli həddə çatsa da, vedrədən çıxmağa səy göstərmir, nəhayət, qaynarlaşan su onu öldürür.

Amma qurbağada qurtuluş refleksi yaratmaq olur. Qabda su təhlükəli temperatura çatdıqda qurbağanı başqa bir üsulla qorxudub oradan çıxmağa vadar etdikdə və bunu bir neçə dəfə təkrarladıqdan sonra nəhayət, qurbağada refleks yaranır. Növbəti dəfələrdə süni müdaxilə olmadan da, suyun temperaturu təhlükəli həddə çatanda qurbağa qabı tərk edir. Buna şərtli refleks deyilir. Süni müdaxilə qurbağada qurtuluş refleksinin yaranması üçün şərt olur.

Eksperimentlər heyvanlar üzərində aparılsa da, məqsəd insanları öyrənməkdir(!).

Sual yaranır. Bəs bizdə niyə o refleksdən yoxdur?!

Bu, bilirsiniz bizim hansı halımıza oxşayır? “Bazarda süni qiymət artımı edən işbazlar cəzalandırılacaqlar” deyən məmurların bir müddət sonra özlərinin qiymətləri nəzərə çarpmadan asta-asta qaldırmasına. Bu hal bütün alış-veriş yerlərinə sirayət edir. (aptek, market, shopping mall və s.)

Prezidentin məşhur “yumurta müşavirəsi” yadınızdadır? Hə bax, xüsusi olaraq yumurtanın qiymətinin artımı üçün keçirilən həmin müşavirədən qısa müddət sonra da yumurtanın qiyməti eyni şəkildə qalxdı. Belə nəticəyə gəlmək olar ki, bu eksperimenti xalqımızın başına gətirənlər hətta Prezidenti də saymırlar və onu da dolayı yolla bu eksperimentin içinə salırlar.

Reallıq ondan ibarətdir ki, bizim üzərimizdə istədikləri kimi eksperiment aparırlar və biz də bu eksperimentin ağırlığını hələ də hiss etmirik.

Hələ ki, içində olduğumuz su ilıqdır. Biz də qurbağa kimi gözlərimizi yarıyacan örtüb, ilıq suyun təsirindən xoşhallanmaqdayıq. Tempraturun yavaş-yavaş qalxdığını hiss edə bilmirik. Bir müddət sonra öləcəyimiz heç ağlımıza belə, gəlmir.

Dərimiz də ruhumuz kimi bu duruma alışıb. İçimizdə hətta elələri var ki, abırsızcasına yaltaqlıq edərək, bizi bu su qabına yerləşdirənlərə təşəkkür edirlər ki, “Allah bizim ömürümüzdən kəsib, sizin ömürünüzə calasın! Nə yaxşı bizi belə su ilə təmin eləmisiniz, sayənizdə doyunca üzür və isti suyun ləzzətini duyuruq…”

Bu yaxında ABŞ-da yaşayan dostumla danışırdım. Azərbaycanda axırıncı dəfə olarkən ona çox pis durumu xatırladan məqamdan danışdı mənə.

Deməli, yadınızdadırsa, 2015-ci ildə, iyunun 1-dən Avropa Oyunları ilə əlaqədar, rayon, həmçinin Sumqayıt və Abşeron qeydiyyatında olan maşınlar Bakıya buraxılmırdı.

Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, paytaxtda ancaq 10 və 90 seriyasından olan avtomobillərin hərəkətinə icazə verilmişdi. Avtomobili 99 seriyalı olanlar arasında da seçim edilir, yalnız paytaxt qeydiyyatında olan nəqliyyat vasitələri üçün yaşıl işıq yandırılırdı.

Həmin vaxt o süni məhdudiyyətə məruz qalan insanlarımız çox əziyyət çəkdilər. Hüquqi aspektdən, o məhdudiyyət birbaşa Konstitusiyaya zidd idi.

Buyurun:

Konstitusiyanın 28-ci maddəsində deyilir:

"Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər..."

Konstitusiya həm də məəyindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq bərabərliyinə təminat verir:

"İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, məəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

ABŞ-da yaşayan dostum deyir ki, mən sizin ölkədə yaşamasam da, o hal mənə çox pis təsir etdi. Ən pis təsir edəni o idi ki, açıq şəkildə haqqı tapdanan insanlar buna heç bir təpki göstərmədilər.

Atam danışır ki, bir müddət öncə avtobusda sürücünün möhkəm səslə musiqi dinləməsinə etiraz edib, onun səsini almasını tələb etmişdi. Sürücü musiqinin səsini aşağı edəndən sonra atamın yanında əyləşən yaşlı kişi ona deyib ki, “ağzına qurban olum, nə yaxşı dedin”. Atam cavab verib ki, “ağsaqqal, bəs sən niyə dillənib, demirsən? Sürücüdən qorxursan? Yeyəcək səni?”

Avtobusda oturmağa görə, yer üstündə dava salanlar sürücünün avtobusu sürətlə idarə etməsinə, salonda siqaret çəkməsinə, musiqini möhkəm dinləməsinə etiraz edə bilmirlər. Ən primitiv haqlarını müdafiə etməyə çəkinirlər.

Ən kiçik çaplı bir məmura öz tapdanmış hüququna görə quru şəkildə fikir bildirib, hüququnun bərpasını tələb etməyən həmin şəxslər baxırsan ki, danışanda çox vaxt “əlinə silah alıb, ermənilərlə vuruşa can atmaqdan” dəm vururlar. Belə süni vətənpərvərliklə əslində özləri özlərini ifşa edirlər.

Bir şeyi anlamalıyıq ki, bizim bu sudan çıxmağımız üçün heç kim “şərtli refleks” yaratmayacaq. Kənardan qurtuluş və müdaxiləyə ümid bəsləmək yerinə, buradan çıxmağa cəhd göstərməliyik. Bu, bizdə alınacaq! Heç kimin eksperimentinin qurbağası və qurbanı olmayaq!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/k1h97l

Ən çox baxılan