Həmrəylik Günü – 30

Source:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə



II hissə


1989-cu ilin dekabr ayının 31-də baş vermiş hadisənin rəsmi milli bayram kimi müqəddəsləşdirilməsi qərarını, bu ikinci DTK təxribatını icra etmiş AXC hakimiyyətinin liderləri qəbul etmişdi. Bunun da səbəbi gün kimi aydındır: müqəddəs bayramları təhlil və təkzib etmək ictimai əxlaqa müğayirdir və bu, cidanı çuvalda gizlətməyə çalışanlar üçün çox vacib şərtdir…




HƏMRƏYLİK GÜNÜNƏ HAZIRLIQ

Nomenklatura mafiyasının və DTK-nın AXC-nin millətçi rəhbərliyinin əli ilə həyata keçirdiyi növbəti təxribat əməliyyatı Naxçıvanda, Cəlilabadda və Astarada SSRİ-nin dövlət sərhəddinin sökülməsi oldu.

1990-cı ilin 6-7 yanvar Cəbhə konfransında Nemət Pənahov bəzi nümayəndələrə yadigar kimi sərhəddin tikanlı məftilinin 15 santimetrlik parçalarını hədiyyə verirdi. Bu məftil parçaları bir xalqı ikiyə bölmüş “rus imperiyasının sonu”nun rəmzi sayılmalıydı. Nemət çalışırdı ki, bu “qəhrəmanlığ”ın şir payını öz xidməti kimi təqdim etsin. Mənsə bilirdim ki, bu proses Sov.İKP MK-nın və DTK-nın ümumi rəhbərliyi altında gedir. Yerlərdəki icra isə tapşırılmışdı DTK-nın casuslarına. Bilirdim ki, AXC-də bu təxribatın əsas təşkilatçısı Əbülfəz Əliyevdir. Nemət Pənahov isə buyruq quludur, kiçik tapşırıqları yerinə yetirir. Nemət Pənahov Azərbaycanda “Tiflis model”ini gerçəkləşdirmək üçün müstəsna əhəmiyyəti olan belə böyük təxribat əməliyyatının əsas təşkilatçısı ola bilməzdi!

Mən bir müddət bu hadisəni araşdırmışam və onun bir çox təşkilatçısı və iştirakçısı ilə müsahibə aparmışam. Məncə, Naxçıvanda sərhəddin sökülməsi əməliyyatını ən düzgün və ən dolğun təsvir etmiş adam Arif Rəhimoğludur. Arif bəy 1980-cı illərin sonu – 1990-cı illərin əvvəli AXC-nin Naxçıvan şöbəsinin liderlərindən biri olmuşdu. 1990-cı illərin ortalarında Arif bəy Bakıya köçür və AXC-nin ideoloji şöbəsinə rəhbərlik edir. Şərait yetişəndə və vətənimiz Azərbaycanı ağ günə çıxarandan sonra isə uğurla Avropaya mühacirət edir. 1996-cı ilin fevral ayının 29-da mən onunla müsahibəni baş redaktoru olduğum “İstiqlal” qəzetində dərc etmişəm. Həmin vaxt artıq “ikiyə bölünmüş xalqın birləşdirilməsi” qızdırması səngimişdi və hadisəyə soyuqqanlı seyrçi nəzəri salmaq artıq mümkün idi. Ən Yeni Tariximizin məkrlə uydurulmuş əsatirlərindən biri ilə xudahafizləşmək istəyirsinizsə, səbrinizi toplayıb bu müsahibəni oxumağı məsləhət bilirəm. Müsahibə “Sərhəd necə söküldü” adlanırdı və ona belə bir giriş verilmişdi:

“1989-cu ilin dekabr ayının 31-də Naxçıvan Muxtar Respublikasında sərhəd qurğuları AXC-nin təşkil etdiyi aksiyalar nəticəsində sökülmüşdü. Bizim qəzetə bu barədə müsahibəni AXC ideologiya şöbəsinin müdiri Arif Rəhimoğlu verir:


-Arif bəy, AXC-nin Naxçıvan şöbəsi necə yarandı?

– 1988-ci ilin dekabr ayının 17-də. AXC-nin Naxçıvanda Bakıdan əvvəl yaranması təsadüfi deyildi. Məsələ bundadır ki, hələ 1975-1976-cı illərdə Naxçıvanda yüzə yaxın üzvü olan gizli təşkilat var idi. Bu təşkilat Vahid Azərbaycan məfkurəsinə söykənirdi. 1987-1988-ci illərdə bu təşkilat açıq fəaliyyətə keçib Naxçıvanda tarixi-etnoqrafik “Yurd”, Şahbuzda “Xalq gücü”, Nehrəmdə “Aşkarlıq” və s. yaratdı. Avqustun 28-də biz “Yurd”da “Sovet Estoniyası” qəzetində çap edilmiş “Tartu Xalq Cəbhəsi”nin məramnaməsini tərcümə edib oxuduq. Bakıdan da AXC Məramnaməsi gəlib çatdı, biz onu “Yurd”da yaydıq. 1988-ci ildə Naxçıvanda artıq bir-birindən cüzi fərqlənən 5-6 AXC Məramnaməsi var idi. “Yurd”dakı müzakirələr zamanı AXC-yə iki yanaşma təşəkkül tapdı:


1.Təcili Naxçıvan AXC-nin yaranmasını elan etmək;


2.Naxçıvan AXC MTM-in yaranmasını elan etmək, sonra dayaq dəstələrini təşkil etmək, konfrans və ya qurultay keçirib AXC-nin yaranmasını elan etmək.

Birinci yanaşmanın tərəfdarları (Sərdar Məmmədov, Sülhəddin Əkbərov, Elman Cəlilov və b.) əksəriyyət qazandılar və dekabrın 17-də 42 nəfərin iştirak etdiyi yığıncaqda AXC-nin yaranması elan edildi. Bundan sonra onlar əvvəlcə dayaq dəstələrinin yaradılması fikrinin tərəfdarları ilə birləşdilər. Bu dəstənin üzvlərinin əksəriyyəti elə gizli təşkilatların üzvləri idi (A.Kələntərli, A.Quliyev, İ.İbrahimli, B.Qəmbərli, K.Teymurlu, Q.Əhmədov və b.)


-SSRİ sərhəddində aksiya keçirmək ideyası ilk dəfə nə vaxt müzakirəyə çıxarıldı? Bu ideyanı ilk dəfə dilinə gətirmiş adamın adını bilirsinizmi?

– 1989-cu ilin noyabr ayının 17-də AXC-nin bölgə təşkilatının Məclisində Meydan hərəkatının birinci ildönümü ilə bağlı yubiley tədbirlərinin keçirilməsi müzakirə edilirdi. Dekabrın 4-də keçiriləsi tədbirlər müzakirə edilərkən Ramiz Tağıyev təklif verdi ki, Culfada sərhəddə də etiraz aksiyası keçirilsin. Asəf Quliyev, Fəraməz Allahverdiyev, Binyamin Quliyev və başqaları bu təklifi dəstəklədilər. Baltikyanı respublikaların paytaxtlarını birləşdirilmiş insan sırasını təkrarlayan bir canlı sıranı da Ordubaddan Sədərəkə qədər düzmək qərara alındı. Məclisin bir dəstə üzvü təklif edirdi ki, aksiyaları dekabrın 4-ə deyil, dekabrın 12-ə, Cənubi Azərbaycanda respublika elan edildiyi günə salmaq lazımdır. Nəhayət, qərara alındı ki, həm 4-də, həm “21 azər”, yəni dekabrın 12-də aksiyalar keçirilsin.

Sərhədçilərin müqavimətinə rəğmən, dekabrın 4-də aksiya alındı. Lakin canlı zəncir şəklində deyil, Cənubdakı yaşayış məntəqələri ilə üzbəüz yerlərdə insanların toplanması şəklində. Həmin vaxt heç kəsin ağlına belə gəlmirdi ki, sərhəd qurğuları sökülə, tikanlı məftillər kəsilə bilər.


-Aksiyanın təxirə salınması məsələsi Bakıda kiminləsə müzakirə olindumu?

-Üzr istəyirəm, sualın qoyuluşunda qeyri-dürüstlük var. Sərhədboyu aksiyaların keçirilməsi üçün Asəf Quliyevin başçılığı altında xüsusi komissiya yaradılmışdı. Dekabrın 21-də Asəf Quliyev mitinqdə elan etdi ki, tələblərimizin yerinə yetirilməməsi halında sərhəddəki tikanlı məftil kəsiləcək. Vaxt məsələsi Əbülfəz bəylə müzakirə edilmişdi və 31 dekabr gününə təyin edilmişdi. Odur ki, vaxtın təxirə salınması ola bilməzdi.


– Sərhəd Qoşunlarının komandanlığının bu hazırlıqlar barədə məlumatı var idimi? Əgər vardısa, hansı tədbirləri görürdü?

– 21 dekabr mitinqinə qədər sərhəddəki tikanlı məftillərin sökülməsi tələbini biz hakimiyyətə verirdik. Özümüz bunu etmək niyyətində deyildik. Özümüzün bunu etmək fikri ağlımıza o zaman gəldi ki, tikanlı məftilin SSRİ DTK-nın deyil, Naxçıvan MR və Azərbaycan SSR Nazirlər Şuralarının qərarı ilə çəkildiyini öyrəndik. AXC fəalları ilə müxtəlif vəzifəli şəxslər arasında, o cümlədən sərhədçilərlə 30-a yaxın görüş keçirildi. Bizimlə danışıqları generallar Lilin və Subayev, adlarını deməyən, bəzən isə uydurulmuş adlar deyən SSRİ DTK-nın vəzifəli şəxsləri, Azərbaycanın Xarici İşlər naziri Hüseynağa Sadıqov, Ali Sovetdən A.Şəkinski və M.Nəsirov, bir neçə deputat qrupu aparırdı.

Tikanlı məftillərin sökülməsinə hazırlığı biz açıq şəkildə dekabrın 21-də elan etdik. Həmin vaxta qədər sərhədçilər deyirdi ki, qərarı qoy hökumət qəbul etsin, biz nəkarəyik ki? Biz qəti qərarımızı qəbul edəndən sonra sərhədçilər hərəkətə keçdilər, sərhədlərin müqəddəsliyi barədə vərəqələr yaymağa başladılar. Moskvadan, Tbilisidən və Bakıdan gəlmiş yüksək vəzifəli zabitlər xalqı sakitləşdirməyə çalışdılar. Bizim irəli sürdüyümüz dörd tələbdən yalnız birini alayarımçıq yerinə yetirməyə söz verdilər: Araz SES-in ətrafındakı tikanlı məftillər söküləcək! Bunun heç bir mənası yox idi. Eni bir neçə kilometr olan gölün ətrafındakı tikanlı məftilin sökülməsi sadəcə təskinlik verən bir manevr idi.


– Naxçıvan MR-nın partiya-sovet rəhbərliyinin mövqeyi necə idi?

– İkili. Üzdə pisləyirdilər, arxada isə ürəkdən bizimlə həmrəy olduqlarnı deyirdilər. Bunu başqa cür yozmaq lazım deyil. Məsələ ondadır ki, bu rəhbərlər bir tərəfdən öz vəzifələrini itirməkdən çəkinirdilər, o biri tərəfdən, sərhədçilərin, hətta sıravilərin, onlara yönəli çoxsaylı təhqirlərini heç cür həzm edə bilmirdilər. Sərhədçilər çox zaman onlarla hesablaşmır, sərhəddə heç yaxın belə buraxmırdılar. Məsələn, ot biçmək və ya Arazın sahılindəki nasosları təmir etmək üçün mütləq rüşvət verilməliydi.


– Cəbhəçilərin xəbəri var idimi ki, sərhəd rejimi yumşalacaq?

– Bəli, var idi. Lakin bu yumşalma çox ləng gedəcəkdi və çox vaxt aparacaqdı. Qızmış kütlənin psixologiyası buna dözəmməzdi. Cəbhəçilər qızmış kütlə psixologiyasına qarşı çıxmaq niyyətində deyildilər.


– Nemət Pənahovun rolu nədən ibarət idi?

– Nemət Bakıda bizi müdafiə edirdi. Bundan əlavə, dekabrın 31-də Nemət səhər Naxçıvana varid oldu, aksiyada iştirak etdi və özü ilə bir sərhəd dirəyini Bakıya apardı. Lakin Nemətin nə “Sərhəd hərəkatı”nda, nə də onun idarə edilməsində heç bir rolu yox idi. “Sərhəd hərəkatı” başda Asəf bəy olmaqla 9 nəfərlik komissiya tərəfindən təşkil və idarə edilirdi.


– Nişanov Naxçıvana gələndə onunla hansı söhbətlər aparılırdı?

– Yanvarın 2-də o, Sov.İKP MK-nin katibi Girenko, bəzi MK məsulları, Azərbaycanın Kommunist Partiyasının Birinci Katibi Əbdürrəhman Vəzirovla gəlmişdi. Bir neçə görüş keçdi. Yanvarın 5-də keçmiş danışıqların protokolları durur. Neçə ildir biz bu protokolları çap etmək imkanını axtarırıq!


– İllər ötdükdən sonra siz bu sərhəd aksiyasını necə qiymətləndirirsiniz?

– Hər ilin dekabr ayının 31-də biz Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edirik və fəxr edirik ki, xalqımıza bu bayramı bəxş etmişik. “Sərhəd hərəkatı”nın doqquz rəhbərindən biri kimi və Cənub həsrətindən 1970-ci ildə doğulmuş gizli təşkilatın üzvü kimi mən bu aksiyanı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış səhifə sayıram.


– Kərki kəndi nə vaxt işğal olundu?

– Kərkinin əhalisi çıxarılmışdı, kənddə bir neçə milis nəfəri və əksəriyyəti cəbhəçi olan 17 nəfər kişi qalmışdı. Naxçıvanın rəhbərliyinin xahiş və israrından sonra kəndin müdafiəçiləri onu 1990-cı ilin yanvar ayının 17-də 4-cü ordunun əskərlərinə təhvil verdilər və geri çəkildilər. Rus ordusu isə onu döyüşsüz ermənilərə bağışladı…”

***

Məlumatlı və təhlil qabiliyyəti olan insan bu müsahibədən çox şey anlaya bilər. Məsələn, öyrənə bilər ki, 1970-ci illərdə SSRİ DTK-si necə yarıtmaz işləyirdi: sərhəd bölgəsi olan Naxçıvanda üzvlərinin sayı yüzə çatan gizli təşkilat uğurla fəaliyyət göstərirmiş, DTK isə fil qulağında yatıbmış! Azərbaycanın Birinci katibi isə sabiq DTK sədri Heydər Əlirza oğlu Əliyevin bundan heç xəbəri olmayıbmış! İkincisi, rüşvətin hətta DTK-nin tərkib hissəsi olan Sərhəd Qoşunlarina belə sirayət etdiyini öyrənər. Üçüncüsü, AXC rəhbərliyinin, konkret olaraq, Nizamnaməyə görə icra işlərinə qarışmaq səlahiyyəti olmayan sədr Əbülfəz Əliyevin şüurlu şəkildə kütlə ehtiraslarını qızışdırdığını və bundan siu-istifadə edərək iğtişaşlar törətdiyini bilər. Əbülfəz Əliyev iğtişaş törətmə prosesinə o qədər ciddi və bilavasitə rəhbərlik edirdi ki, sərhəd rejiminin yumşaldılması barədə SSRİ ilə İran arasında danışıqlarının getdiyini və bu barədə qərarın tezliklə qəbul ediləcəyini bilə-bilə, “aksiyanı” dekabrın 12-nə deyil, 31-nə təyin edir! Görəsən, nə üçün dekabrın 12-i deyil, 31-i seçilir?

Leyla Yunusova öz “Siyasətçinin məsuliyyət meyarı” məqaləsində yazır ki, 9 aprel “Tiflis modeli”ni gerçəkəşdirmək üçün Azərbaycandakı hadisələrin gərginliyi yüksələn xətlə artmalı idi: Cəlilabad talanından sonra SSRİ sərhəddinin sökülməsi! Yalnız bundan sonra erməni talanı!

Arif bəylə qəzetdəki müsahibəyə daxil olmamış şəxsi söhbətimiz zamanı bir çox mənim üçün əlamətdar olan məlumatı əldə etdim. Məsələn, Arif bəy dedi ki, Naxçıvan şöbəsi Meydan hərəkatının yatırılmasının ildönümünü şəhərin mərkəzində çadır qurmaqla, tonqallar qalamaqla və gecə mitinqi keçirməklə qeyd etmək barədə qərar qəbul ermişdi. Bölgə şöbəsinin qərarı Əbülfəz Əliyevə çatdırıldıqda sədr göstəriş vermişdi: xeyr, dekabrın 31-də dövlət sərhədləri sökülməlidir!

Oxucum, göstərişin mənasını anlamaq üşün təsəvvürünə gətir ki, nəhəng və qüdrətli SSRİ-nin deyil, məzlum və kiçik Azərbaycan Respublikasının dövlət sərhəddini indiki zamanda bir qrup mülki vətəndaş sökür… Onların başına nə gətiriləcəyini təsəvvür edirsinizmi?

Arif bəy etiraf etdi ki, “bu göstəriş bizi qorxutdu, biz qorxurduq ki, rus sərhədçiləri atəş açar, öz nigaranlığımızı sədrə bildirdik, cavabında eşitdik: “Heç nədən qorxmayın, dağıdın!” Naxçıvan cəbhəçiləri Böyük Bəyin bu qətiyyətinin səbəblərini öz aralarında müzakirə edib heç bir ağlabatan səbəb tapmayıblar. Axırda bir sadəlövh cəbhəçi bəyin dedikləri ilə razılaşmalı olublar: “Dekabrın 31-də İsa Məsihin anadan olan günüdür, Əbülfəz bəy ümid edir ki, həmin gün rusların qəlbi şəfqətlə dolu olacaq və onlar camaata atəş açmayacaq…”

Hərdən belə təsirli təfərrüat hərəkatçıların ruhundan və ağlından çox dəqiq xəbər verir. Naxçıvanlı cəbhəçi dostum Teymur bəy mənə danışdı ki, sərhəddi söküb-dağıtmağa yollanan Naxçıvan cəbhəçiləri sərhədçilər üçün özləri ilə hədiyyə də götürmüşdülər: kişilərə araq, xanımlarına şampan şərabı…

SSRİ DTK-nın Sərhəd Qoşunları əhali tərəfindən sərhəd qurğularının sökülməsinə qarşı zərrəcə müqavimət göstərmədi. Naxçıvanda heç olmasa sərhədlərin müqəddəsliyi barədə vərəqə yaydı. Astara və Lənkəranda isə Sərhəd Qoşunlarının səsgücləndiricilər quraşdırılmış xüsusi avtomobilləri küçələri gəzib bu iki sərhəd rayon mərkəzinin sakinlərini “yığışıb sərhəddə getməyə, sərhəddi dağıdıb Cənubdakı bacı və qardaşlara qovuşmağa” çağırırdı.

Əbəs yerə Ələkrəm Hümmətov oz tərəfdarları ilə Astarada nəhəng kütlənin qarşısını kəsməyə çalışırdı. Kütlə onu və tərəfdarlarını süpürüb kənara atdı, sərhəddi açıb İran tərəfə axdı. Orada isə silahlı İran sərhədçiləri “iki xalqın qovuşması” tamaşasını çox soyuqqanlı seyr etdi.

ANS telekanalında öz xatirələrini tamaşaçılarla bölüşən Hacı Əbdül isə nəql etdi: “ Cəlilabadda uruslar bizimkilərə dedi ki, gəlin sərhəddi dağıdın, amma nəbadə hərbi hissənin donuz fermasına toxunasınız…”

Azca məntiqi düşünmək qabiliyyəti olan adam həmin anda anlayar ki, bu sərhəd əməliyyatını xüsusi qurumlar təşkil edib.

Fəqət, Azərbaycanda, xüsusilə AXC-də nə qədər adamın azca məntiqi düşünmək qabiliyyəti var idi? Hakimiyyətdə olduqları bir ildə AXC bəyləri bu iki DTK-mafiya əməliyyatını xalqımıza rəsmi milli bayram kimi sırıdılar: 17 noyabr Milli Dirçəliş Günü və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Olmayan və olmamış hadisə və təzahürlərin bayram edilməsi necə də milli mentalitetimizə uyğundur!

1990-cı ildə ilk çıxan Moskva qəzetləri Azərbaycanda “narkomanların, xuliqanların və ekstremistlərin SSRİ sərhəddini dağıtması” barədə xəbərləri dərc etdilər. Xalqımıza ləkə vurmaq üçün çalışan millətçilər Kremlə böyük xidmət göstərmişdilər. Lakin bu da az idi. Daha böyük cinayətlər törənməli idi ki, xalqımızın hərəkatı əzilsin və sadə insanların qəlbində oyanmış ümid şölələri sönsün. 20 Yanvar törədilməliydi…

Ulu öndər hakimiyyətə qayıdandan sonra bu silsilə DTK əməliyyatlarının tacı olan 15 iyunu da Qurtuluş bayramı elan etdi və dairə qapandı. Tayfa hakimiyyətinin bərpası əfsanəsi dördqıçlı masa kimi Dirçəlişə, Həmrəyliyə, 20 Yanvara və Qurtuluşa möhkəm söykənir.

Ömrüm boyu Allaha bir duam olub: İlahi, mənə də, xalqıma da ağıl və dərrakə ver, qoy pisi yaxşıdan, əyrini düzdən, günahı savabdan ayıra bilək…

Ana səhifəMənim FikrimcəHəmrəylik Günü – 30