Katın cinayəti

İstintaq zamanı ümumən 900 şahid dindirildi, 200-dən artıq cəsəd ekskumasiya olundu.

Foto: Meydan Tv


(ikinci hissə)

1943-cü ilin sentyabrının sonlarında Smolensk vilayəti sovet qoşunları tərəfindən azad edildi. Oktyabrın 5-dən etibarən Katın ərazisində SSRİ Daxili işlər və Dövlət təhlükəsizliyi xalq komissarlıqlarının (1946-cı ilə qədər SSRİ-də nazirliklər xalq komissarlıqları, nazirlər isə xalq komissarları adlanırdılar) xüsusi komissiyası Katında fəaliyyətə başladı. Bu fəaliyyət əslində hadisənin araşdırılması deyil, onu guya almanların törətdikləri barədə yalançı dəlillər və şahidlər hazırlamaq idi.

1944-cü ilin yanvarın 10-da "təhqiqatı"nı yekunlaşdıran xüsusi komissiya öz hesabatında bildirirdi ki, sovet-alman müharibəsi başlayarkən polyak hərbi əsirlər Smolensk yaxınlığında üç həbs düşərgəsində imişlər və yol tikintisində çalışıblar. Onlar təxliyə olunmadıqlarından almanların əlinə keçiblər və 1941-ci ilin avqust-sentyabr aylarında güllələniblər.

Hesabatda daha sonra iddia edilirdi ki, polyakların basdırıldığı kütləvi məzarlıqları almanlar 1943-cü ilin yazında açıblar, oradan 1940-cı ilin baharından sonraya aid sənədləri götürərək məhv ediblər, qazıntılarda iştirak edən sovet hərbi əsirlərini isə güllələyiblər. Yerli sakinlər isə ölüm qorxusu altında yalançı şahidliyə vadar olunublar.

Yanvarın 12-də isə sovet hökuməti "Polşa əsir zabitlərinin alman-faşist işğalçıları tərəfindən Katın meşəsində (Smolensk yaxınlığında) güllələnməsinin təfərrüatlarının müəyyənləşdirilməsi və təhqiqatı üzrə Xüsusi komissiya" yaratdı. Komissiyanın rəhbəri tanınmış sovet cərrahı, akademik Nikolay Burdenko təyin olundu.

thumb_57939_artworks_big.jpeg
N.Burdenko

Tarixşünaslıqda daha çox "Burdenko komissiyası" kimi tanınan Xüsusi komissiya yanvarın 14-25-də faəliyyət göstərdi, 925 cəsədi tədqiq etdi. Komissiya bəzi cəsədlərdə 1940-cı ilin yazından sonrakı tarixə aid sənədlər tapıldiğini iddia etdi. Burada guya Stanislav Kuçinski adlı zabitin arvadı İrenaya yazdığı, lakin göndərməyə macal tapmadığı 20 iyul 1941-ci il tarixli məktub və digərləri vardı.

Yanvarın 22-də komissiya ABŞ səfirinin qızı da daxil olmaqla xarici jurnalistləri ekskumasiya işlərinə dəvət etdi. Görülən bütün tədbirlərə baxmayaraq, jurnalistlər komissiyanın iddiaları ilə gerçəklik arasında uyğunsuzluq aşkar etdilər. Məsələn, avqust-sentyabr ayında öldürüldükləri iddia olunan əsirlərin şineldə olmaları təəccüb doğururdu. Komissiya buna "ərazidə iqlim dəyişkəndir" cavabını verdi. Amma sonrakı mətbuat konfransında qətllərin tarixi sentyabr-dekabr aylarına çəkildi. 1941-ci ilin yayında sovet qoşunları çəkiləndən sonra əsirlərin niyə dağılışmaması, bir nəfər kimi almanlara əsir düşmələri də anlaşılmaz idi.

Almanlar 1941-ci ildə hesab edirdilər ki, bütün itkin zabitlər Katında güllələniblər, sadəcə onlar bütün məzarları tapmayıblar. Buna görə də, güllələnlərin sayının 12 min olması barədə yalan informasiya yaymışdılar. Dəvət etdikləri beynəlxalq komissiyaya və polyak nümayəndələrinə də yalnız iyun ayına qədər işləməyə imkan verdilər və istilərin düşməsi bəhanəsilə işləri dayandırdılar.

İndi bu yalan sovetlərin işinə yaradı. Onlar "məhkəmə-tibb ekspertlərinin hesablamalarına görə" Katında öldürülənlərin 11 000 nəfər olduğunu söylədilər. Çünki Katındakı cəsədlərin həqiqi sayı (4421) göstərilsə idi, digər hərbi əsirlərin harada olması sualı yaranacaqdı. Yerli sakinlərin demək olar ki, hamısı almanlara verdikləri ifadələri dəyişdilər və indi polyakları almanların öldürdüyünü dedilər. Lakin istisnalar da vardı.

İşğal dövründə Smolenskin burqomistiri olmuş Boris Menşaqin ifadəsini dəyişməkdən imtina etdi, nəticədə işğalçılarla əməkdaşlığa görə 25 il həbs cəzasına məhkum edildi. Halbuki onun xeyli adamı ölümdən qurtardığı barədə faktlar vardı. Menşaqinin müavini olmuş Boris Bazilevski isə almanları günahlandıran ifadə verdi, Nürnberq məhkəməsində də şahidlik etdi, əvəzində cəzadan qurtuldu, baxmayaraq ki, o da işğalçılarla əməkdaşlıq etmişdi.

***

Nasist canilər üzərində 1945-ci il noyabrın 20-də başlayan əsas Nürnberq prosesinin ittiham aktına Katın cinayəti də daxil edilmişdi. Bu prosesi aparmaq üçün yaradılan Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 21-ci maddəsində "Tribunal hərbi cinayətlərin araşdırılması üçün müxtəlif müttəfiq dövlətlərdə yaradılan komitələrin aktları və sənədləri də daxil olmaqla rəsmi hökumət sənədlərini və Birləşmiş Millətlərin məlumatlarını sübutsuz qəbul edəcək" yazılırdı.

150407164949_katyn_massacre_museum_photo_624x351_muzeumkatynskie.jpg
Katın faciəsinin qurbanları

Buna görə də sovet nümayəndələri Burdemko komissiyasının gəldiyi nəticələri müzakirəsiz qəbul olunacağını və Katın cinayətini almanların üzərinə atmaqla bu məsələdə Tribunal tərəfindən rəsmi bəraət alacaqlarına ümid edirdilər. Ancaq gedişat gözlənilən kimi olmadı. 1946-cı martın 12-də Tribunal sübutların araşdırılması barədə qərar qəbul etdi. Sovet ittihamçısı Roman Rudenkonun etirazı nəticəsiz qaldı. Bu zaman Rudenko özünü o qədər çılğın apardı ki, amerikalı hakim deyirdi ki, bu hal ABŞ-da baş verəcəyi təqdirdə onu məhkəməyə hörmətsizliyə görə həbs edərdi.

Prosesdə çoxlu cinayətlərin araşdırıldığını nəzərə alan tribunal Katınla bağlı həm ittiham, həm də müdafiə tərəfdən yalnız 3 şahidin dindirilməsi barədə qərar qəbul etdi. Sovet sənədlərinə görə, polyakların qətlində günahkar qərargahı Katın meşəsində yerləşən 537-ci rabitə alayının komandiri polkovnik Fridrix Arens idi. Prosesdə müdafiənin əsas şahidi kimi çıxış edən Arens sübut etdi ki, həmin vəzifəyə yalnız 1941-ci il noyabrın sonlarında təyin olunub. Təkcə bu faktın özü sovet ittihamını darmadağın edirdi. Digər iki şahid də Katın cinayətində almanların iştirakını qəti surətdə rədd etdilər.

İttiham şahidləri isə daha əvvəl adını çəkdiyim B. Bazilevski, həkim ekspert V.Prozorovski və 1943-ci ildə alman təhqiqatında iştirak edən bolqar həkim Marko Markov idi. İndi Bolqarıstanda kommunist hakimiyyət qurulduğundan Markovun mövqeyi tamamilə dəyişmiş və alman komissiyasının rəyini təhdid altında imzaladığını söyləyirdi. Məhkəmə müdafiə şahidlərindən fərqli olaraq ittiham şahidlərinin ifadələrində xeyli uyğunsuzluq, dolaşıqlıq tapdı.

Nəticədə tribunal Katınla əlaqədar SSRİ-nin almanlara qarşı ittihamını dəstəkləmədi və çıxarılan hökmdə bu hadisə öz əksini tapmadı. Bir çoxları bunu Katın cinayətində sovet günahının susqun etirafı kimi dəyərləndirdi. Maraqlıdır ki, sovet ittihamında Katın "genosid" kimi dəyərləndirilirdi və sosialist bloku dağılandan sonra Polşa buna istinad edərək Rusiyadan qətliama eyni qiymət verməyi tələb edirdi.

Onu da qeyd etmək lazımdır ki, Katın məsələsi araşdırılan günlərdə sovet ittihamçılarından biri – Nikolay Zorya qaldığı otel otağında ölü tapıldı. Onun ölüm səbəbi sona qədər müəmmalı olaraq qaldı. Gəzən şayiələrə görə, Zorya əvvəlcə Katın cinayətinin almanlar tərəfindən törədilməsinə inanırdı, indi isə əlinə əks faktlar keçmişdi. Lakin onun öldürülməsi, yoxsa intihar etməsi qaranlıq qaldı.

***

İkinci dünya müharibəsindən sonra Polşa dövləti bərpa edildi. O, de-yure müstəqil olsa da, əslində sovetin əsarətində idi, hakimiyyətdə kommunistlər idi. Buna görə də Katın məsələsində zahirdə də olsa sovet versiyasına inandıqlarını göstərməyə məcbur idilər.

Müharibədən sonrakı ilk illərdə bu mövzuda nəzarət xüsusilə güclü idi və Katın barədə "səhv" fikir cəzalara səbəb ola bilərdi. Kimsə tərcümeyi-halında hansısa yaxınının Katında 1940-cı ildə öldürüldüyünü yazardısa, ciddi problemlərlə üzləşərdi. Çünki 1940-cı ildə Katına SSRİ nəzarət edirdi. Buna görə də yaxınının 1941-ci ildə öldürüldüyünü yazmaq lazım idi. Tanınmış Polşa rejissoru, atası da Katında öldürülən Andjey Vaydanın "Katın" filmində bu mövzu yaxşı işlənilib.

Stalinin ölümündən sonra isə Polşa rəhbrliyi nisbətən müstəqil siyasət yürütməyə başlayır. Düzdür, bu müstəqillik Katın cinayətində SSRİ-ni ittiham edəcək qədər deyildi. Lakin sovetlərə qoşulub almanları da ittiham etmirdilər. Daha çox mövzunun üzərindən sükutla keçməyə üstünlük verilir. Polşanın kommunist rəhbəri Vladislav Qomulka 1956-cı ildə gənclərlə görüşərkən Katın cinayətini araşdıran komissiyaların işində Polşa hökumətinin nümayəndələrinin iştirak etməməsi üzündən mövqe tuta bilməyəcəklərini söylədi.

Qomulkanın göstərişilə Polşa ensiklopediyasına Katın haqqında mövzu ümumiyyətlə salınmadı. Varşavanın ən qədim qəbiristanlığı olan Povonzkidə qurbanların xatirəsinə qoyulan Katın xaçında heç bir tarix göstərilmədi. Qomulka hesab edirdi ki, əgər siyasi səbəblərdən həqiqəti demək mümkün deyilsə, heç olmasa yalandan uzaq durmaq lazımdır.

Katın adının çəkilməsindən heç cür vaz keçmək mümkün olmayan hallarda, məsələn, tarixi əsərlər yazılarkən müstəqil fikir yürütməkdənsə sovet mənbələrinə, Böyük Sovet Ensiklopediyasına, Burdenko komissiyasının rəyinə istinad etmək lazım idi.

57403851_2579423312072512_6922202647843831808_n.jpg
V.Badılyaka xatirə lövhəsi

1980-ci il martın 21-də Valenti Badılyak adlı bir təqaüdçü Katın susqunluğuna etiraz olaraq özünü Krakov bazarındakı hidranta bağladı və üzərinə benzin tökərək yandırdı. Rəsmi mətbuat onu "psixi xəstə" kimi qələmə verdi. Yalnız kommunist hakimiyyətinin çöküşündən sonra həmin hidranta xatirə lövhəsi vuruldu.

Qərbdə məskunlaşan polyak mühacirəti isə Katın cinayətinin işıqlandırılması üçün əllərindən gələni edirdilər. Onlar mövzu üzrə həm tarixi monoqrafiyalar, həm də bədii əsərlər yazırlar. Bu sırada Yuzef Matskeviçin "Katın. Məhkəməsiz və cəzasız cinayət", Yanuş Zavodnının "Meşədə ölüm. Katın qətliamının tarixi" əsərlərini xüsusi qeyd etmək lazımdır.

Artıq SSRİ ilə müttəfiq olmayan, soyuq müharibə dönəminə qədəm qoyan ABŞ-da Konqres Katın cinayətini araşdırmaq üçün 1951-ci ildə Rey Maddenin sədrliyi altında komissiya yaratdı. Komissiya Varşavadakı və mühacirətdəki Polşa hökumətlərini, Qərbi Almaniya və SSRİ hökumətlərini araşdırmalarda iştiraka dəvət etdi. Lakin Moskva və Varşava bu dəvəti qəbul etmədi.

Müxtəlif sənədləri, o cümlədən Burdenko komissiyasının rəyini, Nürnberq sənədlərini araşdıran, xeyli şahid ifadələrini dinləyən Medden komissiyası Katın cinayətində birmənalı olaraq SSRİ-ni günahkar elan etdi. Bu zaman komissiya bildirdi ki, sovet və alman iddialarına baxmayaraq Katında bütün polyak əsirlər deyil, yalnız Kozelsk həbs düşərgəsində saxlanılanlar öldürülüb. Beləliklə, ən azı daha iki yerdə Polşa hərbi əsirlərinin kütləvi məzarlıqlarının olması mümkündür.

Katın qətliamını "dünya tarixində ən vəhşi beynəlxalq cinayətlərdən biri" hesab edən komissiya ABŞ prezidentinə Katın cinayətini araşdırmaq üçün beynəlxalq komitənin yaradılması üçün BMT-na müraciət ünvanlamağı tövsiyə etdi. Amma prezident Trumen SSRİ ilə münasibətləri lap korlamamaq üçün bu təşəbbüsü dəstəkləmədi.

***

1980-ci illərin ikinci yarısından etibarən sovet mətbuatında stalinizmin digər cinayətləri kimi Katın qətliamı barədə də məqalələr çap olunmağa başlayır. Öz növbəsində Polşa rəhbərliyi Moskvadan hərbi əsirlərin taleyilə bağlı sənədlərin açıqlanmasını istəyir. Sovet hökuməti isə buna bir müddət müqavimət göstərir. Yalnız tarixçi Yuri Zoryanın (Nürnberqdə müəmmalı şəkildə ölən N.Zoryanın oğlu) arxivlərdən sovet günahını sübut edən yeni sənədlər tapması və onların ictimailəşdirilə biləcəyi ehtimalı sovet rəhbərliyini etirafa sövq etdi.

1990-cı il aprelin 13-də Mixail Qorbaçov polyak hərbi əsirlərinin taleyini əks etdirən bəzi sənədlərin surətini SSRİ-də səfərdə olan Polşa prezidenti Voyçex Yaruzelskiyə təqdim etdi. Ertəsi gün isə rəsmi TASS agentliyi bəyanat yayaraq Katın qətliamını stalinizmin ən ağır cinayətlərindən biri adlandırdı və Polşa xalqına sovet rəhbərliyinin təəssüfünü çatdırdı.

Trzy_krzyze.jpg
abidə

1990-cı il sentyabrında SSRİ Baş hərbi prokurorluğu 159 saylı cinayət işi qaldıraraq Katın qətliamını araşdırmağa başladı. Sovet İttifaqının çöküşündən sonra bu işi 2004-cü ilə qədər Rusiya Baş hərbi prokurorluğu davam etdirdi. Vaxtilə Burdenko komissiyasına ifadə verən yerli sakinlərdən sağ qalanların əksəriyyəti indi öz ifadələrini dəyişərək polyakları NKVD-nin güllələdiyini söylədilər. Hətta repressiyalarda iştirak edən insanlar belə tapıldı.

İstintaq zamanı ümumən 900 şahid dindirildi, 200-dən artıq cəsəd ekskumasiya olundu. Eləcə də sovet arxivlərindən tapılan sənədlər qətliamın Beriyanın müraciəti əsasında Kommunist partiyasının Siyasi bürosu tərəfindən qəbul olunduğunu, hökmün Merkulov, Kobulov və Baştakovdan ibarət NKVD üçlüyü tərəfindən verildiyini ortaya qoydu. Həmçinin sənədlər polyak hərbi əsirlərinin basdırıldığı digər yerləri – Mednoye, Pyatixatki, Bıkovnya – aşkar etdi.

SSRİ dağılandan Qorbaçov prezidentin xüsusi məxfi arxivini Rusiya prezidenti Boris Yeltsinə təhvil verdi. Burada Katın cinayətilə bağlı xeyli sənədlərin olması üzə çıxdı. 1992-ci ilin oktyabrında bu sənədlərin də surəti Polşa prezidenti Lex Valensaya təqdim olundu. 1993-cü ildə Varşavada səfərdə olan Yeltsin Katın qurbanlarının abidəsi önündə diz çökərək "Bağışlayın!" söylədi.

2004-cü ildə Rusiya Baş hərbi prokurorluğu müqəssirlərin həyatda olmaması səbəbindən istintaqı dayandırmaq barədə qərar qəbul etdi. Polşa tərəfinin Nürnberq prosesindəkı sovet ittihamına əsaslanaraq hadisələri genosid kimi tanınması tələbi rədd edildi. Cinayət işinin 183 cildindən polyaklara yalnız 67 cildi ilə tanış olmağa şərait yaradıldı, qalan 116 cild isə dövlət sirrinə malik olduğu üçün verilmədi.

Katın qurbanlarının 15 qohumunun Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti istənilən nəticəni vermədi. AİHM 2013-c ildə Katın qətliamını "hərbi cinayət" kimi dəyərləndirsə də, detallarını araşdırmaqdan imtina etdi. Məhkəmə bunu cinayətin Avropa insan hüququları konvensiyasının tərtibindən və Rusiyanın ona qoşulmasından öncə törədilməsilə izah etdi.

***

Rəsmi etirafa baxmayaraq, bu gün Rusiyada Katın cinayətini almanların törətməsini inkar edənlər yox deyil. Sosial şəbəkələrdə də belə mövqeli insanlara rast gəlinir, o cümlədən Azərbaycandakı rusofillər və bəzi solçular arasında. Bu zaman isə açıqlanması müşkül olan bəzi suallar ortaya çıxır.

Əgər polyakları sovet orqanları öldürməmişdilərsə:

– Onların ailələri 1940-cı ilin yazından etibarən niyə heç bir məktub almırdılar?

– Stalin Sikorski ilə görüşündə əsirlərin almanların əlinə keçdiyini niyə demirdi?

– 1941-ci ilin yayında sovet qoşunlarının geri çəkilməsindən sonra nəzarətsiz qalan polyaklardan niyə heç olmasa bircə nəfər qaçıb canını qurtara bilməmişdi?

– Xüsusi komissiya və Burdenko komissiyası Katında 4421 cəsəd olduğu halda onların sayını nə səbəbdən 11 min göstərirdi?

– Almanlardan fərqli olaraq sovet komissiyaları öz tədqiqatlarına legitimlik qazandırmaq üçün başqa ölkələrdən nümayəndələr niyə dəvət etmirdilər?

– Güllələnlərin bir hissəsinin almanların əlinə keçməyən Mednoyedə basdrılmasını nə ilə izah etmək olar?

– Katından başqa digər kütləvi məzarlıqlar niyə sovet dövründə tapılmırdı, rəsmi etirafdan sonra isə tapıldı?

***

2010-cu il aprelin 10-da Polşanın siyasi və hərbi elitasının nümayəndələri, eləcə də dini və ictimai xadimlər Katın faciəsinin 70-ci ildönümü ilə əlaqədar Smolensk-Severnıy aeroportuna enərkən qatı duman və enmə trayektoriyasına düzgün əməl edilməməsi üzündən ağacalara toxundu və yerə çırpıldı. Təyyarədə olan 88 sərnişin və 8 heyət üzvünün hamısı həlak oldu.

Sərnişinlərdən bəziləri bunlar idi:



Polşa przedenti Lex Kaçinski və arvadı Mariya;



Xarici işlər nazirinin müavini Andjey Kremer;



Mədəniyyət nazirinin müavini Tomaş Merta;



Müdafiə nazirinin müavini Stanislav Komorovski;



Polşa ordusunun Baş qərargah rəisi Frantişek Qonqor;



Hərbi-Hava Qüvvələrinin komandanı Andjey Blasik;



Hərbi-Dəniz Donanmasının komandanı Andjey Karveta;



Quru qoşunlarının komandanı Tadeuş Buk;



Polşa Hərbi Qüvvələrinin operativ komandanı Bronislav Kvyatkovski;



Polşa seyminin vitse-spikerləri Yeji Şmaydzinski və Kşiştof Putra;



Polşa Senatının vitse-spikeri Kristina Boxenek



Polşa mühacir hökumətinin son prezidenti Rışard Kaçorovski və başqaları.

Beləliklə, Polşa elitası düz 70 il sonra ikinci dəfə Katında qırğın yaşadı.

Ana səhifəXəbərlərKatın cinayəti