Mənbə: Meydan Tv

Həbsdəki polkovnik: Məni yandıran odur ki...

Bəhruz Abdullayev: “Elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə, qaçmasına şərait yaratdığımı necə iddia eləmək olar?”

Dustaqların qatardan qaçmasıyla əlaqədar müğənni Fədayə Laçının da adı keçən cinayət işi üzrə həbs olunanlar arasında bir nəfər ədliyyə polkovniki də vardı – Penitensiar Xidmətin konvoy taborunun komandiri olmuş Bəhruz Abdullayev. O, “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı iki dustağın qaçmasından sonra vəzifəsindən azad edilmiş, ardınca da həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə, o, 9 il azadlıqdan məhrum edilib. Amma özü günahsız olduğunu bildirir. Aprelin 15-də Bakı Apelyasiya Məhkəməsində də bu barədə danışıb.

B.Abdullayev ittihamları qəbul etmədiyini deyib: “Məni mütəşəkkil dəstənin başçısı kimi təqdim ediblər. Bu da məni yandırır. Mən 21 il xidmətdə olmuşam. Vətənimə hər zaman sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm”.

B.Abdullayev bildirib ki, “Qoca” Bakıdan Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aparılıb-gətirilərkən qatarda Fədayə Laçının onunla görüşməsinə imkan yaratması, işçilərinə bu barədə göstəriş verməsi barədə ittihamda yazılanlar yalandır: “Əksinə, mənim Etibara qarşı həmişə kinim olub. O, 1998-ci ildə “maloletka”da (azyaşlılar üçün islah müəssisəsi nəzərdə tutulur - red) yatanda 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə, qaçmasına şərait yaratdığımı necə iddia eləmək olar? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Komandır kimi həbs edə bilərdilər, amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm”.

Təqsirləndirilən ədliyyə polkovniki çıxışının sonunda baş verən hadisəyə görə prezidentdən və komandirlərindən üzr istəyib: “Mənim səhlənkarlığım olub. Səhlənkarlığım da odur ki, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın”.

Məhkəmə aprelin 22-nə qədər təxirə salınıb.

Dustaqlar E.Məmmədov və Ə.Ağami 2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya – istintaq təcridxanasına qaytarılarkən Biləcəri dəmiryol stansiyasında qatardan qaçıblar. Bu hadisə ilə əlaqədar 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Fədayə Laçına 5 il həbs cəzası verilib. Ədliyyə polkovniki B.Abdullayevə dustaqların qaçmasından əlavə, işçilərə çatası müalicə pulları, ezamiyyət xərclərini mənimsəmə ittihamı da verilmişdi. Hökmə əsasən, B.Abdullayev 9 il azadlıqdan məhrum edilsə də, mənimsəmə ittihamı üzrə ona bəraət verilib.

Digər təqsirləndirilən şəxslərdən hadisə günü qatarda qarovul rəisi olmuş Ceyhun Səmədova və “Qoca”nın dostu Aqil Nəcəfova da 9 il həbs cəzası verilib. İttihama əsasən, “Qoca” vaqonun pəncərəsini açdığı açarı münasibətdə olduğu Fədayə Laçın vasitəsilə əldə edib. Müğənni açarı “Qoca”ya onun dostu Aqil Nəcəfov vasitəsilə çatdırıb. A.Nəcəfov, F.Laçın və “Qoca”nın tanışı olan başqa bir qadın Günay Atakişiyeva onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüblər, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən dəfələrlə onunla birlikdə gedib-gəliblər.

Günay Atakişiyeva da 6 il azadlıqdan məhrum edilib.

Qarovul rəisinin müavinləri Tural Poladxanov və Fuad Hacıyevə 8 il 6 ay, Məhəmməd Hacıyev, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərova isə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Ə.Ağami qaçan dustaqlardan biridir. O, “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə təqsirləndirilirdi. Qaçma olayından əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Onun həmin cəzası ilə qaçmasına görə təyin edilən cəza birləşdirilib və ona ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilib.

“Qoca” hadisədən sonra qaçıb ölkədən çıxmaq istəyərkən də G.Atakişiyeva onunla birlikdə olub.

Təqsirləndirilən M.Hacıyev isə həmin vaxt onları Sumqayıtdan Qazaxa aparan taksi sürücüsüdür.

“Qoca” hadisədən təxminən 10 gün sonra onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb. Cinayət işinin materiallarında onun polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə öldürüldüyü yazılsa da, məhkəmədə dindirilən şahidlər onun özü-özünü vurduğunu deyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/582z11

Ən çox baxılan