''Məhsul'' ətrafındakı sakinlərdən prezidentə mitinq ''xahiş''i

''''Şənbə və bazar günləri'' keçirilən mitinqlərin ya qarşısı alınsın, ya da başqa yerdə keçirilsin''


Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi, ona görə yox ki, hakimiyyət mitinqlərin əleyhinədir, xeyr, “Məhsul” stadionu ətrafında yaşayanlar, işləyənlər bu mitinqin əleyhinədir. Xalqın sözü hakimiyyət üçün hər şeydən keçərli, qiymətlidir. Elə xalqın narazılığını nəzərə alan Bakı Şəhər İcra Hakimiyyəti mitinqə yox dedi. Anlaşılandır, ancaq anlaşılmayan “xalqın” etiraz məktublarının mitinqə icazə verilməməsindən sonra ortaya çıxmasıdır. Həm də “Baksovet”in yox, prezidentin saytında...

Prezidentin saytında “Müraciətlər” bölməsi var, o bölmənin də “Prezidentə yazırlar” adlı alt bölməsi. Saytın daimi izləyicisi olaraq ora gələn məktublara həmişə baxmağı vətəndaşlıq borcu sayıram. Ora hər gün əsasən 2, bəzən 3, bəzən də 4 məktub yerləşdirilir. Bu il də həmin templə başlayıb. Yanvarın 3-dən 22-nə qədər bəzi günlər istisna olmaqla bura hər gün 2 məktub yerləşdirilib. Ancaq yanvarın 24-də sıcrayış baş verib və məktubların sayı 14 olub. Sonrakı günlərdə hər şey öz axarına düşüb, məktub sayı azalıb. Fevralın ortalarından başlayaraq yenə artım olub; 14 fevralda sayta 8 məktub, 16 fevralda 10 məktub qoyulub. Sonrakı günlər nisbətən sakit keçib, 22 fevralda 12 məktubla sükut pozulub, 23 fevraldasa sayta rekord sayılacaq sayda – 18 məktub yerləşdirilib. Axır iki günün məktublarının bəziləri mitinqə qadağa qoyulandan sonra yazılanlardır.

Düzü, “Məhsul” stadionu ətrafında yaşayan sakinlərə və obyekt sahiblərinə bir qədər paxıllığım da tutdu. Adamlar çox mütəşəkkil şəkildə mübarizəyə başlayıblar, həmişə arzusunda olduğumuz birlik örnəyi göstərirlər. Məktublarına baxmaqla bunu anındaca müəyyən etmək olur. Elə bil hamısı eyni anda eyni fikrə düşüblər, cümlələrinin belə üst-üstə düşməsi özü intellekt göstəricisi sayıla bilər. Onlardan bəziləri ilə tanış olmaqla siz də bunun şahidi olacaqsız. Beləliklə, ilk məktub “Meyvə” mağazasının sahibindən gəlib. O, “şənbə və bazar”(?!) günləri keçirilən mitinqlərin müştəri qıtlığına səbəb olduğunu yazır.

Sakinlər “Məhsul” stadionunda keçirilən mitinqlərin qarşısının alınması və yaxud başqa yerdə keçirilməsi üçün prezidentdən kömək istəyir

22 fevral 2019, 11:00

Xəzər Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Mən Yasamal rayonu, H.B. Zərdabi küçəsində yerləşən “Meyvə” adlı mağazada icarə müqaviləsi əsasında üç ildir kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul oluram, dövlətə vergi ödəyirəm. Müraciət etməyimə səbəb odur ki, son zamanlar yaranan bəzi problemlər üzündən müştəri qıtlığından əziyyət çəkirəm. İşlətdiyim mağazaya yaxın məsafədə yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsi səbəbindən müştəri və alıcı qüvvəsi demək olar ki, yoxdur. Çünki həmin vaxtlar müştərilər mağazaya gələrkən bir sıra problemlərlə üzləşirlər. Belə ki, həftənin şənbə və bazar günlərində alış-verişin yüksək olduğu vaxtlarda keçirilən mitinqlərlə bağlı küçədə sıxlıq yarandığından müştərilərin mağazaya gəlmələri çətinləşir.
Bundan əlavə, belə halların baş verməsi zamanı mağazaya yük gətirən avtomobillərin girişinə və parklanmasına qoyulan məhdudiyyətlər, mənim və ətrafda olan digər sahibkarların mağazaları vaxtından əvvəl bağlamasına səbəb olur ki, bu da mağazada olan ərzaq məhsullarının xarab olmasına gətirib çıxarır. Nəticədə biz sahibkarlara ciddi maddi ziyan dəyir.

Hörmətli cənab Prezident, sadaladığım məsələlərdən ətrafda yaşayan sakinlər də əziyyət çəkirlər. Sizin fərdi sahibkarlara və ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə daim diqqət və qayğınızı nəzərə alaraq, bizə zəruri kömək göstərməyinizi xahiş edirik.

Hörmətlə, Abdullayev Xəzər Fizuli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

22 fevral 2019, 15:00

Elnur Allahverdiyev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.
Biz Bakı şəhərinin Yasamal rayonunun ərazisində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı 160A saylı binada yaşayırıq. Yaşadığımız binanın yanında “Məhsul” stadionu yerləşir. Şənbə və bazar günlərində burada mitinqlər keçirilir. Bütün insanlar kimi, biz də şənbə və bazar günlərində əsasən istirahət edirik. Lakin mitinq olan günlərdə avtomobillərin həmin əraziyə giriş-çıxışına məhdudiyyətlərin qoyulması, oraya toplaşan insanların səs-küyü, qışqırtıları, nalayiq sözləri istirahətimizi pozur. Belə hallar həm də övladlarımızın tərbiyəsinə mənfi təsir göstərir. Mağazaya alış-verişə getməyimiz də çətinləşir. Bütün bunlar biz sakinləri çox narahat edir.

Hörmətli cənab Prezident, Sizdən xahiş edirik ki, “Məhsul” stadionunda keçirilən mitinqlərin qarşısının alınması və yaxud başqa yerdə keçirilməsi üçün göstəriş verəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə, Allahverdiyev Elnur Arif oğlu
Acalov Toğrul Şakir oğlu
Qurbanov Elvin Faiq oğlu
Şabanov İlham Rauf oğlu
Qələndərli Qoşqar Vilayət oğlu
Mirzəyev Elnur Səyyad oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

***
23 fevral 2019, 12:17

Hüseyn Mehdizadə və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Bizim sakini olduğumuz bina Yasamal rayonu, Şərifzadə küçəsi 156 ünvanında, metronun “İnşaatçılar” stansiyasının və “Məhsul" stadionunun yaxınlığında yerləşir. “Məhsul" stadionu bizim binanın sakinlərinin, əsasən də yaşlı və gənc nəslin nümayəndələrinin asudə vaxtlarında toplaşdığı və müxtəlif idman növləri ilə məşğul olduğu yeganə yerdir. Biz də həftənin şənbə və bazar günlərində adətən “Məhsul” stadionunda asudə vaxtımızı keçiririk. Son vaxtlar şənbə və bazar günlərində burada mitinqlərin keçirilməsi bizim işlərimizi pozur. Stadion ətrafında olan yolların giriş-çıxışı məhdudlaşdırılır, mitinqə toplaşanlar səs-küy salaraq bizə lazım olmayan və heç birimiz tərəfindən dəstəklənməyən çıxışlar edir, ətrafdakı binaların sakinlərinin narahatçılığına səbəb olur, əsasən də yaşlı və gənc nəslin mənəvi-psixoloji durumuna mənfi təsir edir. Həmçinin ora toplaşan şəxslər mitinq qurtardıqdan sonra "Məhsul” stadionunu kütlə şəklində tərk edərkən əxlaqımıza zidd ifadələrdən istifadə edirlər.

Hörmətli cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik. Gündən-günə abadlaşan paytaxtımız Bakının mərkəzi hissəsində yerləşən “Məhsul” stadionunun ətrafında yaşayış binalarından başqa poliklinika, orta məktəb, bağça, çoxlu sayda iaşə obyekti, dövlət müəssisələri yerləşir. Azərbaycana turist axınının gücləndiyi bir vaxtda “Məhsul” stadionuna toplaşan şəxslərin hərəkətləri ümumi işimizə çox mənfi təsir göstərir. Əsasən də, biz vətəndaşların hüquqlarını pozduqları üçün mitinqlərin keçirilmə yerinin başqa ünvana dəyişdirilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə, Mehdizadə Hüseyn Elman oğlu,
Babazadə Nemət Novruz oğlu,
Əliyeva Cevlanə Vasif qızı və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

***
23 fevral 2019, 12:50

Təyyar Nəsirov və Səməd Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.
Biz Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mağazalarda sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Əmək müqaviləsi əsasında xeyli işçi çalışdırır, onlara vaxtlı-vaxtında əməkhaqqı veririk. Müraciət etməyimizə səbəb odur ki, həftənin şənbə və bazar günlərində mağazalarımıza yaxın məsafədə yerləşən “Məhsul” stadionunda mitinqlərin keçirilməsi səbəbindən müştəri və alıcı qüvvəsinin səviyyəsi çox aşağı düşür. Çünki, həmin vaxtlar mağazalara gələn yolların bağlanması, küçədə olan sıxlıq səbəbindən bir sıra müştərilər və ətrafda yaşayan sakinlər öz təhlükəsizliklərini qorumaq məqsədi ilə həmin istiqamətdə hərəkət etmirlər. Həmçinin mağazaya ərzaq məhsulları daşıyan avtomobillərin girişində məhdudiyyətlər yaranır. Bir sahibkar kimi müştəri məmnunluğunun qarşısının süni şəkildə alınmasından narahat oluruq. Bu cür hallar dövlətə vergi ödəyicisi kimi bizi bir sıra problemlərlə üzləşdirir.
Hörmətli cənab Prezident, çoxlu sayda insanın xahişini nəzərə alaraq, “Məhsul” stadionunda keçirilən mitinqlərin başqa müvafiq yerdə keçirilməsinə dair göstəriş verməyinizi və bu məsələdə biz sahibkarlara və vergi ödəyicilərinə yaxından dəstək olaraq kömək etməyinizi Sizdən xahiş edirik.

Hörmətlə, Nəsirov Təyyar Tahir oğlu,
Məmmədov Səməd Hüseyn oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

***
23 fevral 2019, 15:15

Şəkər Süleymanova və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.
Biz Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yaşayırıq. Bu ərazi metrostansiya çıxışına və avtobus dayanacağına yaxın olduğundan burada daim piyadaların sıxlığı müşahidə olunur.

Bununla yanaşı, yaxınlıqda yerləşən “Məhsul” stadionunda mitinq keçirilən vaxtlarda həmin küçə iflic vəziyyətə düşür. Evimizə gedib-gələ bilmirik. Mitinq zamanı bizi daha çox narahat edən digər hallar da mövcuddur. Mitinq olan günlərdə vaxtından əvvəl gələn şəxslər küçədə və həyətlərdə toplaşaraq bir-birlərini gözləyirlər. Biz evimizdən çıxıb ərzaq almağa gedə bilmirik. Həmin şəxslərə irad bildirdikdə bəzən nalayiq ifadələr işlədərək bizi mitinqə qoşulmadığımıza görə ittiham edirlər. Mitinq başa çatdıqdan sonra onlar səs-küylə, qışqıraraq şüarlar səsləndirir və sakinləri növbəti dəfə narahat edirlər.
Cənab Prezident, barəsində söhbət açdığım məsələlərlə əlaqədar bizimlə yanaşı, ətrafda yaşayan digər sakinlər də əziyyət çəkirlər. Sizin xalqımıza göstərdiyiniz qayğını nəzərə alaraq, bu problemin həllinə kömək göstərməyinizi Sizdən xahiş edirik.

Hörmətlə, Süleymanova Şəkər Əfqan qızı
Quliyeva Zibeydə Ağamikayıl qızı
Quliyeva Sevinc Rüstəm qızı
Rzayeva İlhamə Əfqan qızı
Kərimova Validə Əfqan qızı
Qasımova Tamam Əvəz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

***
23 fevral 2019, 12:03

Ədalət Abıyev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,
Biz Bakı şəhərinin Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında A.Şərifzadə küçəsi 160A saylı binada yaşayırıq. Sizə müraciət edərək bildiririk ki, binamızın yanında yerləşən "Məhsul” stadionunda şənbə və bazar günlərində keçirilən mitinqlər bizi həddən artıq narahat edir. Mitinq olan günlərdə həmin əraziyə avtomaşınların giriş-çıxışına məhdudiyyətlər qoyulduğundan, orada toplaşan insanların səs-küyündən, qışqırtılarından, nalayiq sözlərindən, söyüşlərindən istirahətimiz pozulur. Sözsüz ki, bu vəziyyət uşaqlarımızın da tərbiyəsinə çox pis təsir edir.
Hörmətli cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirik ki, “Məhsul” stadionunda keçirilən mitinqlərin qarşısının alınması və yaxud başqa yerdə keçirilməsi üçün bizə kömək göstərəsiniz. Siz bizim ümid yerimizsiniz.

Hörmətlə, Abıyev Ədalət Kərimxan oğlu,
İsgəndərov Vidadi Əsgər oğlu,
Rəsulov İlqar Sabir oğlu,
Şahverənov Nizami Misir oğlu,
Bayramov Eldar Sadəddin oğlu,
Qurbanov Rasim Fərman oğlu və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Məktublarda həm də vurğulanır:

“Azərbaycana turist axınının gücləndiyi bir vaxtda “Məhsul” stadionuna toplaşan şəxslərin hərəkətləri ümumi işimizə çox mənfi təsir göstərir”. Bundan başqa, mitinqçilərin “davranışları övladlarımızın tərbiyəsinə... yaşlı və gənc nəslin mənəvi-psixoloji durumuna mənfi təsir edir”.

Bir daha xatırladaq, bu məktublar prezidentin poçtuna mitinqə icazə verilməyəndən sonra göndərilib. Görünür, BŞİH-də ya bununla bağlı informasiya olub, ya da məktublar qabaqca onlara göndərilib.
Xoşbəxt sonluq

Bu məktubusa Hacıqabuldan yollayıblar. Mitinqlə bağlı deyil. İllərlə 155 manat maaş alan, bu pulla ailəsini dolandırmaqda çətinlik çəkən vətəndaşımızın martın 1-dən əmək haqqı 40 manat artacaq. Həmin vətəndaşımız gələn aydan maaşının 195 manat olacağına, ailəsinin dolanışığının yaxşılaşacağına sevinərək yazıb məktubu. Siz də oxuyun, kövrəlməmək olmur...

23 fevral 2019, 16:55

Elçin Kərimovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident, mən əvvəllər ayda 155 manat əməkhaqqı alırdım, ailəmin xərclərini qarşılamaqda çətinlik çəkirdim. İndi isə əməkhaqqım 40 manat artaraq 195 manat olacaqdır. Bu, ailə büdcəmizin artmasına və yaşayışımızın yaxşılaşmasına böyük kömək olacaq. Buna görə Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm can sağlığı, doğma respublikamızın inkişafı naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə, Kərimov Elçin.
Azərbaycan Respublikası, Hacıqabul rayonu.

Güman edirik ki, 23 fevraldan başlanan sıçrayış elə bu templə də davam edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cj47pl

Ən çox baxılan