Küçə musiqiçiləri: Alətlərdən ac qalmamaq üçün istifadə etmirik

Gənc musiqiçi deyir ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş baçısı Hacıbala Abutolıbov da dayanaraq onları dinləyib, hətta yaxınlaşıb münasibət bildirib.

Source: meydan.tv


''Biz sözün əsl mənasında performans göstərməyə çalışırıq, yəni biz işimiz sadəcə ac qalamamaq üçün musiqi alətindən istifadə deyil''

23 yaşlı Tural Süleymanov tar ifaçısıdır. Amma həmkarlarından fərqli olaraq qapalı zallarda yox, açıq havada ifa edir. Onu tez-tez Bakının “Tarqovı” adlanan hissəsində görmək olar. Dinləyiciləri isə küçədən keçən təsadüfi insanlardır.

Gənc tarzən artıq 1 ildən çoxdur ki, küçə və yeraltı keçidlərdə öz məharətini göstərməklə məşğuldur. 6 ay öncə isə gitarada və nağarada ifa edən dostları – Əli və Elxan da ona qoşulub. Gənclər bu sintezlərinin maraqla qarşılandığını deyir: “Trio şəkilində küçələrdə musiqi ifa edən tək bizik. Öz kompozisiyalarımız olur, müxtəlif musiqiləri sintez edib oxuyuruq. Hiss olunur ki, bu yenilik insanların xoşuna gəlir. Qazancımızın artmasından görürük”.

image_from_ios (2).jpg
keçə musiqiçiləri

Tural qeyd edir ki, Bakıda küçə musiqisinə daha dilənçilik kimi yox, sənət olaraq baxırlar:

“Biz sözün əsl mənasında performans göstərməyə çalışırıq, yəni biz işimiz sadəcə ac qalamamaq üçün musiqi alətindən istifadə deyil. Buna görə aldığımız reaksiyalar da çox vaxt adekvat olur. Hərdən kimsə bizə qoşulur, başlayır oxumağa, hərdən rəqs edirlər, hərdən də sonda əl çalmağa başlayırlar, sağ olsunlar”.

“Hərdən də üstümüzə polis çağırırlar” – gitarada ifa edən Əli gülərək əlavə edir. Gənclərin polislə bağlı səsləndirdikləri yeganə fikir bu olur, bu mövzuda daha artıq danışmaq istəmədiklərini bildirirlər.

Turalın sözlərinə görə, musiqiyə həvəsi uşaq vaxtından olub. Bu səbəbdən əvvəl Zabratda yerləşən 1 saylı musiqi məktəbində, daha sonra Şuşa musiqi kollecində tar üzrə təhsil alıb. Təhsildən sonra isə qazanc üçün bu yolu seçib: “Gündəlik qazancım hələ ki, özümü dolandırmağa kifayət edir. Ən əsası küçə musiqisi azad ruhludur. Burada insanlarla daha yaxından, daha yaxşı təmas qura bilirəm. Hansısa məkanda yalnız o məqsədlə ora toplaşan bir qrup səni dinləyir, belədə isə dinləyicilərimiz hər təbəqədən, hər maraqdan, heç bir musiqi anlayışı olmayan insanlar belə olur”.

tural.jpg
Tural Süleymanov

Gənc musiqiçi deyir ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş baçısı Hacıbala Abutolıbov da dayanaraq onları dinləyib, hətta yaxınlaşıb münasibət bildirib. Amma Tural üçün ən böyük motivasiya məşhur tarzən Ramiz Quliyevin onun ifasını dinlədikdən sonra pul ataraq uğurlar arzulaması olub. Bundan sonra onda musiqi təhsilini artırmaq həvəsi güclənib. İndi, o, Milli Konservatoriyada təhsil almaq istəyir: “Hələ ki, ibtidai təhsilim var – musiqi kollecini və məktəbini bitirmişəm. Amma öz üzərimdə daha da işləməliyəm. Musiqi savadımı artırmağım lazımdır”.

Gənclər ölkədə musiqi siyasəti ilə bağlı bəzi dəyişikliklərə ehtiyac olduğunu düşünürlər. “Milli Konservatoriyada, kolleclərdə tar, kamança dərsləri, sinifləri var, amma gitaraya diqqət yoxdur. Akustik gitaraya daha çox diqqət ayrılmalıdır, dərs kimi keçməlidirlər musiqi məktəblərində. İndi gitarayla həvəskər məşğul olurlar ancaq, dərslər keçirilməldir ki, peşəkar, savadlı gitara çalanlar yetişsin” – Əli bildirir.

Ana səhifəXəbərlərKüçə musiqiçiləri: Alətlərdən ac qalmamaq üçün istifadə etmirik