Mənbə: Meydan TV

Həmidə Qiyasbəyli: Arzuladığımız sülhü mütləq yaradacağıq

“Buna inanmaq artıq sülhə doğru bir addım atmaqdır”

“Azərbaycanda bir çox insan fikirləşir ki, bu fəaliyyətlə məşğul olmaq üçün mühüm şəxsi səbəblərin olmalıdır, qaçqın, ya da məcburi köçkün həyatı yaşamalısan. Mən isə sülhə inanıram, Azərbaycanda az qala hər yerdə münaqişə görürük, ailədə, küçədə, insanlar arasında – sülh bizim təməl ehtiyacımızdır,” – bu sözləri 27 yaşlı sülhpərvər Həmidə Qiyasbəyli deyir. O, 10 ilə yaxındır ki, Azərbaycan və Ermənistan arasındakı sülh layihələrində iştirak edir.

Həmidənin sözlərinə görə, vətəndaş cəmiyyətində fərqli sferalarda çalışsa da, özünü indiki işində tapıb. İşi isə heç də asan olmayıb. Fəaliyyətinə görə zaman-zaman sərt qınaqlara da məruz qalıb, prokurorluqda da dindirilib, təzyiqlərlə də üzləşib. Ermənistana səfər etməsi, ermənilərlə bir masa arxasında əyləşməsi, “Aprel döyüşləri”ndə ermənilərlə birgə atəşkəs çağırışına qoşulması cəmiyyətdə birmənalı qarşılanmayıb. Amma bunlara baxmayaraq, o rahatdır, çünki sülhün vacibliyinə inanır: “Bunu başa düşməliyik ki, sülh arzusu utopik, romantik xəyal deyil, hava, su kimi zəruri ehtiyacımızdır”.

Həmidə hazırda “Imagine” Münaqişələrin Transformasiyası Mərkəzində işləyir. Mərkəzin əsas fəaliyyəti Cənubi Qafqazdakı müxtəlif icmaların nümayəndələrini bir araya gətirmək, dialoqa nail olmaqdır. Artıq 7 ildir burada çalışan Həmidə qeyd edir ki, tək Dağlıq Qarabağ deyil, Abxaziya və Cənubi Osetiya münaqişələrinin də tranformasiyası üçün çalışırlar. Mərkəzin fəaliyyəti gözəçarpan olmasa da, ümumi prosesə fayda verir. Onsuz da münaqişə tranformasiyasının sülh quruculuğundan fərqi daha uzunmüddətli proses olmasıdır:

“Sülh quruculuğu fərqli metodlardan ibarət strategiya və fəaliyyətdir, münaqişə tranformasiyası isə münaqişəyə səbəb olan əsas şərtlərə toxunub sülh üçün ilkin şərtləri təmin etməkdir”.

Həmidənin fikrincə, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı danışıqlarda cəmiyyət kənarda qalıb, əhalinin mövqeyi aydın deyil. Səbəb isə ölkədə açıq müzakirələrin getməməsidir. O, vətəndaş cəmiyyətinə basqılardan sonra bu vəziyyətin yarandığını deyir:

“2014-cü ilədək qızğın müzakirələr gedirdi, demək olar ki, hər sahədə oyanış, aydınlanma dalğası başlamışdı, Azad Fikir Universiteti kimi vətəndaşlar üçün dialoq platforması var idi. Vətəndaş cəmiyyəti bu prosesə fayda verə bilirdi. Daha sonra isə basqılar başlandı, cəmiyyət get-gedə qapandı. Beləcə sülh quruculuğu, münaqişə tranformasiyası, vətəndaş diplomatiyası istiqamətində gedən proseslər də zəiflədi”.

Həmidə Qiyasbəyli

“Bu sayədə özümü daha yaxından tanıdım, limitlərimi, potensialımı ölçdüm”

Sahəsinə olan marağı Həmidədə xaricdə yaşamaq, təhsilini təkmilləşdirmək həvəsi yaradıb. Bakı Slavyan Universitetini bitirdikdən sonra Avstriyada münaqişələrin tranformasiyası ilə bağlı magistr təhsili alıb:“Hiss edirdim ki, nəzəri, praktik biliklərimi artırmağa ehtiyacım var, ona görə də Avstriyada Innsbruck Universitetinə müraciət elədim. İxtisasımın tam adı “Sülh, inkişaf, təhlükəsizlik və beynəlxalq münaqişələrin transformasiyası” idi. Həmin il universitetə Azərbaycandan qəbul alan yeganə tələbə mən idim, ümumiyyətlə, indiyədək oranı 2-3 azərbaycanlı bitirib. Universitetdə həm nəzəri biliklər öyrəndik, həm də praktik bacarıqlar mənimsədik. Afrikanın Ubuntu tayfasının sülhə baxışından tutmuş modern, postmodern yanaşmalaradək”.

Həmidə deyir ki, universitet çərçivəsində qazandığı təcrübə həyatında əsas dönüş nöqtələrindən biri olub: “Bir dəfə Alp dağlarında müharibə şəraitini simulyasiya etdik. 3 həftə çəkdi, BMT-nin beynəlxalq hərbi missiyası da iştirak edirdi. Bizi gecə oğurlayırdılar, işgəncələrə məruz qalırdıq, qeyri-insanı rəftarla üzləşirdik. Avropadan olan tələbələr üçün çətin idi, bəziləri dözmürdü, mənim üçün isə nisbətən asan keçdi, çünki həm universitetdən öncə bununla bağlı təcrübəm vardı, həm də Azərbaycanda onsuz da şiddəti, zorakılığı tez-tez görmək olur. Bu sayədə özümü daha yaxından tanıdım, limitlərimi, potensialımı ölçdüm”.

Müsahibəmiz suriyalı qaçqınlarla bağlı təcrübəsini də bölüşür, bildirir ki, müharibə hər yerə eyni dərəcədə fəlakət gətirir:

“Universitetdən bizi Kufstein şəhərində qaçqınların olduğu düşərgəyə aparmışdılar. “Qırmızı xaç”ın işçilərinə kömək edirdik, 10 minə yaxın qaçqın var idi, işçilər onlara kömək etməyə çatdırmırdılar. 2 həftə onlarla işlədik. Tez-tez söhbətlərimiz olurdu, hiss olunurdu ki, danışmağa, hisslərini bölüşməyə ehtiyac duyurlar. Müharibənin dəhşətini belə anlarda daha dərindən hiss edirsən. Məsələn, Suriyadan qaçqın var idi, mühəndis idi, ingilis, alman, fransız dillərini bilirdi. Deyir, bir dəfə evə gəldim ki, əşyalarımı çıxardım, şəhərdən çıxım, gördüm binamız yoxdur. Bombardman nəticəsində məhv olub”.

Həmidə Qiyasbəyli

Onun sözlərinə görə, Avstriya cəmiyyətində də ərəblərlə bağlı stereotiplər var, bu baxımdan Azərbaycanla oxşardırlar. Bir fərqlə ki, Avstriyaya ərəblər qaçqın kimi gəlir, Azərbaycana isə turist...

Həmidənin fikrincə, sülh arzusu idealist səslənsə də, yaşadığımız dünyaya zərər vermədən, fərqliliklərimizi gizlətmədən, daha inklüziv birgəyaşayışa nail olmaqdır. Bunun üçün isə Cənubi Qafqaz xalqlarının, ümumiyyətlə, bütün dünya xalqlarının qarşılıqlı münasibət qura bilməsi lazımdır. O, hələ görülməli çox işin olduğunu desə də, nikbindir:

“Arzuladığımız sülhü mütləq yaradacağıq, buna inanmaq artıq sülhə doğru bir addım atmaqdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mjq3q3

Ən çox baxılan