None

Mənbə: 

İŞİD-in balaca əsirləri

Rəsmi rəqəmlərə görə, son beş ildə Azərbaycandan 900 nəfər terror təşkilatı olan İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulmağa cəhd edib.

Həmin şəxslərin əksəriyyəti İŞİD-in nəzarətində olan əraziyə keçib. Azərbaycandan Suriyaya və İraqa döyüşmək üçün nəinki kişilər, həm ailələr, həm də həyat yoldaşını tərk edən qadınlar da gediblər.

Meydan TV İŞİD-in ayırdığı azərbaycanlı ailənin hekayəsini işıqlandırır.   

Xırdalan şəhər sakini Pərvanə Əhmədova 16 aprel 2014-cü ildə iki qızını - doqquz yaşlı Nəzrin və üç yaşlı Laləni də götürüb, evi tərk edib. O, həyat yoldaşına məktub yazaraq, ona onları axtarmamağı məsləhət görüb.

“Hicrət etdiyini yazmışdı. Onu unudub, yeni həyata başlamağımı təklif etmişdi”, - İlqar Yusifov həyat yoldaşı və qızları getdikdən sonra evdən tapdığı məktubun məzmununu danışır.

İlqarın sözlərinə görə, həyat yoldaşı uşaqları da götürüb Suriyanın Raqqa şəhərinə gedib. Məktubda bu haqda yazılmasa da, Pərvanə getdikdən az sonra zəng edib harda olduqlarını deyib, hətta ona uşaqların video və fotolarını da göndərib.

İlqarın Meydan TV-yə göndərdikləri arasında qızların əllərində silah, arxa fonda İŞİD bayrağı olan, evin eyvanından uzaqdan minarələrin göründüyü şəkillər var.

“Biz şəhid olmağa gəlmişik”

Elə həmin ildə eyni hal Xaçmaz rayonunun Armudpadar kəndindən olan 37 yaşlı Çiçək Bəybalayevanın ailəsində baş verib. İki uşaq anası olan Çiçək əvvəlcə həyat yoldaşına “dinsiz” olduğu üçün ondan boşanacağını deyib.

Çiçək əyalət adamına xas olmayan qərarlılıqla boşamağı gözləmir, böyüyü 15, balacası 13 yaşlı iki uşağını da götürüb, Köhnə Xaçmaz kəndinə köçür.

Az sonra qızını evinə qayıtması üçün dilə tutmağa gedən anası nə Çiçəyi, nə də uşaqları tapa bilir. Bir müddət sonra Çiçək anasına zəng edərək, öz yerlərini bildirir: “Hələbdəyik. Şəhid olmağa gəlmişik. Sizin kimi dinsizlərlə birlikdə yaşamaq mümkün deyil”, - əlaqə kəsilir.

Çiçəyin zəng etdiyi nömrə redaksiyada var, həmin nömrə, doğrudan da, Suriyanın mobil operatorlarından birinə aiddir, amma zəng çatmır.

Bu, Çiçəyin valideynlərinə ikinci zərbə olur, çünki bir müddət əvvəl ailənin kiçik qızı Tümenə də pul qazanmaq adıyla həyat yoldaşı və iki uşağı ilə birlikdə Hələbə gedib. Ailə gedərkən balacaları iki aylıq, böyük uşaqlarının isə iki yaşı olub. 

Suriyada azyaşlı azərbaycanlıların olmasıyla bağlı rəsmi qurumlar ancaq 2017-ci ilin payızında açıq danışmağa başlayıb.

Uç yaşlı Abdulla (ad şərtidir) İraqdan Azərbaycana oktyabr ayında gətirilib.

Valideynləri bombardmanda ölən uşaq azərbaycanlı qohumları onu tapana kimi Bağdaddakı sığınacaqlardan birində yaşayıb.

Bundan bir müddət sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “İraqda 100-dən artıq azərbaycanlı qadın və uşaq var” deyə, açıqlama verib. Ümumiyyətlə, beynəlxalq mediada gedən xəbərlərə əsasən, sentyabr ayında İraqda 1400-ə yaxın qadın və uşağın olduğu bəlli olub. Onlar əsasən, öldürülmüş İŞİD döyüşçülərinin ailə üzvləridir.

Sərhəddəki görünməzlər

Pərvanə Əhmədovanın həyat yoldaşı İlqar Yusifovu maraqlandıran məqamlardan biri də onun icazəsi olmadan, “həyat yoldaşı iki uşağıyla birgə sərhədi necə keçib?” - sualıdır. Pərvanə Əhmədova nəinki həyat yoldaşının icazəsini almayıb, hətta onun əlində uşaqlarının doğum haqqında şəhadətnaməsi və pasportları da olmayıb. Bu, Yusifovu bu məsələdə təkcə İŞİD təbliğatçılarının deyil, həm də dövlət məmurlarının əlinin olmasını düşünməyə vadar edir.

İlqar Yusifov məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) müraciət etsə də, ona həyat yoldaşı və uşaqlarının sərhədi keçmədiyi deyilib.

Meydan TV Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdən məsələ ilə bağlı münasibət öyrənib. XİN sözçüsü bildirib ki, ölkədən saxta sənədlərlə uşaq çıxarılması ilə bağlı qurumda məlumat yoxdu.

XİN bu məsələ ilə bağlı Meydan TV-nin məlumat ala bildiyi yeganə rəsmi dövlət qurumu olub.

“Mən davamlı olaraq rəsmi qurumlara müraciət etdim. Öncə məktublarıma cavab verən olmadı. Daha sonra Daxili İşlər Nazirliyinə (DİN) çağırıb, susmağımı tapşırdılar. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidmətinin) əməkdaşı mənə dedi ki, bildiklərimi onlara demişəm, indi gedib oturum evdə, gözləyim”, - İlqar belə deyir. 

Назрин и Лала Юсифовы Фото из личного архива Ильгара Юсифова

Назрин и Лала Юсифовы Фото из личного архива Ильгара Юсифова

İŞİD təbliğatçısı - qonşu

İlqarın ehtimallarını 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İlham İsmayıl təsdiqləyib. O, Meydan TV-yə keçmiş MTN əməkdaşlarının rüşvət qarşılığında İŞİD təbliğatçılarına köməyilə bağlı olan korrupsiya planı haqqında danışıb. Keçmiş MTN əməkdaşı hesab edir ki, məmurların köməyi saxta sənədlərin hazırlanması və ya Azərbaycan -Türkiyə sərhədini sənədsiz keçməyə yardımdan ibarət olub.

İlham İsmayılın sözlərinə görə, İŞİD təbliğatçıları Azərbaycanda vətəndaşlar arasında təbliğat işlərini sistemli şəkildə aparıb:

“Təbliğatçılar seçilmiş şəxslərin inamını qazanaraq, onları doğru həyat tərzi keçirmədiklərinə, lakin islam qaydalarına uyğun yaşamağa başlamağın da gec olmadığına inandırıblar. İŞİD təbliğatı özünün ən uğurlu nəticəsini ölkənin şimalında – Şimali Qafqaza yaxın ərazidə, eləcə də Bakı və Sumqayıtda verdi”, - deyə İlham İsmayıl qənaətini Meydan TV ilə bölüşüb. Onun sözlərinə görə, təbliğatçılar Azərbaycana Səudiyyə Ərəbistanından gəliblər.

“ Azərbaycanda bugünə kimi İŞİD-in təbliğatını aparması ehtimal olunan kimsə saxlanmayıb.”

Lakin Türkiyənin “Milliyyət”, qəzetinin verdiyi xəbərə görə, ötən il Türkiyə Təhlükəsizlik Qüvvələri tərəfindən aralarında Azərbaycan vətəndaşı da olan bir qrup adam həbs olunub. Ümumilikdə 25 xarici ölkə vətəndaşlarından ibarət olan qrup saxta sənəd düzəltmək və İŞİD-ə işləməkdə şübhəli bilinir. İttihama görə, saxlanılanlar xaricilərə döyüşlərdə iştirak etmək üçün Suriya sərhədini keçməyə kömək ediblər.

Raqqaya gedən Pərvanə Əhmədovanın qohumları hesab edir ki, onu Suriyaya getməyə təşviq edənlər arasında qonşusu da olub.

“Məhz həmin qadınla (Meydan TV müəyyən səbəblərə görə, qadının adını açıqlamır) tanışlıqdan sonra Pərvanə “dinə gəldi” və namaz qılmağa başladı, daha sonra hicaba keçdi və dinə bağlılığı olmayan adamları qınamağa başladı”, - deyə İlqar Yusifov olub-keçənləri xatırlayır.

Dərs yerinə dua

Pərvanənin bacısı Samirə Əhmədova deyir ki, bacısının hərəkətləri getməzdən xeyli əvvəl dəyişib: “Mən başa düşürdüm ki, tez, ya gec, o, nəsə edəcək. Ancaq bu qədərini düşünmürdüm”.

Samirə dəfələrlə bacısı ilə qızını başını örtməyə, dərs əvəzinə dua öyrənməyə məcbur etdiyinə görə mübahisə edib. Növbəti mübahisələrdən birindən sonra bacılar ünsiyyəti kəsiblər və elə bir müddətdən sonra da Pərvanə Əhmədova evdən gedib.

Bundan sonra qızları bir neçə dəfə telefon vasitəsilə İlqarla əlaqə saxlayıb, ona öz video və şəkillərini göndəriblər.

Həmin nömrə ilə oğlunun adından əlaqə saxlayan Samirə Əhmədova bacısına kömək edə bilməsi üçün ondan olduğu yeri söyləməsini xahiş edib.

“Ondan sonra oğlumun telefonuna hədə mesajı gəldi”, - deyən Samirə Əhmədova onu da əlavə edir ki, həmin söhbətdən sonra o nömrəyə bir daha zəng çatmayıb.

Qazanc yeri - müharibə

Din və ideologiya azərbaycanlıları Suriyaya cəlb edən yeganə səbəb olmayıb.

“ Kim ki ailəsilə gedib, onlar daha çox maddiyat üçün o yolu seçiblər. Adətən onlara pul vəd edirdilər. Məbləğin bir hissəsi döyüşdə iştirak edənə kimi, bir qismi döyüşdən sonra, digər bir hissəsi isə ailə başçısını döyüşdə itirərdisə, ala bilərdi.

Hətta beyinləri yuyulsa belə, gedənlərin əksəriyyəti pul məsələsi olmasaydı, getməzdi”, - keçmiş MTN zabiti əminliklə deyib.

Meydan TV olaraq, aydınlaşdırdıq ki, İŞİD-lə əlaqəsi olan azərbaycanlılara vəd olunmuş qonorar 1000-2000 avro civarında olub.

Bu məsələni Azərbaycan Respublikasının Milli Məclisində dəfələrlə gündəmə gətirmiş deputat Zahid Oruc hesab edir ki, keçən illə müqayisədə dövlət xeyli iş görüb:

“ Məsələn, 2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycanın iştirak etmədiyi hərbi əməliyyatlarda iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarına ən ağır sanksiyalar tətbiq oluna bilər”.

Millət vəkilinin sözlərinə görə, İŞİD-in nəzarətində olan ərazilərə gedən azərbaycanlılarla bağlı ilk xəbər hələ 2011-ci ildə yayımlanmağa başladı. Lakin gedənlərin sayının nəzərəçarpacaq dərəcədə artması 2013-cü ilə təsadüf edir.

"Uşaqların vətənə qaytarılması çətin prosesdir”, - deyir Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev:

“Əvvəlcə hətta öz valideynlərinin adını və harda doğulduğunu belə bilməyən bu uşaqların şəxsiyyətləri müəyyən olunmalıdır. Doğmaları bizə müraciət etməlidir. Bundan sonra axtarılan şəxslərin şəxsiyyəti və olduğu yer müəyyənləşdirmək üçün proses başlayır”.

XİN sözçüsünün sözlərinə görə, bu məsələdə ən böyük köməyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədə olan əməkdaşları edə bilirlər.

Qalina Balzamova, Qırmızı Xaçın Moskva bürosunun əməkdaşı Meydan TV-yə bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bölgəyə yardım səfərləri edib və İraqda saxlanılan 1300 qadın və uşaqla görüşüblər: “Həmin qrupda 20-yə yaxın millətin nümayəndəsi var”.

Назрин Юсифова Фото из личного архива Ильгара Юсифова

Назрин Юсифова Фото из личного архива Ильгара Юсифова

Reabilitasiya və cinayət təqibi

Peşəkarlar hesab edirlər ki, ora gedən hamı – qaynar nöqtələrə gedən şəxslərdən tutmuş, hətta müharibə görməmiş birinə kimi birmənalı şəkildə ağır psixoloji travma alırlar. Təəssüf ki, müharibə görmüş istər böyüklər, istərsə də balacalar üçün psixoloji reabilitasiya keçməklə bağlı Azərbaycanda xüsusi proqram yoxdur.

Adətən döyüşçülərin ailə üzvləri vətənə qayıdanda onlara qarşı cinayət təqibi başlayır.

Bugünə kimi 80-ə yaxın Azərbaycan vətəndaşı xaricdə terror təşkilatının tərkibinə qoşulması və xarici hərbi əməliyyatlarda iştirak etdiyi üçün ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub.

Daha 151 nəfər isə məhz bu səbəbdən Azərbaycan vətəndaşlığından məhrum olunub.

“Suriyaya döyüşməyə gedənlər birmənalı şəkildə cəzalandırılmalıdırlar. Uşaqlara gəlincə, onları mütləq şəkildə vətənə gətirmək, cəmiyyətə adaptasiya etdirmək və lazım olan psixoloji dəstəyi vermək lazımdır “, - deyə deputat Zahid Oruc vurğulayıb.

Azərbaycanda digər qonşu respublikalara – Şimali Qafqaza nisbətən analoji hadisələr hələlik azdır. Məsələn, Suriyadan Dağıstana qayıtmış qadınlar təkcə psixoloji yardım almır, onlar hətta hakimiyyətlə danışıqlara getsələr belə təqibə məruz qalırlar.

Ukraynalı psixoterapevt “Start up” («Старт-ап») təlim mərkəzinin direktoru, uşaqlarla iş təcrübəsi olan Lina Kadırova deyir ki, Terror Əleyhinə Əməliyyat ərazisindən gətirilmiş uşaqlara hər şeydən əvvəl vəziyyəti doğru izah etmək lazımdır: ”Əks halda bu uşaqda daha bir psixoloji travmaya səbəb ola bilər. Önəmli olan, uşağın özünə qapanmamasıdır”.

Назрин и Лала Юсифовы Фото из личного архива Ильгара Юсифова

Назрин и Лала Юсифовы Фото из личного архива Ильгара Юсифова

Psixoloqun sözlərinə görə, qayıtdıqdan sonra uşaqda inamı formalaşdırmaq və həyat sevgisini bərpa etmək lazımdır. Onlara demək lazımdır ki, “Biz xoşbəxt olmaq, xoşbəxt yaşamaq üçün doğulmuşuq. Nə olubsa, bu, acı təcrübədir. Dəhşətlidir və tragikdir, lakin bu bitib. Biz artıq daha güclüyük və bundan sonra həyatdan zövq almaq, sevinməyi öyrənmək və həyata “fərqli gözlə baxmaq” lazımdır”.

Pərvanənin həyat yoldaş İlqar Yusifov isə hələ də gözləyir və həyat yoldaşının övladlarıyla birgə sağ-salamat geri dönəcəyinə ümid edir. O, sonuncu dəfə onlarla bir il əvvəl - 2016-cı ilin avqust ayında əlaqə saxlaya bilib.

Pərvanənin valideynləri isə qızları ilə aradabir telefon əlaqəsi saxladıqlarını, qızlarının uşaqları ilə birlikdə sağ-salamat olduğunu deyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s2pbm0

Ən çox baxılan