Evi sökülən: Açıq-aşkar deyirlər, pul kimdədirsə, güc də ondadır

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Tahir Abdullayevin aldığı torpaq sahəsinin sənədi olmayıb

Source: meydan.tv



Şəmkir sakini Tahir Abdullayev deyir, məhkəməyə rüşvət verməyib, hakim qarşı tərəfin xeyrinə Qətnamə çıxarıb

“Hakim açıq-aşkar pul umurdu, mən də hər dəfə qulağına eşitdirirdim ki, fəhlə adamam, bir çətən külfətə baxıram, qanun da tərəfimdədir, 24 ildir üstündə ev tikib yaşadığım torpağı məndən heç kim ala bilıməz. 24 ildir mən o torpağa görə vergi ödəyirəm, üstündə tikdiyim evin kommunalını ödəyirəm, sənədlərim var. Ancaq bir daha əmin oldum kİ, pul gücünə hər şey mümkün imiş”.

Şəmkir şəhər sakini Tahir Allahverdiyev Meydan TV-yə danışır ki, 2015-ci ilin sentyabrında şəxsi əmlakı olan evi, həyətyanı sahəsi dağıdılıb, torpaq sahəsi başqasına verilib. Nəticədə ona xeyli mənəvi və maddi zərər dəyib. Ancaq 3 ildən çoxdur ki, səsini eşidən yoxdur.

Evimi, bağımı gözümün qarşısında yerlə-yeksan elədilər

“Hasarımı dağıtdılar, həyətimdə üstündəki meyvələrlə birlikdə xeyli ağacı qırıb yük maşınlarına yüklədilər. Evimi, bağımı gözümün qarşısında traktorun, buldozerin qabağına verib sökdülər. Avadanlıqlarım ayaqlar altına atıldı. Bu 3 ildən çox müddətdə qapısından keçmədiyim idarə, məhkəmə qalmadı. Açıq-aşkar deyirlər ki, pul kimdədir, güc də ondadır,”- Tahir Allahverdiyev deyir.

Tahir Abdullayevin sözlərinə görə, 1989-cu ildən Mehman Abdullayev küçəsindəki 23 saylı evdə yaşayır. 1992-ci ildə evinin qonşuluğundakı torpaq sahəsini tanışı Eyvaz Süleymanovdan satın alıb. Torpaq sahəsinə aid sənədlər əmisi qızı Sürəyya Allahverdiyevanın adına sənədləşdirilib. Elə həmin il torpaq sahəsini daş hasara alıb, içərisində ev tikib, həyətyanı sahədə ağaclar əkib. 24 il evdən istifadə edib, torpaq vergisi, kommunal xərclər ödəyib. 2013-cü ildə yaşadığı ünvana gələn məhkəmə bildirişi sonradan başına gələcəklərin ilk “müjdəçisi” olub.

Məhkəməyə çağıranda bildim ki, evimə əl qoyublar

“Bildiriş gəldi ki, bəs, Hüseyn İsmayılov soyadlı birisi məhkəmədə mənə qarşı iddia qaldırıb. Evim sökülsün, torpağım əlimdən alınıb ona verilsin… Ailəlikcə çaşıb qaldıq ki, bu, nə məsələdir… 24 il əvvəl 6 min rus pulu verib torpaq almışam, ev-eşik, həyət-baca tikib-qurmuşam. Bu kimdir ki, gəlib ev-eşiyimizə əl qoyub?”- şikayətçi danışır.

Hüseyn İsmayılov əvvəlcə 2009-cu ildə Şəmkir Rayon Məhkəməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsinə qarşı idda qaldırıb. İddiasını belə əsaslandırıb ki, 1989-cu ildə Şamxor (Şəmkir) rayon XDS İcraiyyə Komitəsinin qərarıyla ona verilən 5 sot torpaq sahəsi Komitədə səhvən başqasının adına qeydə alınıb. Həmin şəxs vəfat edib. Hüseyn İsmayılov vaxtilə həmin şəxsin adına verilən şəhadətnamənin ləğv olunmasını tələb edib. Məhkəmə iddianı təmin edib, həmin torpaq sahəsinə Hüseyn İsmayılovun mülkiyyət hüquqlarını tanıyıb. 2013-cü ildə Hüseyn İsmayılov yenə məhkəməyə müraciət edib. Bu dəfə o, həmin torpaq sahəsinin üstündəki tikilinin sökülməsini, torpağın boşaldılaraq ona verilməsini tələb edib. Cavabdeh tərəfsə Tahir Abdullayev olub.

Hakim gördü ki, rüşvət vermək fikrim yoxdu

“Beləcə, 5 il əvvəl məni Şəmkir Rayon Məhkəməsinə çağırdılar. Bildirdim ki, mən bu torpağı o vaxt məhkəmədə icra şöbəsinin rəisi işləyən Eyvaz Süleymanovdan əmim qızının adına almışam. Məhkəməyə dəvət edin, gəlsin şahidlik etsin. Üstəlik də, bu adama verilmiş torpaq sahəsi küçənin şərq, mənim torpağım, evim küçənin qərb hissəsindədir. Yerlər üst-üstə düşmür. Hakim məndən pul güdürdü, açıq-aşkar dedim ki, fəhlə adamam, ailəmi zorla dolandırıram, yer də mənimdir, 24 ildir ev-eşik tikib ailəmlə yaşayıram. Axırda gördü rüşvət vermək fikrim yoxdur, iddianı təmin elədi. Halbuki, mən əmim qızının adına olan sənədləri də məhkəməyə təqdim etmişdim, hakim heç gözünün ucuyla da baxmadı. Evim söküləndə iddiaçıya dedim, axı sən özün də yaxşı bilirsən ki, sənin yerin bura deyil, niyə bu haqsızlığa göz yumursan? Niyə tələb etmirsən ki, sənin torpağın hardadır, oranı versinlər sənə?.. Dedi, o tərəfdə də yer yoxdur, tikilib. Mənimçün əsas odur ki, yer olsun, o tərəfdən, ya bu tərəfdən fərq eləmir, əsas odur ki, torpağımı versinlər. Adamı yandıran odur ki, ev-eşiyi söküblər, 3 il yarımdır ki, sahə bomboş qalıb, heç o adam da ortalıqda yoxdur,”- Tahir Abdullayev deyir.

Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Tahir Abdullayevin aldığı torpaq sahəsinin sənədi olmayıb. 1992-ci ildə Nəriman Nərimanov adına sovxozun adından Sürəyya Allahverdiyevaya guya sovxozun işçisi kimi ev tikmək üçün verilmiş sənəd isə saxta olub. Sonradan torpağın sahibi ortaya çıxaraq məhkəmə yoluyla geri tələb edib.

Ana səhifəBölgəEvi sökülən: Açıq-aşkar deyirlər, pul kimdədirsə, güc də ondadır