Əli Kərimlinin Ağır Cinayətlər Məhkəməsində dindirilməsi tələb edildi

Saleh Rüstəmlinin qardaşı ilə xanımı şahid qismində dindiriliblər

Source:
Saleh Rüstəmov və Əli Kərimli
Saleh Rüstəmov və Əli Kərimli


Saleh Rüstəmlinin qardaşı ilə xanımı şahid qismində dindiriliblər

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəməsi davam edir.

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmə prosesində AXCP sədri Əli Kərimlinin dindirilməsi tələbi səslənib.

Əvvəlcə məhkəmədə S.Rüstəmlinin yaxınları – qardaşı Taleh Rüstəmov və qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmova şahid qismində dindirilib.

R.Rüstəmova bildirib ki, mayın 8-də Gədəbəydən Bakıya gələrkən S.Rüstəmli də onlarla birlikdə maşında olub. Yolda yatdığını və qəfildən səs-küyə oyandığını deyən R.Rüstəmovanın sözlərinə görə, Şəmkir postunun yaxınlığında onların olduğu maşına mülki geyimli polislər hücum ediblər:

“Ayılanda gördüm ki, Salehi maşından düşürdürlər, ətraf polislə dolu idi. Salehi düşürdəndən sonra tələb elədilər ki, onun çantasını da verək. Nə baş verdiyini anlamırdıq. Şoka düşmüşdük. Heç postda olan polislərin bəziləri də nə baş verdiyini bilmirdi. Onlar bizdən soruşdu ki, kimdir bu adam, niyə tuturlar? Cavab verdik ki, Gədəbəyin keçmiş icra başısı Saleh Rüstəmlidi, niyə tutduqlarını, hara apardıqlarını bilmirik”.

R.Rüstəmovanın sözlərinə görə, həyat yoldaşı həmin vaxt mülki geyimlilərdən Salehi hara apardıqlarını soruşub, onlar da “bandotdel”ə cavabını veriblər:

“Amma maşını Şəmkir istiqamətinə sürüb getdilər. Gedəndə postdakı polislərə də dedilər ki, bizi dərhal buraxmasınlar, bir 20 dəqiqə gözləyib, sonra buraxsınlar. Mən xəstə adamam, vəziyyətim pisləşdi, ona görə daha tez buraxdılar”.

R.Rüstəmova bildirib ki, ondan sonra uzun müddət Salehdən xəbər tuta bilməyiblər. Onun sözlərinə görə, S.Rüstəmlinin üzərində narkotik olması barədə əməliyyat məlumatı əsasında Şəmkirdə parkda tutulması barədə yazılanlar yalandır. Onlar Gədəbəydən gələrkən Şəmkirdə heç mağazaya da düşməyiblər.

Taleh Rüstəmov da təxminən eyni məzmunlu ifadə verib. Bildirib ki, Şəmkir postunda qardaşını düşürüb aparandan təxminən 15-20 dəqiqə sonra Bakıya Vidadiyə zəng eləyib. S.Rüstəmlinin Rusiya vətəndaşı olmasını nəzərə alaraq, ondan Rusiya səfirliyinə gedib, bu barədə məlumat verməsini istəyib. Özü də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, olanlar haqda məlumat verib, qardaşının yerini öyrənmək istəyib:

“Ancaq Salehin harda olduğu barədə heç kim bizə məlumat vermədi”.

Daha sonra təqsirləndirilən şəxslərdən Babək Həsənov AXCP sədri Əli Kərimlinin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncə altında ifadələrə imza atdırıldığını deyən B.Həsənov bildirib ki, istintaq təcridxanasına köçürüləndən sonra vəkilinə həqiqətləri danışıb:

“İddia olunur ki, pullar Əli Kərimliyə çatdırılıb. Lakin Əli Kərimli dindirilməyib. Xahiş edirik, dindirilsin”.

Digər təqsirləndirilən şəxslər və vəkillər də vəsatəti müdafiə edib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi 8 fevralda davam edəcək.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmli, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Ana səhifəReportajƏli Kərimlinin Ağır Cinayətlər Məhkəməsində dindirilməsi tələb edildi