İnsanovun qüruru

Azərbaycan cəmiyyəti Əli İnsanovu əsasən iki rəngdə tanıyıb.

Foto: Meydan Tv

O, ömrünün finalında “uçurumun dibində olan Azərbaycanın” tarixinə özünün adını necə və hansı rəngdə yazacaq?

Yəqin ki hələ heç kim həbsxana həyatından azadlığa belə daxil olmamışdı. Siz “azadlığa çıxırsınız” deyirsiniz, mənsə bunu “azadlığa daxil olmaq” kimi başa düşürəm. Siyasi məhbusların azadlığa daxil olma anı, məqamı çox həlledici, vacibdi və əksərən onların sonrakı həyatının necəliyini, əvvəlki ilə sonrakının fərqini də elə bu an müəyyən edir.

Əli İnsanovun azadlıq anı bu mənada gözlənildiyi kimi çox maraqlı oldu. Sərt, amma özünə əmin addımlar, kəskin və revanş əhval-ruhiyyəsi. Ağ yaxalıqlı köynək, tərtəmiz qırxılmış üz, səliqəli geyim, kostyum-qalstuk, eyni rəngli papaq və kurtka onun cəzaçəkmə müəssisəsindən deyil, hardansa başqa bir yerdən jurnalistlərin qarşısına gəldiyi təəssüratını yaradırdı. Hər halda, sabiq naziri tanımayan istənilən şəxsi, heç cür onun uzun illərin həbsindən geri döndüyünə inandırmaq olardı.

Onun media üçün qısa və dəhşətli dərəcədə ünvanlı bəyanatları, dərhal birinci şəxsi və hakim siyasi xətti nişana alması niyəsə Ayətullah Xomeyninin sürgündən İrana qayıdış səhnəsini xatırlatdı. Bilirəm, müqayisə uğursuzdu, həm fərqli hadisələrdi, həm də bir-birinə zidd obrazlardı, amma müəyyən oxşarlıqlar da sezmək olur.

Jurnalistin uzun illərin sürgünündən sonra vətəninə dönən Ayətullaha “nə hisslər keçirirsiniz” sualına o, buz kimi “heç nə” cavabını vermişdi.

Bundan fərqli olaraq İnsanovda güclə boğub saxladığı emosiya və təbii qisas hissi az da olsa hiss olunurdu, içi qaynayırdı.

Azərbaycan cəmiyyəti Əli İnsanovu əsasən iki rəngdə tanıyıb. Bir səhiyyə naziri qismində, digərisə 14 ilin siyasi məhbusu obrazında. İndi bu cəmiyyət onun üçüncü obrazına şahidlik edəcək. Dopdolu bir ömür yaşamış, həyatın hər cür üzünü, yaxşısını-pisini görmüş ahıl bir kişinin ömrünün qürub dövründə fəal, barışmaz müxalifətçilik mərhələsi insan xarakterinin ən dərin guşələrinə maraq göstərənlər üçün göydəndüşmə olacaq.

Onun ortadan tam iki yerə parçalanmış, daban-dabana zidd ömür salnaməsinin birində təmsil elədiyi xalqın ən dərin nifrət hissini qazanmışdı və bunu haqq eləmişdi. İkincidə isə bunun yüz faiz əksi baş verdi, tam reablitasiya olundu və üstəlik, hətta ən qatı əleyhdarlarında belə gözlənilməz rəğbət hissi oyatdı. Hətta ictimai-siyasi proseslərə o qədər maraq göstərməyənlər belə onun dillərdə dastan olmuş yoluxucu dərəcədə qürurlu həbs həyatından heyrətlə danışırlar.

Bu iki bir-birinə zidd həyat tərzində əsl İnsanovun hansı olduğunu dəqiq ayırd eləmək bir az müşküldür. Güman ki, bu mübahisəyə onun üçüncü – aktiv və barışmaz müxalifətçilik həyatı böyük ölçüdə aydınlıq gətirəcək. Məsələni aktuallaşdıran həm də onun siyasi proseslərin ən zirək və iddialı sosial təbəqəsinə aidliyidir.

Çoxdan oxumuşam. Kimsə deyirdi ki, cəmiyyəti güclü kişilərdən qorumaq lazımdır. Razılaşmamaq çətindir. Zəif cəmiyyətlərdə güclü kişilər çox təhlükəli olurlar. Bu mənada İnsanov xarakteri xam materialdır.

Üstəlik, onun həbsxana qarşısından müxalifətə qoşulub-qoşulmaması ilə bağlı suala “hələ məlum deyil, mənmi qoşulacam, yoxsa onlar mənə qoşulacaq” açıqlamasında sonrakı düşüncə üçün passiv yaddaş anbarında yer edilməlidir. Sabiq nazirin bundan əvvəlki – nazir və məhbus həyatındakı birmənalı obrazı tabloya əlavə rənglər qatır.

O, ömrünün finalında “uçurumun dibində olan Azərbaycanın” tarixinə özünün adını necə və hansı rəngdə yazacaq? O, hansı obrazın – səhiyyə naziri, yoxsa məğrur və güclü hörmət hissi doğurmuş, barışmaz siyasi liderin – əsl, xas olduğunu göstərəcək?

Bu və başqa suallara cavabı azadlıqda olan, həm də nazir olmayan İnsanovun fəaliyyəti cavab verəcək. Həm də əsas məsələ odur ki, bu İnsanov “vəzifədə olma” və “türmədə qalma” şərtlərindən kənarda olacaq.

Ana səhifəXəbərlərİnsanovun qüruru