Mənbə: Meydan Tv

‘’Hakimlikdən uzaqlaşdırılmağım özünə sivil deyən ölkənin tarixində qara ləkədir’’

Məqalə yeniləndi:  20 Mart 2019

“Hakimlikdən uzaqlaşdırılmağım özünə sivil deyən ölkənin tarixində qara ləkədir”

Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə görüşdə məhkəmə-hüquq sistemində islahatlara ehtiyacın olduğunu bildirəndən sonra bu sahənin nümayəndələri müxtəlif mülahizələrlə çıxış etdilər.

Müsahibimiz Şükür Məmmədli 1978-2000-ci illərdə Azərbaycanın ədliyyə və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən 2000-ci ilə qədər İsmayıllı Rayon Məhkəməsinin sədri və hakim olub. Şükür Məmmədli ilə məhkəmə-hüquq sistemində islahatları vacib edən məqamın doğurduğu suallara aydınlıq gətirməyə çalışacağıq.

- Şükür müəllim, məhkəmə-hüquq sistemində hansı problemlər var ki, prezident İlham Əliyev məhz mədəniyyət xadimləri ilə görüşdə bu sahədə islahatların aparılmasına ehtiyacın olduğunu söylədi?

- Azərbaycanın məhkəmə-hüquq sistemində çox böyük problemlər var. Bu problemləri prezident birinci növbədə özünə ünvanlanan məktublardan görə bilər. Məhkəmə elə bir sistemdir ki, ədalətli, sərbəst olan ölkələrdə iri siyasi-iqtisadi problemlərdən başqa digər məsələləri həll edir. Amma Azərbaycanda elə vəziyyət yaranıb ki, əhali bütün işləri ilə bağlı prezidentə, Birinci vitse-prezidentə minlərlə, onminlərlə ərizələr yazırlar. Bu, məhkəmələrin öz işlərinin öhdəsindən gəlmədiyinin göstəricisidir və onların fəaliyyəti effektiv deyil. Biz müxtəlif beynəlxalq təşkilatların Azərbaycan məhkəmələrinə verdiyi qiymətləri də xatırlaya bilərik. Yaxud prezidentin kreditlərlə bağlı sərəncamını. Bu məsələni ona qədər Konstitusiya Məhkəməsi etməliydi, ancaq Konstitusiya Məhkəməsi tamamilə ədalətsiz qərar qəbul etdi. Nəticədə prezident qərar verməli oldu. Bunlar Azərbaycan məhkəmələrinin effektiv olmadığını göstərir və məhkəmələrə müraciət edən insnalar öz pozulmuş haqlarını bərpa edə bilmirlər. Ona görə də köklü dəyişikliklər vacibdir.

- Bəs məhkəmə sistemində köklü islahatlar hardan başlamalıdır?

- İslahatlar iki istiqamətdə aparılmalıdır; birinci, qanunvericiliyin təkmilləşdirilməsi, ikinci, kadr dəyişiklikləri. Əgər bu gün birinci instansiyadan Konstitusiya Məhkəməsinə qədər hakimlərin qərarlarından şikayətlər varsa, deməli, vəziyyət köklü dəyişməlidir. Açıq danışmaq lazımdır, çıxarılan bir çox qərar ədalətsizdir, özüm haqqında da belə qərarlar olub. Qanunvericiliyə gələk, sivil dünyada şəxsiyyət əleyhinə olan cinayətlər, təhqir, böhtan, ağır, yüngül xəsarətlər, zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır. Amma Azərbaycanda belə deyil. Tutaq ki, birinin əlindən xəta çıxıb, ağır xəsarət yetirib, qarşı tərəfin bütün kompensasiyasını ödəyir, barışır, sonra hər iki tərəf prokurorluq və polis orqanlarına müraciət edib məsuliyyətə alınmaya ehtiyac olmadığını deyir. Bu da çoxlu neqativ halların yaranmasına yol açır.

- Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur. Bu qurumun sədrinin icra orqanından olması məhkəmələrin icra hakimiyyətindən asılılığını gücləndirmi?

- İstənilən nazir statusunda olan şəxs iyerarxiyada hakimdən kiçikdir. Hakim dövlət adından qanun qüvvəli aktlar qəbul edən adamdır. Məhkəmə hakiminin təyinatının kimlərəsə tapşırılması absurddur. Yaxşı, hakimlərdən ibarət qurum yaratmaq olar, amma onların işinə müdaxilə yolverilməzdir. Azərbaycanda məhkəmələrin yenidən qurulması və islahatların aparılması üçün əvvəlcə kənar təsirləri aradan qaldırmaq laızmdır. Bugünə qədər minlərlə vətəndaş məhkəmələrə müraciət etməsinə baxmayaraq, nə Gömrük Komitəsini, nə Vergilər Nazirliyini, nə “Azəriqaz”ı, nə “Azərişıq”ı, ümumilikdə heç bir dövlət orqanını uda bilməyib. Yaxud “Azəryolservis”, bu qurumun təqsiri səbəbindən yüzlərlə qəzalar baş verir, amma məhkəmələr onlara qarşı iddiaları rədd edir. Adi bir misal, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev tabeliyində olan qurumlara məktub yazıb tapşırır ki, ola bilər vətəndaşlar məhkəməyə iddia verib pensiyalarını artırmaq haqda qərar alırlar, həmin qərarlardan Ali Məhkəməyə qədər şikayət verərək gedin. Əgər Ali Məhkəmə də əvvəlki instansiyaların qərarını qüvvədə saxlasa, ödəniləcək məbləğ aylıq 500 manatdırsa, Dövlət Sosial Müdafiə Fondunun hüquqşünası nazirliyin hüquq şöbəsində müzakirə edəndən sonra qərar icra olunsun. Bu, nə deməkdir və burda məntiq hardadır? Tutaq ki, nazirliyin hüquq şöbəsi mənim barəmdə məhkəmə qərarını müzakirə etdi, nazirin ixtiyarı çatırmı ki, icra olunmaması haqda göstəriş versin? Belə göstəriş verilə bilməz, verilsə də, məhkəməyə hörmətsizlikdir.

- Bir sıra vəkillər də, hüquqşünaslar da bildirir ki, məhkəmələrdə sədrə ehtiyac yoxdur, hakim və möhürü bəsdir. Çünki sədr istər-istəməz hakimin işinə müdaxilə edir. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, bu nəyə bənzəyir, Azərbaycanda olan almana tərəzinin üstündəki “halal tərəzi” sözünü tərcümə edəndə, o “tərəzi halal olmalıdır da” deyə söyləyəcək. Yəni bu vəziyyət Azərbaycan məişətindən doğur. Məgər, qanun sədrə hakimin fəaliyyətinə müdaxiləyə icazə verirmi? Əlbəttə, yox. Sadəcə, məhkəmələr yalnız hakimlərdən ibarət deyil. Məhkəmənin texniki heyəti, maliyyə-inzibati fəaliyyəti var ki, onlara bir nəfər cavabdeh olmalıdır. Sədr buna görə lazımdır. Bunlar fərqli statusa malikdirlər, amma qanun sədrin hakimin işinə müdaxiləsinə icazə vermir.

- Şükür müəllim, hakim qərar, qətnamə və hökm çıxaranda yalnız qanuna söykənməlidir, yoxsa daxili səsini də dinləməlidir?

- Daxili inam məsələsi də var, sovet vaxtı sosialist hüquq düşüncəsi deyirdilər. İndi hər bir vicdanlı hakim istənilən cinayət, mülki iş üzrə qərar qəbul edəndə öz inamını hasil etməlidir. Ola bilər, bir sıra işlər var ki, formal baxımdan uyğun gəlir, amma içində elə detallar olur ki, onu axtarmaq lazımdır. Qanun da daxili inamın mütləq olmasını tələb edir. İnanmadığın adamı hansısa əməldə təqsirləndirməyə mənəvi haqqın çatmır.

- 1993-cü ildən 2000-ci ilə qədər İsmayıllı Rayon Məhkəməsinin həm sədri, həm də hakimi olmusunuz. Bildiyimə görə, sizi nazir Südabə Həsənova vəzifədən azad edib. Səbəb nə idi ki, nazir Həsənova vaxtınızdan 3 il əvvəl belə bir əmr imzalamalı oldu?

- Azərbaycan, doğrudan da, unikal ölkədir, bir çox məsələnin analoqu olmadığı kimi, mənim də hakimlikdən uzaqlaşdırılmağım özünə sivil deyən ölkənin tarixində qara ləkədir. Nazirin hakimi vəzifədən çıxartmağa heç vaxt hüququ olmayıb və bu gün də yoxdur. Məni sadəcə inzibati-amirlik yoluyla hakimlikdən uzaqlaşdırdılar. 1999-cu ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirildi, seçkilərdən əvvəl, dekabrın 10-da prezident Heydər Əliyev çıxış edib seçkilərin demokratik və ədalətli keçirilməsi haqda müəyyən tapşırıqlar verdi. Məhkəmələrə də tapşırıldı ki, seçkilər vaxtı qanun pozuntusu olan şikayətlərə vaxtında və ədalətli baxılsın. Hətta prezident “bizim üçün ədalətli seçki vacibdir” ifadəsini də işlətdi. Seçki günü İvanovka kəndində bir məntəqənin fəaliyyətindən şikayət oldu. Bir seçicinin adını seçki siyahısından çıxarmışdılar, ancaq vətəndaş məhkəmə vasitəsilə adının siyahıya bərpa olunması haqda qərar alsa da, qərar icra olunmayıb. İş yenidən seçki günü məhkəməyə gəldi, gecə olsa da, tərkib toplandı, çünki belə işlərə təcili baxılmalıydı, gördük ki, seçici haqlıdır. Bu zaman mənə MSK-nin katibi İlqar Abbasov zəng etdi, o, təhdidqarışıq xahiş etdi ki, bu işdə yuxarılar maraqlıdır, ona görə rədd et. Mən vaxtilə hakim işləyən İlqar Abbasova müdaxilə etməməyi söyləyib, qanunun tələb etdiyi qərarı qəbul etdim. O zaman azərbaycanlılara çox aşağı nəzərlə baxan İvanovkanın kolxoz sədri, hazırda Rusiyada yaşayan Melnikov, Baş nazirin birinci müavini Abbas Abbasov və icra başçısı Vaqif Rəhimov mənə təzyiq göstərməyə başladılar. Çünki hər üç şəxs İvanovka kəndinə yem yeri kimi baxırdılar. Melnikovun marağı ondaydı ki, bələdiyyəyə namizəd olan şəxs Sank-Peterburqda təhsil almışdı, nüfuzu vardı, onun bələdiyyə üzvü olmasını istəmirdi. Səbəbi məlum idi, həmin namizədi özünə rəqib görürdü. Məsələ ondaydı ki, hakimlər 10 illik seçilirdi, mənim isə 3 il vaxtım vardı, yalnız avqust ayında hakimlik işimə yenidən baxıla bilərdi. Ancaq qanunun bu tələblərinə baxmayaraq, Südabə Həsənova əmr verib məni hakimlikdən uzaqlaşdırdı. Maraqlı məqam başqaydı, mənim əleyhimə olan icra başçısı Vaqif Rəhimov sonradan Zaqatala rayonuna icra başçısı təyin edildi. Amma 2005-ci il seçkilərinə müdaxilə etdiyi üçün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırıldı, sərəncamda da belə yazılmışdı. Baş nazirin birinci müavini Abbas Abbasov etimadı doğrultmadığı üçün vəzifəsindən uzaqlaşdırıldı və ölkəni tərk etdi, hazırda Rusiyadadır. Melnikovu isə kənd camaatı yenidən kolxoz sədri seçmədilər və o da hazırda Rusiyada yaşayır.Nəticədə ortada mən qaldım, Azərbaycan vətəndaşı, hakim, amma işsiz.

- Bəs bütün bunlarla bağlı şikayət etmədinizmi?

- Müraciət etdim, Yasamal Rayon Məhkəməsində hakim Ağamirzəyev nazirin qorxusundan şikayəti icraata qəbul etmədi. Hətta qanunun tələbinə baxmayaraq, kimə aid olmasını da göstərmədi. Apelyasiya şikayəti verdim, rədd cavabı verdilər, ardından Ali Məhkəməyə, eyni cavab. Nəhayət, Fərhad Abdullayevin sədrlik etdiyi Konstitusiya Məhkəməsinə üz tutdum, o da qaytardı. Konstitusiya hər bir vətəndaşa öz məsələsini məhkəməyə çıxardıb mübahisələndirmək hüququ verir. Özümüzə sivil, demokrat dövlət adlandırmağımıza baxmayaraq, bu hüququ məndən aldılar. İndi məmurlar, deputatlar deyirlər ki, Azərbaycanda “ərəb baharı” ola bilməz, çünki xalq prezidenti dəstəkləyir, olsun. Amma hakimiyyət yalnız prezident hakimiyyətindən ibarət deyil. Hakimiyyətin 3 qolu var: məhkəmə, qanunverici orqan və icra hakimiyyəti. Əgər bunların birindən narazılıq varsa, o zaman bütövlükdə hakimiyyətdən razılıq ola bilməz. Məhkəmələr barədə bir məqamı deyim, hələ ANS-in sağ vaxtında meyxana proqramında qafiyələrdən biri beləydi: hakim müttəhimə deyir ki, sənin həyatın mənim əlimdədir, müttəhim də cavab verir ki, qorxma, çatar 5-10 manatın sənin. Artıq bu biabırçılıq şifahi xalq ədəbiyyatına da düşüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Mart 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oxaxgl

Ən çox baxılan