“İlham Əliyevin istefa etməyini istəyirəm”

13 yaşlı Əli Abbasov cüdo üzrə 20-yə yaxın medala sahibidir. O, Türkiyədə, Gürcüstanda cüdo üzrə keçirilən yarışlarda da birinci yer qazanıb. Ancaq balaca çempion 3 ildir imkansızlıqdan məktəbə gedə bilmir.

“Dəfələrlə rayon birincisi olub, bu dəqiqə də Sumqayıt çempionudur. Uşağımla şikayət etməyə getmişəm, şikayətlərimə baxmayıblar. Uşaqlarımın medallarına baxıb lağ edirlər ki, “bu, nədir bir-iki kiloqram dəmir yığıb gəlmisən”, – dörd uşaq anası Günay Abbasova deyir.

Təkcə Əli deyil, ondan başqa 2 uşaq da məktəb üzü görmür. Saray qəsəbəsində yaşayan ailə 2018-ci ildə elə orada yerləşən hərbi hissənin yaxınlığından zorla köçürüldüyünü deyir. Ödənilən 15 min manat kompensasiya ilə də yarımtikili ala biliblər.

“Yoldaşım o vaxt işləyirdi. Traktoru sürdülər üstümüzə, evin bir tərəfini aşırdılar. İmkan olmadı uşaqları məktəbə yollamağa. Yoldaşım da işə getmədi. Gecə oturub həyətin keşiyini çəkirdik ki, birdən gəlib dağıdarlar. Yoldaşım işləyə bilmədi, yolpullarını çatdırmadıq. Əyin-baş, kitab-dəftər lazım idi. Mən də daha uşaqları göndərmədim məktəbə”, – Günay Abbasova deyir.

4 uşaqlı ailənin gəliri təkcə Taleh Abbasovun fəhləlikdən qazandığıdır. Deyir ki, bununla da nə uşaq oxutmaq, nə də ailə saxlamaq olur.

“Azərbaycan prezidenti bir dəfə öz xalqını qarşısına alıb, xalqıyla maraqlanmayıb ki, sən nə yeyirsən, nə içirsən? Günü-gündən bahalaşmalar… Unun qiyməti qalxıb, mən hardan pul gətirib uşağıma yemək bişirim? Prezident qabağa çıxıb camaatdan səs istəyir, mən belə edəcəm, elə edəcəm. Bəs hanı?”, – deyə Günay xanım sual edir.

Günay Abbasova prezidentin və Mehriban Əliyevanın səhifəsinə də yazıb, məktublar da göndərib. Ancaq çifayda, ona yenə məktub göndərməsi tövsiyə olunub.

“Dəfələrlə səhiflərinə yazmışam, dəfələrlə Mehriban xanıma yazmışam. Mehriban xanım gəlsin nəvələrini belə yerdə yaşatsın. Mən qorxmuram, bütün dövlətlərdə onların evləri, mülkləri var. Mən o mülkü istəmirəm. Heç kim özüylə mülk aparmır. Sadəcə mən bir otağın içində ac-susuz 4 övlad böyüdürəm. Bugünkü gün mənim pulum olmayıb ki, gedib o uşağı idmana yola salım, körpəmə də yemək alım”, – Günay Abbasova deyir.

Övladlarına istədiyi həyatı verə bilməyən Günay Abbasova hökumətin dəyişməsini arzulayır.

“Artıq 2019-cu ilə keçdik. Allah özü bu kasıbların üzünə baxsın, İlham Əliyev könüllü istefa etsin. Şəxsən mən razıyam ki, aksiyalar keçirilsin. Mən gəlib iştirak edəcəyəm. Haradan olursa olsun, mən yolpulu tapıb, aksiyada onun istefasını tələb edərəm ki, Azərbaycan da yaşasın. Biz kasıbların nə günahı var”, – 4 uşaq anası Günay Abbasova deyir.

13 yaşlı Əli Abbasovsa nə olursa olsun, qalibiyyətə iddialıdır. İki ay sonra keçiriləcək Respublika Çempionatına hazırlaşır. Arzusu da uğurlu idmançı olub ailəsini bu sıxıntılardan qurtarmaqdır.

Ana səhifəVideo“İlham Əliyevin istefa etməyini istəyirəm”