Aydın Hüseynov

Mənbə: meydan tv

Başlıq: Aydın Hüseynov

''Həbsim qanunsuzdur''

Məqalə yeniləndi:  15 Aprel 2019

Reper narkotiklərin təbliğində ittiham olunub

“Rüzgar” ləqəbli reper Aydın Hüseynov həbs olunub. O, narkotikdən istifadənin təbliğində ittiham edilir.

Daxili İşlər Nazirliyi (DİN) reperin həbsi ilə bağlı yaydığı məlumatda deyilir ki, Aydın Hüseynov Sumqayıt polisi tərəfindən saxlanılıb:

“A.Hüseynov üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib. Özü də etiraf edib ki, narkotik istifadəçisidir”.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Reper Aydın Hüseynovun aprelin 12-də həbs olunması ilə bağlı müraciəti yayılıb. O, saat 21:00 radələrində Sumqayıt Şəhər Baş Polis idarəsi əməkdaşları tərəfindən həbs olunduğunu təsdiqləyib:

“Həbsimə səbəb mənim “Yenə gedirəm mal-mal dalinca” mahnımı göstərirlər. Guya ki, mahnıda narkomaniyanı, narkotiki təbliğ etmişəm. Halbuki, mahnı sevgiyə aiddir. Təbii ki, mahnıda asılılığı olan bir obraz canlandırılıb. Sevgini narkotikə, özümü də narkomana bənzətməkdə səbəb sevginin narkotik qədər asılılıq yaratdığını göstərmək olub. Narkoman necə öz ehtiyacını ödəməsə, canı ağrıyır, eləcə də mən mahnıda sevgi adlı narkotiki abstrakt olaraq yazıb qələmə almışam. Əslində, ikibaşlı abstrakt yanaşma etmişəm. Təəssüf ki, ölkəmizdə abstakt yazı tərzini bu cür absurd bir yanaşma ilə ittiham edirlər".

Müraciətində Aydın Hüseynov yazıb ki, o, Azərbaycan musiqisinə yeni nəfəs gətirən həmin Rüzgardır və hazırda həbsdədir.

"Dinləyicilərimdən və bütün yeni musiqi dalğasının dinləyici və musiqiçilərindən “Musiqi həbs oluna bilməz” deməyə çağırıram. Bunu mənim üçün deyil, yeni Azərbaycan musiqisi üçün edin. Bu gün mənəm, sabah sıradaki sizsiniz. Mütləq qapınız döyüləcək”.

A.Hüseynov həbsini siyasiləşdirməməyi xahiş edib:

“Biz siyasət adamları deyilik, musiqiçi və sənət adamlarıyıq. Azərbaycan Konstitusiyasının 51 maddəsi yaradıcılıq azadlığını ehtiva edir. Mənim mahnımda terror, irqçilik, ölüm, dövlət çevrilişi təbliğ olunmur. Belə olduğu halda mənim həbsim qanunsuzdur. Qanun pozuntusuna yol verən kimlərdir bilmirəm. Lakin susmaq olmaz. Çünki biz ruhsal işlə məşğuluq. Musiqi ruhun qidasıdır. Ruhumuzu azad buraxın. Musiqimizdən əlinizi çəkin. Sizə sonuna qədər güvənirəm. Müasir Azərbaycan musiqisinin dinləyiciləri”.

Aprelin 3-də “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev də mahnısında narkotikin təbliği ittihamı ilə həbs olunaraq 30 sutka inzibati həbs cəzası alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Aprel 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ztreky

Ən çox baxılan