Aksiyaçılar

Mənbə: Meydan TV

Başlıq: Aksiyaçılar

Kürdəmirdə: Örüş yerlərinə görə aksiya keçiriblər

Kənd sakinləri torpaqlarının saxta sənədlərlə zəbt olunduğunu deyirlər

Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sakinləri aprelin 8-də etiraz aksiyası keçiriblər.

Sakinlər Azadlıq Radiosuna deyiblər ki, narazılığa səbəb şikayətlərinin yerli icra və bələdiyyə orqanlarında eşidilməməsidir.

Onların sözlərinə görə, kəndin örüş və otlaq üçün ən yaxşı yerləri saxta sənədlərlə üç nəfər tərəfindən zəbt olunub. Bu məsələni dəfələrlə qaldırsalar da, problem həll olunmayıb:

“Bir neçə gün əvvəl gördük ki, bizi Kürdəmir Rayon İcra Hakimiyyətində normal qəbul edən, şikayətimizə baxan yoxdur, qrup halında Bakıya getmək istədik. İcra hakimiyyətinin işçiləri telefonla əlaqə saxlayaraq bizi yoldan qaytardılar. Dedilər ki, gəlin, probleminiz yoluna qoyulacaq. Amma vəd edilən kimi olmadı. Buna görə camaat sözü bir yerə qoyub yolu kəsdi».

Adının çəkilməsini istəməyən sakin isə bildirib ki, etirazçılar Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində avtomobillərin hərəkətini 10 dəqiqəyədək dayandırıblar:

«Polisin müdaxiləsi və rəsmilərin danışıq təklifindən sonra aksiya dayandırıldı. Rayon icra hakimiyyəti başçısı kəndə gəldi və əhali ilə görüş keçirdi. Dinləmələr zamanı sakinlər ayrı-ayrı şəxslərə verilmiş örüş yerlərinin əhalinin ümumi istifadəsinə qaytarılmasını tələb ediblər. İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi. Görək bu dəfə necə olur...».

İcra nümayəndəsi: «Komissiya yaradılıb»

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmmədəli Surxayev Azadlıq Radiosuna deyib ki, mübahisə yerli bələdiyyə tərəfindən Ərəbqubalı kəndinin üç nəfər sakininin icarəsinə verilmiş, ümumilikdə 280 hektarlıq sahə üstündədir: “İcarədarlar onu 2002-ci ildə qanuni sənədlərlə əldə ediblər. Hətta bu üç nəfərdən birinin istifadəsindəki torpaq ona kolxoz dövründə, yəni bələdiyyələr yarananadək verilib. Amma əhalinin bir qismi daim bu məsələni qaldırıb və həmin icarə müqavilələrinin ləğvini tələb edib. İcra başçısı kəndə gəldi. Torpaq mülkiyyətçisi və sakinlərlə bir yerdə o sahələrə baxış keçirildi. Komissiya yaradılıb və onlar indi kənddə işləyirlər. Yəqin ki, yaxın günlərdə məsələ hamını qane edəcək bir şəkildə həllini tapacaq».

Ərəbqubalı bələdiyyəsinin sədri Adıgözəl Şirinov isə etirazı bu işdə maraqlı olan bir neçə nəfər şəxsin təşkil etdiyini iddia edir:

«Onların adları da hamıya məlumdur. Bu məsələni bir neçə dəfə qaldırıblar. İndi görürlər yenə çətin dövrdür, əhalini qızışdırıb salıblar ortaya. Əslində kənd əhalisinin örüş problemi olmayıb, indi də yoxdur. Mal-qara otarmaq üçün yer çoxdur. Amma yenə də narazılıq yatsın deyə, icra başçısı tərəflərə güzəştli bir variant təklif etdi. İcarədarlarla söhbət aparıb, onlardan yerlərinin yarısının əhalinin ümumi istifadəsinə qaytarmalarını xahiş etdi. Razılıq əldə olunub. İndi ölçü-biçi, sənədləşmə işi aparılır».

Adının açıqlanmasını istəməyən sakin onu da əlavə edib ki, son illər eyni problem Kürdəmir rayonunun əksər kəndlərində yaranıb. O bildirib ki, icra başçısının həftədə bir dəfə rayon mərkəzində keçirdiyi qəbulda hər dəfə bir kəndin qrup halında olan şikayətçilərini görmək olur: «Hər yerdə örüş yerlərinə əl qoyulub. Pambıq əkini genişləndiriləndən sonra vəziyyət lap pisləşib. Kənd əhalisinin əksəriyyəti mal-qara saxlamaqla dolanışacağını təmin edir. Heyvanlar üçün isə örüş, otlaq yerləri lazımdır. Bir neçə gün əvvəl Sığırlı kəndində əhali mal-qaranı vaxtilə örüş yeri olmuş, sonradan sakinlərdən birinin istifadəsinə verilən taxıl əkini aparılmış sahəyə salıblar. Beləcə əhali üz-üzə qoyulub».

Baş verənlərlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yar7im

Ən çox baxılan