İtaliyada rüşvət işində şübhəli bilinən biznesmen Azərbaycanın birinci ailəsinə bağlıdır

Azərbaycanda insan haqlarının boğulmasına töhvə vermiş gizli ofşor əməliyyatları

Source:
Əliyevlər
Əliyevlər

Aprelin ortalarında İtaliyada çirkli pulların yuyulması ilə bağlı keçiriləcək məhkəmə prosesi 2013-cü ildə Azərbaycanda insan haqlarının boğulmasına töhvə vermiş gizli ofşor əməliyyatlarının üzərinə işıq salmalıdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Luca Volontenin Milanda keçiriləcək məhkəmə iclasına hazırlaşan müstəntiqlər Volonteni Britaniya ofşor şirkətləri vasitəsilə 2.39 milyon avro ödənişlər qəbul etməkdə ittiham edirlər.

Maliyyə vəsaitinin əsas hissəsi Azərbaycanda “Baktelekom” MMC tərəfindən Britaniyanın “Hilux Services LLP” şirkəti və bu şirkətin Estoniya bankındakı hesabı vasitəsilə köçürülüb. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsinin (OCCRP) araşdırmaçısı bu şirkətin sahibi olan biznesmenin Azərbaycanın birinci ailəsi ilə əlaqələrini aşkarlayıb.

Prokurorlar ödənişlərin Volonteyə Avropa qurumunun Azərbaycanda insan haqlarının durumuna dair tənqidlərini susdurmaq müqabilində edildiyini təsdiqləyiblər.

Prokurorlar 2.39 milyon avronun Volonteyə 2012-2014-cü illərdə necə çatdırıldığını izlədiklərini deyiblər. İttiham aktında isə qeyd olunur ki, 1 milyard avro Britaniyanın “Hilux Services LLP” şirkətinin hesabına 2013-cü ilin dekabrı ilə 2014-cü ilin dekabrı arasındakı müddətdə köçürülüb. Bu da öz növbəsində korrupsiya sxeminin Volonte işindən daha geniş miqyasda törədildiyinə dair şübhələrə yol açır.

Bu məsələ aktivistlərin və vətəndaş cəmiyyəti qruplarının etirazına səbəb oldu. “Transparency International” AŞPA-dan tərəfsiz, etik korrupsiya araşdırmasının aparılmasını tələb etdi (AŞPA Avropa parlamentindən fərqli olaraq digər funksiyalarla yanaşı Avropa İnsan Haqları Məhkəməsinə də nəzarət edir).

Luka Volonteni

Volontenin Azərbaycanla əlaqələri 2011-ci ilə, bir-biri ilə əlaqəsi olmayan iki hadisənin baş verdiyi dövrə gedib çıxır:

• Azərbaycan AŞPA-nın tapşırığı ilə siyası məhbuslarla bağlı hesabat hazırlayan Almaniya parlamentinin deputatı Kristofer Ştrasserin viza müraciətinə üç dəfə “yox” cavabı verib.

• Eyni ildə Volonte Azərbaycanı AŞPA-da təmsil edən deputat həmkarı Elxan Süleymanovun dəvəti ilə Azərbaycana səfər edib.

Hər iki şəxsin məqsədi fərqli olub.

Ştrasser şəxsən özü Azərbaycana gələ bilmədiyindən Azərbaycandan olan insan haqları fəalı Anar Məmmədliyə müraciət edərək siyasi məhbusların siyahısının hazırlanmasında ona gömək etməyini və işlərin detallarını yoxlamağı xahiş edib.

“Mən bu işin vacib olduğunu bilirdim”- A. Məmmədli “OCCRP”-yə deyib. Ümid də ona idi ki, hesabat AŞPA-nı siyasi məhbusların tez bir zamanda azadlığa buraxılmasına dair çağırışlara sövq edəcək. Hesabatın təsdiq olunacağına dair yüksək gözləntilərimiz var idi.

Müstəntiqlər deyir ki, A.Məmmədli və digərləri 2012-ci ildə siyasi məhbuslarla bağlı hesabatın üzərində işləyərkən Volonte Azərbaycan hökumətinə ölkənin imicini inkişaf etdirmək və 2012-ci ildə Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin hesabatında Azərbaycana dair yer alan korrupsiya iddialarını darmadağın etməyin yollarına dair məsləhətlər verirmiş.

Prokurorlar deyir ki, Volonte Ştrasserin hesabatının AŞPA-da qəbul olunmamasının üzərində çalışırmış. 2013-cü il yanvarın 23-də AŞPA sənədin əleyhinə səs verdi: əleyinə 125, leyhinə 79 səs.

Avropa Stabillik Təşəbbüsünün sədri Gerald Knaus deyib ki, Volontenin səsləri siyasi məhbus siyahısının əleyhinə təşkil etməsi həlledici rol oynayıb. Knaus Milan prokurorluğunun əldə etdiyi və AŞPA-da lobbiçilik edən azərbaycanlı parlamentari Elxan Süleymanovla Volonte arasında pul axınını əks etdirən məktublar, e-mail və bank ödənişlərinə işarə edib.

Süleymanov ittihamları rədd edib.

Prokurorlar deyirlər ki, Volontenin bu lobbiçiliyinə görə 2.39 milyon avro ödənilib. Bu vəsait “Hilux Service LLP”-nin hesabından köçürülüb. Şirkət öz növbəsində pulları rabitə xidmətləri təklif edən dövlət şirkəti – “Baktelekom” MMC-dən alıb. Bu şirkətin adı Azərbaycanın dövlət şirkəti olan “Baktelecom”la asanlıqla səhv salına bilər, ancaq fərqlidir.

“OCCRP”-nin araşdırmaçısı aşkarlayıb ki, “Baktelekom” azərbaycanlı iş adamı Rasim Əsədova bağlıdır. “OCCRP”-nin əldə etdiyi məlumata görə, Əsədov başqa bir şirkətdə Azərbaycanın birinci xanımı (Birinci vitse- prezident) Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevin şərikidir.

2016-cı ilin oktyabrında, Volonteyə ödənişlərlə bağlı skandal üzə çıxandan bir neçə ay sonra “Hilux Service LP” öz adını məhdud ictimai informasiyalı “SL012732LP”-yə dəyişib.

Pullar Volonteyə “Danske” Bankının Estoniya filialından köçürülüb. Pulların mənbəyi isə “Baktelekom” MMC idi. Bu Azərbaycan şirkətinin saytı və ictimai profili yoxdur, ona görə də şirkətin nə işlə məşğul olduğu aydın deyil. “Baktelekom” MMC 2012-ci il yanvarın 26-da atası müstəqillik dönəmində ilk daxili işlər naziri olan Əsədov tərəfindən təsis olunub. Onun atası Məhəmməd Əsədov və daha 21 nəfər 1991-ci ilin sonlarında Dağlıq Qarabağ üzərində vertolyot qəzasında həlak olub.

Oğul Əsədov isə paltar biznesi də daxil olmaqla başqa işlərlə məşğuldur.

1 milyon avro ofşor transferinə baxmayaraq, görünür “Baktelekom”MMC-nin vergi problemləri olub. 2017- ci il yanvarın 1-də verilən vergi amnistiyası ilə şirkətin 31,356,364 manatlıq (17.4 milyon dollar)vergi borcu silinir.

Əsədov həmçinin vitse-prezidentin əmisi oğlu olan Paşayevlə Avstriyada qeydiyyatdan keçirilən “AEBG Eta Holding GMBH”-də 50-50-yə biznes şəriki olub. Qeydiyyat sənədlərində şirkətin nə işlə məşğul olduğu aydın göstərilməyib, amma beynəlxalq kommersiya məlumat bazasında “Dun and Bradstreet” şirkətin dəyərinin 5 milyon dollar civarında olduğunu göstərib.

AŞPA-da səsvermənin nəticələri

Azərbaycanın insan haqları fəalları iddia edirlər ki, AŞPA-dakı səsvermə Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qəddarlıqla zərbə vurmasına yaşıl işıq yandırdı.

Səsvermədən az sonra hökumət ölkənin silahlı qüvvələri daxilində korrupsiya iddialar ilə bağlı etiraz aksiyaları təşkil edən müstəqil gənclər hərəkatı – NİDA Vətəndaş Hərəkatının səkkiz üzvünü həbs etdi. Onlardan biri İlkin Rüstəmzadə hələ də həbsdədir.

2013-cü ilin seçkiləri zamanı prezidentliyə namizədliyini irəli sürən “Real” Hərəkatının sədri İlqar Məmmədov da həbs olundu. O, hələ də həbsdə saxlanılır. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun həbsinin siyasi motivli olduğunu bildirib.

Hesabatın üzərində işləyən A.Məmmədli 2013-cü ilin dekabrında həbs olundu, 2016-ci ilin martında isə azadlığa buraxıldı.

Tanınmış jurnalistlərin və fəalların həbsi davam edib. İctimai fəalların dediyinə görə, hazırda siyasi məhbusların sayi 145-dir.

Milan məhkəməsi bildirib ki, Volonte parlament üzvü olduğu zaman həyata keçirdiyi siyasi fəaliyyətinə görə mühakimə oluna bilməz. Prokurorluq bu qərardan apelyasiya şikayəti verib. Bu arada Volonte çirkli pulların yuyulmasında ittiham olunub.

Avropa Stabillik Təşəbbüsünün sədri Knaus deyir ki, belə bir məsələdə toxunulmazlıq hüququnun saxlanılması ona qəribə gəlir: “Məsələ burasındadır ki, Volonte davranış kodeksini dramatik şəkildə pozub. O özü də bunu etiraf edib. Əgər bu iş araşdırılmırsa, onda Avropa Şurası həlledici səsvermə öncəsi siyasətçilərin ümumi xöşbəxtlik məsləhətçiləri qismində qiymətləri və kimin nə qədər istədiyini elan etsin”.

A.Məmmədli isə deyir ki, ümidini itirməyib. Belə ki, Avropa Şurası özü məsələni araşdırmağa başlaya bilər.

“Bu, ədliyyə və siyasi məhbus məsələsindən daha böyük məsələdir. Söhbət bizim Avropa dəyərlərinə inamımızdan gedir. Əgər Azərbaycan rəhbərliyinin pulları Avropanın demokratik sistemini dağıtmağı bacarırsa, bu, dünyanın sonu deməkdir? İndi AŞPA-nın nüfuzu İtalya hökuməti və Avropa Şurasının Volonte işinin araşdırılması üçün ortaya qoyacağı siyasi iradədən asılıdır”.


Tərcümə etdi: Leyla Mustafayeva

Ana səhifəAraşdırmaİtaliyada rüşvət işində şübhəli bilinən biznesmen Azərbaycanın birinci ailəsinə bağlıdır