LGBT fərdi: “3 nəfər qapqara geyinmiş şəxs qollarını arxadan qandalladı”

Aprel ayında hüquq-mühafizə orqanları yenidən LGBT fərdlərinin “ov”una çıxıb.

Source: Meydan.TV
LGBT fərdi: “3 nəfər qapqara geyinmiş şəxs qollarını arxadan qandalladı”

LGBT fərdlərinə deyilib ki, Daxili İşlər Nazirliyinin göstərişi ilə şəhərdə reyd keçirilir.

"O otelin qapısından içəri girəndə 3 nəfər qapqara geyinmiş, bircə maskaları çatmayan şəxslər onun ardınca otelə girdi. Mən elə bildim, dava-dalaş olub. Maşından düşüb otelə keçəndə bunlar dostumun qollarını arxadan burub qandalladılar. Bir canini, oğrunu, insan öldürən cinayətkarı yaxalamış kimi qollarını arxadan qandallamaları məni çox narahat etdi”, – hadisənin şahidi deyir.

LBGT fərdi dostunun arxasınca bölməyə gedib. Onunla ac-susuz bir sutka saxlanılıb. Polisin qanuni əmrinə tabe olmama maddəsilə özü 50 manat cərimələnib. Dostuna isə əvvəlcə 10 sutka cəza verilsə də, apelyasiya məhkəməsinin hökmü ilə 200 manat məbləğində cərimələnərək azadlığa çıxıb.

O dostunun da, özünün də müdafiəsini sonunadək aparacağını deyir.

Saxlanılanlar içində olan transgender qadın da iki sutka bölmədə qalandan sonra polisə müqavimət maddəsi ilə azad olunub.

Daxili İşlər Nazirliyinin sözcüsü Ehsan Zahidovsa Meydan TV-yə açıqlamasında bildirib ki, heç bir reyd keçirilməyib.

“Elə bir reyd keçirilməyib, boş söhbətlərdir”, – Ehsan Zahidov deyərək dəstəyi asır.

LGBT fərdlərinin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova cinsi azlıqların məcburi müayinəsini, həbs olunmasını qanunsuz sayır.

“Çirkab kimi baxırlar bizə cəmiyyətdə. Polis əməkdaşları da o cürdür. Düzdür, yaxşıları da var, amma çoxu elə baxır ki, iyrənirsən, həqiqətən iyrənirsən həyatdan. Yaşamaqdan iyrənirsən. Çünki, bu, çünki seçim deyil, yaradılışdır. Bu, seçim olsa, mən özümü seçərəm, lgbt-ni seçərəm yenidən. Amma Azərbaycanda yox, Avropada seçərəm”, – lgbt fərdi deyir.

LGBT icma üzvlərinin kütləvi saxlanılması 2017-ci ildə də baş vermişdi. Həmin vaxt 83 LGBT fərdi polisə aparılıb. Onlardan 56 nəfərə inzibati həbs verilib, 18 nəfər cərimələnib, 9 nəfərə də xəbərdarlıq verilib. Hüquq-müdafiə təşkilatları saxlananların döyülmə, elektroşok, qorxudulma, şantaja məruz qaldığını bildirsə də, rəsmilər bunu təkzib edirdi. 2017-ci ildə polisə aparılan LGBT üzvlərindən 25 nəfərin şikayəti Avropa Məhkəməsinə göndərildi və hazırda həmin şikayətlər icraatdadır.

Bu il isə iki nəfərə 10, 15 sutka həbs, digərlərinə cərimə cəzası verilib.

Lgbt fərdləri isə Azərbaycanda yaşamağa davam edə bilməyəcəklərini deyirlər. Bu ölkədə gender kimliklərinə görə hər gün hədə, təzyiq onları izləyir.

“Bir valideyn ki, övladlarını qəbul edir, sinəyə çəkir… Amma ətrafdan o valideyni o qədər sözlə qamçılayırlar ki, valideynin beli bükülür. Halbuki, cəmiyyət o valideynə elə baxmasa, elə sözlərlə qamçılamasa, bəlkə də, o valideyn öz övladını qəbul edər və övladı da xoşbəxt yaşayar. Amma ətraf mühitin qınağı hər ikisinin bədbəxt olmasına gətirib çıxarır. Mənim anam xərçəng, atam da ağır şəkər xəstəsidir. Hamısı da mənim cinsi kimliyimin bilinməsindən sonra oldu. Azərbaycan lgbt üçün dünyada yaşanılası ən axırıncı ölkədir. Ən ağır cəmiyyət burdadır”, – LGBT mənsubu deyir.

Ana səhifəReportajLGBT fərdi: “3 nəfər qapqara geyinmiş şəxs qollarını arxadan qandalladı”