”Hər gün Allaha yalvarırıq ki, yağış yağmasın”

Digah qəsəbə sakini: ”Neft ölkəsidir, amma nə yolu var, nə də normal dolanışığı”

Source:


Digah qəsəbə sakini: ”Neft ölkəsidir, amma nə yolu var, nə də normal dolanışığı”

“İllərdir, burada kanalizasiya xətti yoxdur. Tualetin çirkab suları küçələrə axıdılır. Yolların qışda dizə qədər palçığından cana doymuşuq. Yayda da çıxırıq ki, bir az həyətdə nəfəs alaq, əksinə, üfunət iyindən qaçıb evə giririk. Yollar palçıqdır, cəhənnəm, ona da dözmək olur, amma kanalizasiya xətti olmadan yaşamaq mümkün deyil. Camaat həyətində anbar qazdırır, bir aydan sonra dolub-daşır, nəcisin iyi aləmi basır. Biabırçı bir vəziyyətdə yaşayırıq”.

Abşeron rayonu Digah qəsəbəsi, Bakıxanov küçəsində yaşayan sakinlər Meydan TV-yə məhəllədaxili yolların bərbad durumundan, həmçinin ərazidə kanalizasiya xəttinin olmamasından giley-güzar edirlər.

Deyirlər ki, kanalizasiya xətti olmadığından, fərdi yaşayış evlərində formalaşan çirkab sularını çarəsizlikdən birbaşa küçələrə axıdırlar. Bu da antisanitariya mənbəyi olmaqla yanaşı, qrunt sularının səviyyəsini də qaldırır və evlərin uçub-dağılmasına zəmin yaradır.

“Camaatı qınamalı deyil, kanalizasiya yoxdur, neyləsinlər. Çirkab suların küçələrə axıdılmaması məqsədilə “şambo”lar tikilib. Lakin bir ay keçməmiş dolur. Millət fəhləlik edir, evinə 10 manat çörəkpulu gətirir ki, ailəsini dolandırsın. Aşıb-daşan anbarın zir-zibilini boşaltdırmasın. Dövlət bizə neyləyir? Hərəsinin nə qədər malikanəsi var, saymaqla qurtarmır. Qarajlarında nə qədər maşınları var. Sayını-hesabını da unudublar. O var-dövlətin qarşılığında bir küçə salsalar, Allaha da xoş gedər. İldə on dəfə Həcc ziyarətinə gedirlər. Onun əvəzinə camaata kömək etsinlər. Bura planlı şəkildə salınan qəsəbədir. Gecəqondu deyil, sonradan tikilməyib. Bir çox evin hamısının sənədi var. Abşeron Rayon İcra Hakimiyyəti də buradakı tikililərdən xəbərdardır”, – sakinlərdən Esmira Ələsgərova belə deyir.

Esmira Ələsgərova
Esmira Ələsgərova

“Dolanışıq yox, uşaqları oxutmaq imkanımız yox, hər yerdən əlimiz üzülüb. Neft ölkəsidir, amma nə yolu var, nə də normal dolanışığı. İmkanımız olsa yaxşı yerdə yaşayardıq, burada nə işimiz vardı”, – dörd uşaq anası Lalə Əliyeva Meydan TV-yə şikayətində bildirir:

“Uşaqların hərəsi müxtəlif saatlarda məktəbdən qayıdır. Ayda dörd uşağa görə taksiyə160 manat pul verməyə imkanımız yoxdur. Qızımın 7 yaşı var, pulsuzluq dərdindən məktəbə getməyə qoymadım, küt olub, qalıb evdə. Uşaqların əyin-başlarını almağa imkanımız çatmır. Taksiyə pul haradan tapaq? Yolları görürsünüz, hər ay ayaqqabı dəyişirik. Dərdimiz- saymaqla bitmir. Buradakı əksər evlərin zirzəmisi kanalizasiya suları ilə dolub”.

Sakinlər dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər. Laçın rayonundan olan məcburi köçkün Südabə İsayevanın sözlərinə görə, şikayətləri cavabsız qalır:

“Şikayətə gedirsən, deyirlər ki, gedin, gəlib baxacağıq. Camaat da inanır, gəlib, oturub, gözləyir. Bizi aldadırlar, yola verirlər. Laçında hətta heyvanlar belə bundan yaxşı yerdə saxlanılırdı. Buranın belə vəziyyətdə olduğunu bilsəydik, qarnımızdan, əyin-başımızdan kəsib, qəpik-qəpik yığdığımız pulu verib, torpaq alıb, ev tikməzdik. 2011-ci ildən bizə söz verirlər ki, problem öz həllini tapacaq. Bu neçə ildə hələ də həllini tapmayıb”.

Dadaşbala Cəlalov isə inşasına başladığı fərdi yaşayış evinin tikintisini yarımçıq qoymaq məcburiyyətində qalıb. Çünki kanalizasiya sistemi olmadığından, qrunt suları axıb, yeni evin zirzəmisinə dolub:

“Bütün kanalizasiya suları qonşuların bir-birinin həyətinə axır. Yağıntı suları da digər tərəfdən canım;zı boğazımıza yığıb. Bir gün görəcəyik ki, evlər uçub-dağılıb. Hər gün Allaha yalvarırıq ki, bu gün yağış yağmasın, biz işə gedib-gələ bilək. Avobusa palçıqlı ayaqqabı ilə minməyə utanıram. Su, əski parçası götürürəm, dayanacaqda ayaqqabımı yuyub, sonra avtobusa minirəm. Metroya minəndə, camaat baxıb deməsin ki, bu, haradan gəlir, harada yaşayır? Adam lap xəcalət çəkir. Neyləyim, başqa çarəm yoxdur. Çay daşlarını əlimizlə yığıb, gətirib yollara döşəmişik. Amma bir xeyri yoxdur. Yollarımıza asfalt çəkilsə, kanalizasiya sistemi həll edilsə, bizim heç nədən şikayətimiz olmaz”.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Meydan TV-yə açıqlamasında deyib ki, bu ilin sonunadək problem aradan qaldırılacaq:

“Bakı şəhəri və ətraf kəndlərdə kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihədə Digah qəsəbəsi də var. Kanalizasiya infrastrukturunun qurulması, kollektorların çəkilməsi, tullantıların kənarlaşdırlması və zərərsizləşdirilməsi ilə bağlı layihə sənədləri artıq hazırdır. Bildiyiniz kimi, Pirşağı qəsəbəsi yaxınlığında tullantı sutəmizləyici qurğunun tikinti işləri davam etdirilir. Layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Proses 2019-cu ildə başa çatmalıdır. Həmin qurğuda Digah qəsəbəsinin tullantı sularının da zərərsizləşdirilməsi nəzərdə tutulub”.

Abşeron Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bakıxanov küçəsindəki məhəllədaxili yollara daş tökülərək, hamarlaşdırılıb. Əraziyə kanalizasiya xətti çəkildikdən sonra əsaslı şəkildə iş görüləcək, asfalt yol çəkiləcək.

Bakı Nəqliyyat Agentliyindən isə (BNA) tövsiyə olunub ki, yerli sakinlər agentliyə onlayn müraciət etsinlər ki, ictimai nəqliyyat probleminə baxılsın.

Ana səhifəReportaj”Hər gün Allaha yalvarırıq ki, yağış yağmasın”