Goranboylu ailə: Övladlarımız aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir

“İlham Əliyevə belə şeyləri göstərmirlər”

Source:


“İlham Əliyevə belə şeyləri göstərmirlər”

“Biz bəlkə də respublikanın ən kasıb ailələrindən biriyik. 4 uşaq, 2 böyük ayda 55 manatlıq əlil pensiyasının ümidinəyik”.

Goranboy rayonu Nadirkənd kəndinin sakini, 4 uşaq anası Gülər Qəhrəmanzadə belə deyir. Bildirir ki, əvvəl imkanları yaxşı olub. Həyat yoldaşı yaxşı usta imiş. Çalışıb, ailəsini dolandırırmış. Son 10 ildə onun mədə və bağırsağında göbələk xəstəliyi yaranıb. O gün, bu gündür ailənin maddi vəziyyəti ağırlaşa-ağırlaşa gedib. Bir müddət əllərində olanı satmaqla dolanıblar. İndi satmağa da nəsə qalmayıb.

Evimizə ayda 55 manatdan başqa pul girmir

G.Qəhrəmanzadə deyir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, dövlətdən heç nə görməyiblər:

“Müraciət etmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Ünvanlı sosial yardım üçün də müraciət etmişik. Gah deyirlər, düşmür, gah da min bir sənəd tələb edir, işi uzadırlar. Onu da deyim ki, həmin sənədləri toplamaq üçün də pul lazımdır. O da bizdə yoxdur. Gözləməyə isə səbrimiz qalmayıb. Uşaqlarım aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir. Yoldaşımın da həm mədə-bağırsaq göbələyi var, həm də gözdən 3-cü qrup əlildir”.

Nə vaxtacan qonşu 1 vedrə un verəcək, dostlar işıq pulumuzu ödəyəcək

Gülər Qəhrəmanzadə deyir ki, evlərinə həyat yoldaşının əlilliyə görə aldığı aylıq 55 manatdan başqa pul girmir. Onu da bilmir, xəstə yoldaşının iynə-dərmanına versin, yoxsa 4 nəfər məktəbli uşağın geyiminə, yeməyinə, evlərinin kommunal xərclərinə ödəsin:

“Nə vaxtacan qonşu 1 vedrə un verəcək, dostlar işıq pulumuzu ödəyəcək və ya mən anamın üstünə qaçacağam? İnanın, artıq üzümün suyu da qalmayıb, utanıram. Heç yerdən gəlirimiz yoxdur. Buna baxmayaraq, dövlət heç bir kömək etmir”.

Övladlarım möhtac və ehtiyac içində yaşayır

Xanımın həyat yoldaşı Şirxan Ağaməmmədli deyir ki, övladlarının heç kimə möhtac olmaması üçün həmişə əlindən gələni edib. Soyuqda, qarda ev tikib, təmir edib. Heç vaxt işdən qaçmayıb:

“Görürsünüz, mən nə qədər çalışsam da, bacara bilmədim. Bu gün övladlarım möhtac və ehtiyac içində yaşayır. Bir ata kimi bunu görmək mənim üçün ağrılıdır. Bütün əsəblərim korlanıb. Həm canım ağrıyır, həm də şəraiti, yaşayışımızı görəndə ölmək istəyirəm. 4 uşaqdı, özüm də xəstə. Aldığım da 55 manat. Heç dərmanlarımı ödəmir. Uşaqlar məktəbə gedir. Çatdırıb əyin-baş ala bilmirik. Dəftər dolur, qələm qurtarır, almağa 10 qəpiyimiz olmur. Ayaqqabıları yoxdur. İmkansızlığımızı da görürsüz. Evimizin əşyasını da satıb qurtarmışıq”.

Gülər Qəhrəmanzadə
Gülər Qəhrəmanzadə

Nə olar, dövlət bizim əlimizdən tuta, dəstək ola

Ş.Ağaməmmədli deyir ki, iş qabiliyyətini itirməsəydi, onların bu gün nə sosial yardıma, nə pensiyaya, nə də kimlərinsə köməyinə ehtiyacları vardı:

“Nə edə bilərəm ki, xəstələndim. Bəzi şeylər var ki, insanın əlində deyil, qismətmi deyim, talemi deyim, bilmirəm. Uşaqlar günü-gündən böyüyür, ehtiyacları artır. Xəstəliyim isə günü-gündən irəliləyir, müalicə lazımdır. Nə olar, dövlət bizim əlimizdən tuta, dəstək ola. Deyirəm e, amma heç özümün də ümidim yoxdur. İlham Əliyev durub mənim bu dediklərimi nə oxuyandı, nə də bizə kömək edən. Oxusa, edər bəlkə, amma çətin ki, belə şeyləri ona göstərələr”.

Sabah nə yeyəcəyimizə ümidimiz yoxdur

Gülər Qəhrəmanzadə yayda sahələrdə alağa gedir, gündəlik aldığı pulla ailəsini birtəhər vəziyyətdən çıxarır. Ya da qonşuların həyətlərində, evlərində işləyir. Yayda həm də yun yuyur, buradan qazandığı pulla da uşaqlarının məktəb bazarlığını edir. Ancaq qışda ailənin vəziyyəti pisləşir.

Ana deyir ki, rayon icra hakimiyyətinə vəziyyətlərilə bağlı dəfələrlə müraciət edib. “Kəndlisiniz, gedin, əkin, biçin, dolanın”, – cavabını alıb:

“MTK-nın yerində pambıq yığdığıma görə, gətirib bir neçə sot torpaq verdilər. Onu da əkib-becərə bilmirəm. Çünki su, toxum, dərman lazımdır. Bunları almağa pulum yoxdur. Deyirəm, sabah nə yeyəcəyimizə ümidimiz yoxdur, qaldı, xərc çəkib, torpaq əkəm. Əkib-biçən adamam, sadəcə başlamaq üçün maya yoxdur. Əkdiyinin də gərək vaxtlı-vaxtında dərmanını edəsən axı”.

Bütün cehizimi, qızılımı, dəyərli olan hər şeyi satmışıq

G.Qəhrəmanzadə deyir ki, günü-gündən yoldaşının vəziyyəti ağırlaşır. Bununla onların yaşayışı da çətinləşir:

“Aylarla evimdə çörəyim olmur. Dostumuz gəlir 5 manatlıq işığımızı vurur ki, söndürməsinlər. Qazda işləyən qayınımın dostudur, yalvar-yaxar etmişik ki, kəsməyin, qışın günüdür, uşaq var, xəstə var. Borcun 200 manata çatmağına az qalıb. Evdə-eşikdə də baxın, heç nə qalmayıb. Hamısını, bütün cehizimi, qızılımı, dəyərli nəyim varsa, hamısını satmışam. Uşaqların yatmağa yatağı yoxdur, satılıb gedib. Bu soyuğun günündə döşənib yerdən yatırlar. Əlimdə sənədim yoxdur, təhsilsizəm. Barı heyvan versinlər, bəlkə onunla dolanarıq”.

Yağışda, qarda, paltarsız, ayaqqabısız uşaq göndərirəm məktəbə

G.Qəhrəmanzadə deyir ki, bilmir, başı çıxmır. Vəziyyətdən necə çıxacağını düşünə bilmir. Odur ki, prezidentə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. Onlardan ailəsinin düşdüyü çətin durumdan onları çıxarmalarını xahiş edir:

“Əlimizdən tutun, dəstək olun, kömək edin. Biz də Azərbaycan vətəndaşıyıq. Vallah, şəraitim yoxdur, uşaq böyüdürəm. Nolar, bizə kömək edin. Yoldaşımın aldığı pensiyaya əlimizi də vurmuruq, elə iynə dərmanına veririk. Ailəlikcə çox pis vəziyyətdəyik. Yağışda, qarda, paltarsız, ayaqqabısız uşaq göndərirəm məktəbə. Hamısı da əlaçıdır”.

İcra Hakimiyyəti: Bizə müraciət edilməyib, edilsəydi, bilərdik

Goranboy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə həmin ailənin vəziyyətindən xəbərsiz olduqlarını deyiblər:

“Bizə müraciət edilməyib, edilsəydi, bilərdik. Şikayət edirlər ki, müraciət etmişik, amma işimizə baxmayıblar. Onu deyim ki, bura müraciət edən kimsə əliboş geri qaytarılmır. Mütləq kömək edirik, dəstək veririk. Bu ailə üçün də əlimizdən gələni edərdik”.

İcra Hakimiyyətindən ailənin əlaqə nömrələrini götürüb, onlarla əlaqə saxlayıb, kömək edəcəklərini bildiriblər.

Sosial Müdafiə Fondunun Goranboy Rayon Şöbəsindən isə bildiriblər ki, bu barədə yardım şöbəsi ilə əlaqə saxlayacaqlar:

“Həmin ailə həqiqətən bizə müraciət edibmi, əgər edibsə, onlara niyə rədd cavabı verilib, hamısını araşdıracağıq. Biz özümüz ailə ilə də əlaqə saxlayacağıq”.

Ana səhifəBölgəGoranboylu ailə: Övladlarımız aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir