ƏLİFBANI BİLƏNLƏR VƏ BİLMƏYƏNLƏR

Mən belə bir taleni qardaş qazax xalqı üçün istəməzdim

Source: Мейдан ТВ

Rusiyaya alqış deyə-deyə Nazarbayev Qərbin neft şirkətləri ilə faydalı əməkdaşlıq əlaqələri qurdu

Nursultan Əbiş oğlu Nazarbayev öz dövlətinə bildiyi və bacardığı tərzdə növbəti töhfəsini verməyə başlayıb. 78 yaşlı qocaman siyasətçi həyatın sonunun labüdlüyünü gözəl anladığından özündən sonrakı Qazaxıstanın varlığı və sabitliyi naminə gərəkli tədbirləri gerçəkləşdirməyə girişib.

Dövlət quruluşunda lazımi islahatları tədricən həyata keçirib: Təhlükəsizlik Şurasının məşvərət funksiyasını sərəncam funksiyası ilə əvəzləyib (özü indi onun sədri olaraq dövlətin ən mühüm işlərini idarə edəcək), icra hakimiyyətinin tədricən və qismən prezidentdən alınıb parlamentə ötürülməsi barədə ictimaiyyətin diqqətini bir o qədər də cəlb etməmiş qanun dəyişikliyini qəbul elətdirib (indi o, hakim Nur-Otan Partiyasının sədri kimi tam əksəriyyət təşkil edən parlament fraksiyası vasitəsilə Nazirlər Kabinetinin işini də nəzarətdə saxlayacaq) və dövlət piramidasının prezidentdən sonra ikinci pilləsinə qızı Dəriqəni seçdirib. Xülasə, hakimiyyətdən elə gedib ki, sanki gedib, fəqət əslində palıd kötüyünə çalınmış mıx kimi ali məqamda qalıb. Öz yerinə təyin etdiyi Qasım Comərd Tokayev elə bir təcrübə və bacarıq sahibidir ki, rəhbərinin çəkdiyi nəqşədən bir qarış belə kənara çıxa bilməz. Bu varis də Nazarbayevin tədarükünü zərgər dəqiqliyi ilə həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən biri idi.

Postsovet məkanına diqqətlə baxanda təsdiq etməliyik ki, Qazaxıstan SSRİ-nin dağılmasından ən az zərər çəkmiş dövlətdir, hərçənd ki, onun başının üstünü almış təhlükələr digər dövlətlərinkindən qat-qat böyük idi. O zaman qlobal geosiyasi məğlubiyyətdən zədələnmiş rus millətçiləri “əzəli” rus torpaqlarının “qondarma” qazax dövlətindən alınması tələbini açıq səsləndirirdilər.

Nazarbayev bunun qarşısını necə aldı? Türkiyədən və NATO-dan yardım istəməklə? Rusiyaya meydan sulamaqla?

Əsla yox. Siyasətin əlifbasının dərin bilicisi çox gözəl anlayırdı ki, nə Türkiyə mücərrəd “türk qardaşlığı” naminə, nə də NATO heç vaxt Qazaxıstanın xətrinə nüvə-raket silahlı Rusiya ilə qarşıdurmaya getməzlər. Bəs Nazarbayev nə etdi? Dahiyanə siyasət yürütdü, Rusiyanın hakim zümrəsinn istəmədiyi və əsla hazır olmadığı postsovet siyasi-iqtisadi birliyinin yaradılmasını hər yerdə və hər münasibətdə təklif və təbliğ etməyə başladı. Yəni elə bir sıx siyasi birlik təklif etdi ki, başı Rusiyanı yağmalayıb bölməyə qarışmış rus hakim zümrəsinə belə birlik əsla lazım deyildi. Lakin belə bir şəraitdə, qazax liderinin Rusiya ilə sıx birləşmə təklifinin hər gün səsləndirdiyi bir anda Qazaxıstana qarşı ərazi iddiaları irəli sürmək tamamilə məntiqsiz bir siyasət görünəcəkdi.

Başqa məsələdir ki, Türkiyəyə və Qərbə çaparaq getməyi öz amalı elan etmiş Azərbaycanı tərbiyələndirib əzmək üçün Qarabağ münaqişəsini körükləyib böyük yanğına çevirmək olardı və bunu etdilər də. Rumıniya ilə siyasi cəhətdən vahid dövlət yaratmağı özünə məqsəd elan etmiş millətçi Moldova hakimiyyətini cəzalandırmaq üçün Dnestryanı Respublikanı ondan qoparmaq olardı və qopardılar da. Dəqiqədə Rusiyaya iki dəfə kəllə atan gürcü millətçilərini cəzalandırmaq üçün Abxaziya və Cənubi Osetiyanı ondan ayırıb “müstəqil” dövlət tanımaq olardı və bunu etdilər. “Ukraina tse Evropa” bağıraraq aramsız hoppanan Ukrayna millətçilərini cəzalandırmaq üçün Krımı və Donetsk-Luqanskı ondan qoparmaq olardı və qopardılar.

Buna bənzər və ehtimal edilən təhlükələrin heç birisi Qazaxıstanın başından bir tük belə əksik etmədi. Nazarbayevin siyasi fərasəti sayəsində Qazaxıstan öz ərazi bütövlüyünü qorudu, onun iqtisadiyyatı rus bazarını itirməyib saxlaya bildi, ordusunu rus silahı ilə sakitcə silahlandırdı, Rusiyanın nəzəri olaraq iddia edəcəyi ərazidə yeni paytaxtını tikdi və xeyli sayda qazaxı oralara köçürdü, rus dilinin hörmətini saxladı, lakin bununla yanaşı gənclərinə ingilis və çin dillərini bizdəkindən daha yaxşı öyrətdi, rus əsilli məmur və işbazları əzizlədi və vaxtı çatanda tədricən yerli kadrlarla əvəzləməyə başladı.

Demək kifayətdir ki, 1988-ci ildə qazaxlar say nisbətində ölkədə azlıqda idilər, indi isə çoxluğa çevriliblər.

Rusiyaya alqış deyə-deyə Nazarbayev Qərbin neft şirkətləri ilə faydalı əməkdaşlıq əlaqələri qurdu. Qərbin iri və mötəbər şirkətləri və maliyyə qurumları Qazaxıstana böyk sərmayə qoyublar. Qazaxıstan 30 ilə postsovet məkanında öz sözü və iradəsi olan samballı bir dövlətə çevrildi və indi tək Rusiya deyil, bütün dünya onu ciddi dövlət kimi qəbul edir.

Bu uğurun sirri nədədir? Nazarbayev siyasətin əlifbasını bilir. Bu əlifbanın isə “A” hərfi deyir ki, ay imperiyadan təzəcə çıxmış cavan dövlət, başını salamat saxlamaq istəyirsənsə, sabiq imperiya mərkəzindən ikiəlli yapış, ona meydan sulama, onun rəqiblərini özünə dost və müttəfiq elan etmə. İmperiyaya lənət oxumağınızın sabiq mərkəz ilə labüd asılılıq münasibətlərindən qurtulmağınıza zərrə qədər müsbət təsiri olmayacaq, lakin bu siyasi lotuluq başınıza böyük müsibətlərin gəlməsi üçün ciddi səbəb ola bilər.

Nazarbayev Gürcüstan, Moldova, Azərbaycan və Ukraynanın millətçi liderlərindən fərqli olaraq imperiyaların dağılma tarixini və təcrübəsini gözəl bilirdi. Bilirdi ki, Britaniya imperiyası dağılandan sonra o sabiq müstəmləkələr ki, Britaniyaya itaət etdilər, onlar gerçək müstəqilliyə keçid dövrünü itkisiz və uğurla keçdilər. O dövlətlər ki, sabiq imperiya mərkəzinə kəllə atdılar, onların hamısı xarabazara döndü.

Nazarbayev görürdü ki, sabiq imperiya mərkəzi Fransa hələ də qoşunlarını həftə səkkiz-mən doqquz Mərkəzi Afrikanın vaxtilə fransız müstəmləkəsi olmuş dövlətlərinə yeridir və bütün demokratik Qərb bunu tam təbii qəbul edir. Görürdü və düzgün nəticə çıxarıb Qazaxıstanın Rusiya ilə sıx münasibətlərinin saxlanmasına və inkişafına səsləyirdi.

Bu zaman siz bilən, Nursultan Əbişeviç kimə qulluq edirdi, rus dövlətinə, ya qazax xalqına? Elə bilirsiniz Qazaxıstanda Rusiyaya düşmənçilik hissi ilə alışıb yanan başdan məfrağ millətçilər yox idi? Var idi, və sizin həqir bəndəniz 1990-1991-ci illərdə Ümumittifaq toplantılarda belə qazax millətçiləri ilə rastlaşanda onların hakimiyyətə gələcəyi təqdirdə Qazaxıstanı gözləyəcək fəlakət barəsində düşünürdü. Yaxşı yadımdadı, onlardan birinin adı Topçubek idi və ruslara qarşı ağzından elə-hey zəhər püskürürdü.

Nazarbayev belələrini avtoritar üsullarla siyasi səhnənin arxasına süpürdü və demək olar ki, heç etdi. Qazaxıstan bundan uddu, ya uduzdu?

Təbii ki, Nursultan və ailəsi, onun yaxın ətrafı və tayfası hədsiz varlandılar. Lakin əziz oxucu, de görək, hansı dövlət başçısı Yusif Sərrac kimi tam təmənnasız hökmranlıq edib? Hansı rəhbər qohumlarını, yerlilərini və yaxınlarını dövlət vəzifələrinə təyin etmədi? ( Sinqapurun Baş naziri Li Kuan Yu istisna olmaqla). Hansı rəhbər “bal tutanda barmaq yalamadı”?

Sizi bilmirəm, mən yalnız ilk bolşevik rəhbərləri (o da ilk dövrdə!), isveçli Olof Palmeni, afrikalı Tomas Sankaranı, uruqvaylı Pepe Muxikanı tanıyıram. Siyahını uzatsanız və məni xəbərdar etsəniz, yalnız sevinərəm.

Nazarbayev öz ölkəsi üçün elə bir tranzit modeli seçib ki, hakim zümrə böyük rəhbərin yoxluğu şəraitində ölkəyə nəzarəti öz əlində sarsıntısız saxlaya bilsin. Gələcəkdə bu zümrə zəmanənin dilini anlayıb zəruri islahatlara ağılla getsə və ölkənin inkişafına nail olsa, deməli, Astana şəhəri Nur-Sultan olaraq qalacaq. Yox, əgər onların fərasəti buna çatmazsa, basıb-yeməkdən savayı heç nə bilməsələr, ölkədə ciddi sarsıntılar başlaya bilər və bunun da zahiri əlamətlərindən birincisi paytaxtın ad məsələsi olacaq.

Necə ki, Stalinqradı Volqoqrad elədilər. Düzdür, heç nə qazanmadılar, hətta xeyli uduzdular, qədirbilməz xalq kimi bütün dünyanın gözündə hörmətdən düşdülər, amma hikkələrini həyata keçirdilər.

Mən belə bir taleni qardaş qazax xalqı üçün istəməzdim. Qoy Astana Nur-Sultan qalsın, kişinin millət və dövlət qarşısında şəksiz xidmətləri var.

Bir də Astana deyiləndə arif adamların yadına Osmanlı xilafəti düşür, Qazaxıstanın Böyük Astanaya nə dəxli?

Ana səhifəXəbərlərƏLİFBANI BİLƏNLƏR VƏ BİLMƏYƏNLƏR