Elmar İmanov: Azərbaycanda film çəkmək çətin, amma cəlbedici məşğuliyyətdir

Elmar İmanov

Elmar İmanov

''Tezliklə növbəti tammetrajlı filmimin istehsalına başlayacağam''

Fevral ayında keçirilən Rotterdam kino festivalında gənc azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi kino tənqidçilərinin (FİPRESSİ) “İlin ən yaxşı filmi” xüsusi mükafatına layiq görüldü. Orta yaşlı ata, ana və oğuldan ibarət ailə daxilində münasibətlər tammetrajlı filmin əsas mövzusunu təşkil edir. Bundan əvvəl rejissorun “Tabutçunun yelləncəyi” qısametrajlı filmi Amerika Kino Akademiyasının tələbə Oskarı ilə mükafatlandırılmışdı.

Rejissor Elmar İmanov Meydan TV-yə müsahibəsində bu məsələlərə toxunub.

- Mümkünsə, bu yaxınlarda Rotterdam kinofestivalında mükafatlandırılan “Mövsümün sonu” filminiz barədə bir az məlumat verərdiniz. Nə qədər vaxta çəkdiniz, ideya necə yarandı?

- Bir hissəsi də dəniz kənarında baş verən münasibətlər dramı çəkmək ideyası “Ayrı-ayrı” (“Torn”) qısametrajlı filmimdə əsas qəhrəmanlardan birinin danışdığı əhvalatdan yarandı. Bu qəmli əhvalat ssenarini yazmağıma təkan oldu. Ssenarini qardaşımla kifayət qədər tez bir zamanda yazıb bitirdik. Çəkilişlər də, demək olar ki, ssenarini bitirən kimi başladı. Bir aya yaxın müddətdə Bakıda çəkdik.

- Bu vaxta qədər çəkdiyiniz bütün filmlərinizdə eyni aktyorları görürük – Rasim Cəfər, Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə. Bu, sizin bir müəllif kimi şərtinizdirmi, yoxsa başqa səbəb var?

- İllərlə tanıdığım aktyorlara işləmək mənə maraqlıdır və təbiidir. Biz hamımız müxtəlif cür, az, ya da çox dəyişirik. Ona görə də daim münasibətlərdə yenilənmə baş verir, xüsusən də, uzun illər görüşməyəndə. Onlarla işləmək mənim üçün böyük şərəfdir və mənimlə işləməyə razılıq verdikləri üçün onlara minnətdaram.

Filmin kollektivi

Filmin kollektivi

- Çəkdiyiniz filmin hansı ölkəni təmsil etməsi, hansı dildə olması sizin üçün nə qədər vacibdir?

- Filmdə hadisələrin harada baş verməsi vacib məsələdir, amma əhvalatın hər hansı bir etnoqrafik çərçivəyə salınması vacib deyil. Mənə elə gəlir ki, “Mövsümün sonu” filmində universal narrativlə Abşeron konteksti arasında balans yaratmağa nail olmuşam.

- Azərbaycandan başqa müxtəlif ölkələrlə - albanlarla, gürcülərlə müştərək çalışmısınız. Təcrübənizə əsaslanıb deyə bilərsiz, ölkəmizdə kino istehsalı sahəsində hansı problemlər, maneələr var və bu problemlər nə qədər ciddidir?

- Azərbaycanda film çəkmək çətin, amma cəlbedici məşğuliyyətdir. Əlbəttə, hələlik əsaslı kinosənaye yaratmaq üçün ləvazimat və texniki baza çatışmır, lakin bəzi dəyişikliklər də var. “Azərbaycanfilm”in rəhbərliyi mənimlə görüşdü və avadanlıq, texniki idarəetmə, o cümlədən assistentlə təmin etdi. Buna görə onlara çox minnətdaram. Azərbaycanda Gürcüstandan daha çox kinoteatr var və onlarda yerli filmlər daha çox göstərilir. Məncə, bu sahədə maneələrin aradan qaldırılmasına yaxşı təhsildən və bunun üçün ədalətli müsabiqənin təşkilindən başlamaq lazımdır.

- Başqa hansı kinolayihələriniz var və onları nə vaxt reallaşdıracaqsınız?

- İndi bizim “Color of may” kinoşirkətimizin də bilavasitə iştirak etdiyi İosif Bliadzenin “Otarın ölümü” filmi istehsal olunur. Mən bu layihədə ssenari müəlliflərindən və prodüserlərdən biri, həm də montajçıyam. Həmçinin tezliklə özümün növbəti tammetrajlı filmimin istehsalına başlayacağam.

- Müasir yerli müəllifləri oxuyursunuzmu? Ümumiyyətlə, ədəbiyyat sizin üçün kino işində mənbə rolunu oynayırmı?

- Əlbəttə, vaxtaşırı azərbaycanlı müəllifləri oxuyuram. Ədəbiyyat filmlərimin yaranmasında rol oynayır, amma daha çox köməkçi roldadır. Ədəbiyyat reallığı dumanlı görməyə kömək edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n3bqkq

Ən çox baxılan