''Kompensasiyaya görə mülkiyyət hüququmu ləğv etdilər''

Bakı sakini Rəşad İsmayılov 1 ildir ki, ona düşən kompensasiyanı ala bilmədiyini deyir

“1 ildir ki, yaşadığım binanı sökübər, kompensasiya ödəmirlər. Kirayələrdə qalmışam… Əlimdə mənzilimə mülkiyyətçi hüquqlarımı təsdiqləyən bütün sənədlərim ola-ola məni məhkəmələrdə süründürürlər”.

“Kompensasiya tələb edəndə məhkəməyə verdilər”

Ötən il martın 12-də Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 87 saylı bina qəzalı tikili kimi dəyərləndirilərək sökülüb. Əvvəllər yataqxana binası olan tikilidəki mənzillərin bir qismi hələ uzun illər əvvəl özəlləşdirilib. Sakinlərin bir qismi isə məcburi köçkünlər olub. Mənzil üzərində mülkiyyətçi hüquqları olanlardan biri də Meydan TV-yə danışan Rəşad İsmayılov olub. Onun sözlərinə görə, binanın sökülməsindən bir il ötsə də, ona kompensasiya ödənilməyib. Kompensasiya tələb edəndə isə məhkəmə çəkişmələri başlayıb. Vətəndaşın iddiasına görə, icra hakimiyyəti kompensasiya ödəməmək üçün daha rahat yol tapıb, məhkəməyə verərək onu mənzilə olan mülkiyyət hüququndan məhrum edib.

“Dedilər, adın siyahıdan çıxarılıb”

Rəşad İsmayılov sözünə davam edir:

“Həmin binada 85 saylı mənzilin mülkiyyətçisi idim. Dedilər, çıx, kirayədə qal, kompensasiya da ödəniləcək. Mən də hamı kimi çıxdım. Sonra gördüm ki, səs-soraq yoxdur, əvvəl Nizami Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etdim, mənə rəsmi məktub göndərildi ki, guya adım kompensasiya alacaq mülkiyyətçilərin siyahısında olub, sonradan onlara məlum olmayan səbəbdən siyahıdan çıxarılıb”.

Rəşad İsmayılov 2 saylı İnzibati İqtisad Məhkəməsində Nizami Rayon İcra Hakimiyyətinə qarşı 60 min manatlıq kompensasiya iddiası qaldırıb. Məhkəmə icra hakimiyyətinin sökülmüş mənzilə mülkiyyətçilik hüquqları olan vətəndaşa 30 min manat kompensasiya ödəməsinə dair qərar çıxarıb. Qərarın qüvvəyə minməsinə bir gün qalmış Nizami Rayon İcra Hakimiyyəti apelyasiya şikayəti verib:

“Apelyasiya şikayətində göstərdilər ki, guya ev mənim adıma özəlləşdirilərkən bina qəzalı tikili kimi qeydiyyatda olub, buna görə də özəlləşdirmə aparıla bilməzdi. Eyni vaxtda Nizami Rayon Məhkəməsinə də müraciət etdilər. Nizami Rayon Məhkəməsi də qərar çıxartdı ki, bəli, mənzil özəlləşdirilərkən bina qəzalı olub və məhkəmə mənzilə olan Çıxarışımı ləğv etməklə mülkiyyət hüquqlarımı əlimdən aldı”.

“Ayının min oyunu bir armudun başındadı”

Ancaq nədənsə, icra hakimiyyəti Nizami Rayon Məhkəməsində mülkiyyət hüquqlarından məhrum etmək üçün qaldırdıqları iddiada cavabdeh tərəf olaraq yalnız Rəşad İsmayılovla onun atasını qeyd edib. Çıxarışı ləğv edən məhkəmə də həmin sənədi verən qurumu tərəf olaraq prosesə cəlb etməyib. Mülkiyyət hüquqlarından məhrum edilmiş Rəşad İsmayılov Nizami Qayon Məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Rəşad İsmayılov hesab edir ki, bütün bu məhkəmə prosesləri icra hakimiyyətinin oyunudur:

“Ayının min oyunu bir armudun başında olduğu kimi, icra hakimiyyətinin məhkəmə oyunları da mənim kompensasiyamın başındadır. Bu yollarla hərəni bir cür kompensasiyadan məhrum edirlər. Nizami Rayon İcra Hakimiyyəti dövlətin ayırdığı kompensasiyanı hesablayıb verməliydi mənə, deməliydi, get, özünə ev al, küçədə qalma, sən bu dövlətin vətəndaşısan. İcra hakimiyyəti neynir? 1 ildir ki, məni küçədə qoyub, utanmazcasına da məhkəməyə verir, süründürür, bezdirir… Sökdüyü binanın yerində bir göydələn ucaldıb, kvadratını azı 1000 manatdan satıb ciblərini dolduracaqlar, mənim mənzilimin yerində tikəcəkləri mənzildən qazanacaqları mənə verməli olduqlarından qat-qat çox olacaq. Ancaq 30 min manatı verməmək üçün hər yola əl atırlar”.

Rəsmi qurum: “Son sözü məhkəmə deyəcək” 

Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Rəşad İsmayılovun adını siyahıdan Nazirlər Kabineti çıxarıb:

“Nazirlər Kabinetinin 12 mart 2017-ci il tarixli, 171 saylı sərəncamı ilə 87 saylı ünvandakı yataqxana qəzalı olması səbəbindən sakinlərə kompensasiya ödənilməsi şərti ilə binanın sökülməsi qərara alınıb. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən kompensasiya alacaq şəxslərin siyahısı tərtib edilib, siyahıda Rəşad İsmayılovun da adı olub. Siyahı Nazirlər Kabinetinə göndərilib. Ancaq araşdırma zamanı məlum olub ki, 85B saylı mənzilin mülkiyyətçisi Rəşad İsmayılova mənzilə dair Çıxarış qanunsuz verilib. Çünki Çıxarış verildiyi vaxt bina qəzalı tikililər siyahısında olub. Hazırda məhkəmələr davam edir, son sözü də məhkəmə deyəcək”.

Rəşad İsmayılov hazırda cüzi qazancının çox hissəsini kirayəhaqqı ödəməklə kirayələrdə yaşayır. Məhkəmələrsə uzandıqca uzanır…

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o8j50s

Ən çox baxılan