None

Mənbə: Meydan TV

''İstəyirdim ki, Mehriban Əliyeva balama kömək eləsin...''

Məqalə yeniləndi:  28 Fevral 2019

Övladı xəstəlikdən əziyyət çəkən ana: “Biz terrorist deyilik”

Göyçayın 20 yaşlı sakini Gülər Qasımova böyrək çatışmazlığından əziyyət çəkir. Üç ildən çoxdur doğulduğu şəhərdə, həmçinin Bakıda müalicə olunan, dəfələrlə əməliyyat keçirən qızın səhhəti getdikcə daha da ağırlaşır. Böyrəklərindən biri tam sıradan çıxıb, funksionallığını itirib. İkinci böyrək yalnız 12 faiz fəaliyyət göstərir.

“Uşağımı səhv əməliyyat elədilər, hirsimdən cərrahın xalatını cırdım”

Gülər deyir ki, hələ 2014-cü ildə səhhətində nasazlıq hiss edib. Yerli xəstəxanaya gedib, ona daxili orqanlarında kristallaşma olduğunu deyiblər. İki il ərzində vəziyyət xeyli pisləşib. O dərəcədə pisləşib ki, təcili əməliyyat olunub: “Heç vaxt böyrəyimdən şikayətim olmurdu. Anam deyirdi, “qız uşağısan, əynini qalın elə”. Möhkəm ağrılar başlayanda Göyçayda əməliyyat olundum. Sonradan məlum oldu ki, böyrəyimdi. Təcili Bakıya çatdırdılar. Orada da iki ay müalicə aldım, sonra yenə əməliyyat. Hər dəfə əməliyyat eləyib böyrəyimdən daş çıxarırdılar. Təkcə dörd dəfə lazerlə əməliyyat olunmuşam, xeyri yoxdu. Böyrəyimin biri fəaliyyətini tam itirib. Hər iki böyrəyimdə stend var, bunsuz yaşaya bilmirəm. İkinci böyrəyimin də sıradan çıxmasından qorxuruq”.

Gülərin anası Aygün Qasımova həkim məsuliyyətsizliyindən yana-yana danışır. O da vəziyyətin bu dərəcədə ağırlaşmasında səhv diaqnozun əsas rol oynadığını düşünür: “Hirsimdən cərrahın xalatını cırdım. Uşağımı səhv əməliyyat elədilər. Ədyalın içində, qucağımızda ora-bura qaçırdıq. 350 manat əməliyyat eləyən həkimə vermişdik, 60 manat təcili tibbi yardıma. Sonradan balamı neçə dəfə doğradılar. Bakıda gəzmədiyimiz xəstəxana qalmadı. Nə qədər əməliyyat olunub uşaq. Cavadzadə adına klinikada həkim İsmayıl İsmayılov gəldi, dedi, bu böyrək ələ gəlmir. Hər dəfə əməliyyat eləyirdilər, daşların hamısını götürmürdülər. O da sidik yolunu tutur. Getdim baş həkimin yanına. O da həkimə dedi ki, get, əməliyyat elə, tutar qatıq, tutmaz ayran”.

Aygün Qasımova

“Heydər Əliyev Fonduna zəng vurmuşdum, hələ xəbər çıxmayıb”

Ana danışır ki, kömək üçün çox yerə müraciət ediblər. İndi nəinki Güləri müalicə edə bilmirlər, ailənin heç dolanmağa da gücü çatmır: “Atası zibil maşını sürür. Evdə təkcə o işləyir, maaşı da 250 manat. Təqaüd, sosial yardım almırıq. Özüm şəkər xəstəsiyəm, üç dəfə əməliyyat olunmuşam. Ayağımın şah damarı qırıldı. Beləcə, ayağım şikəst qaldı. Bax, yoldaşımın ürəyi sizdən bir az əvvəl tutdu, gedib içəridə uzandı. Ürəyində üç stend var. Keçən həftənin beşinci günü icra başçısının yanına getdim. Dedim, ay qardaş, o qızın anasıyam, kömək istəyirəm. Eləcə qeyd elətdirdi, heç bir kömək olmadı. Heydər Əliyev Fonduna zəng vurmuşdum, Allah bilir, növbədə neçənciyəm. Hələ xəbər çıxmayıb. İstəyirdim ki, Mehriban Əliyeva uşağıma kömək eləsin, balama əl uzatsın. Məktub yazmağın mənası yoxdu. Onsuz da cavabları rayonda cırıb atırlar, məlumat vermirlər. Əldə pul olmalıdı, gücün olmalıdı. Mən yeriyə bilmirəm. Mənim heç danışmağıma ehtiyac yoxdu, bütün qonşular bilir. Mən adicə gedib dükandan çörək ala bilmirəm”.

Aygün Qasımovanın dediyinə görə, Rusiyada yaşayan göyçaylı iş adamı Fərhad Əhmədov ilə əlaqə saxlamağa çalışıblar: “Oğlum onunla görüşmək üçün nar zavodunun hasarını aşmışdı, tutub saxlamışdılar. Biz terrorist deyilik. Sadəcə, dövlətdən kömək istəyirik. Xəstəlik bütün ailəni məhv eləyir”.

Gülər Qasımova

“Hər həftə xəstəxanada 600 manat xərcləyirik”

Gülərin böyrəklərinin dəyişdirilməsi üçün ailəsi bankda hesab nömrəsi açıb. Ananın dediyinə görə, müalicəsi Almaniyada, Türkiyədə mümkündür. Hesaba indiyə qədər cəmi 2800 manat yığılıb:

“Yazıq uşaq hər həftə gedib baxır, pul yığılmır. Həftəyə uzağı 50 manat. Hər həftə təkcə Sabunçu xəstəxanasında 600 manat xərcləyirik. Qohum-qonşu yığışıb hərəyə 20 manat pul verdi. Evdə hamımız xəstəyik. Dövlətin heç bir köməyi yoxdu. Mənə heç olmasa, bu uşağa baxdığıma görə də pul vermirlər”.

Gülər “Facebook”dakı profilində az qala hər gün xəstəliyi ilə bağlı paylaşım edir. Kömək edənlər az deyil, amma bir neçə manatla bütün müalicə xərcini yığmaq çətin görünür. Gülər yenə ümidini üzmür, insanların mərhəmətinə güvənir.

Anası deyir ki, kömək əlini uzadan heç bir adamı yaddan çıxarmır: “Məcburi köçkün var Göyçayda, gətirib 300 manat verdi. Dedi, sağalsın, gəlib qurban kəsəcəm. Nə qədər qurban demişik. Mən də anayam, arzum var, istəyirəm onu bu qapıdan gəlin köçürüm...”

Gülər arzuların ətəyindən tutub yaşayır: “Aptekə təzəcə işə düzəlmişdim. Həkim olmaq istəyirdim. Ağ xalatdan elə xoşum gəlir ki...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 Fevral 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/unr1aw

Ən çox baxılan