None

Mənbə: 

''Məmurlar kəndlinin önünə çəkilmiş səddir''

Kənd sakinləri: “Bölgələrdə malı-heyvanı da məmur saxlayır, əkin-biçini də məmur edir”

Yevlax rayonunun Qoyun Binəsi kəndinin sakinlərinin problemi var. Onlar Meydan TV-yə müraciət edərək, hökumətin pambıq siyasətinə görə həyatlarının alt-üst olduğunu söyləyiblər.
Sakinlər deyirlər ki, ölkənin hər yerində olduğu kimi 1997-ci ildə Qoyun Binəsi kəndində də torpaq islahatı aparılıb. Kənd əsasən heyvandarlıqla məşğul olduğu üçün əhaliyə ümumi 90 hektar otlaq sahəsi ayrılıb. İllər keçdikcə yerli bələdiyyə orqanları həmin sahənin müəyyən hissəsini müxtəlif insanlara icarəyə verib. Ötən ilin yanvarından başlayaraq qalan otlaq sahəsini pambıq əkmək üçün şumlayıb

“Pambıq əkdilər, bitmədi, sonra arpa əkdilər. İndi də çəkil ağacları əkiblər. Biz dəfələrlə buna etiraz etdik. Üstümüzə polislə gəldilər. Deyirlər, hökumətin sifarişidir. Əgər belədirsə, niyə bu insanların yaşayışı, dolanışığı hesabına başa gəlməlidir? Gedib bələdiyyə torpaqlarını əksinlər,” - kənd sakini, Qarabağ qazisi Teyyub Dadaşov belə deyir.

“Bələdiyyə torpağını əksinlər, niyə camaatın örüş sahəsinə göz dikirlər?”

T.Dadaşov bildirir ki, kəndlərində Sovet dövründə də pambıq əkilib. Həmin sahələrdə bol məhsuldarlıq olub. Ancaq indi məhz həmin sahəni qoyub, örüş üçün yararlı olan sahəni şumlayıb, əkirlər:

“Çünki həmin sahədə bələdiyyə sədrinin ferması var, toxunulmazdır. Ona dəymək olmaz, amma əkin üçün yararsız, örüş sahəsini şumlamaq olar. Əgər dövlət sifarişidirsə, ən yararlı torpağı seçsinlər, niyə camaatın örüş sahəsinə göz dikirlər? Əkdilər, bitmədi də. Çünki yararlı yer deyil”.

“Xəritə özlərində, sənəd özlərində, bizə heç nə göstərmirlər”

Teyyub Dadaşov deyir ki, bir ildir bu problemlə üzləşiblər. Bələdiyyə öz torpaqlarına dəyməmək üçün camaatın örüş sahəsini şumlayıb:

“Torpağımızın təyinatını dəyişib, pambıq əkiblər. Xəritə özlərində, sənəd özlərində, bizə heç nə göstərmirlər. Heyvanlarımız qalıb ac-yalavac. Ya da lazımsız, şoranlıq yerdə otarılır. Çoxunun heyvanı qırıldı, satan satdı. Sonra da deyirlər, əti niyə xaricdən gətirirlər. Belə şeylərə görə gətirilir. Yerli istehsalı məhv etmək üçün əllərindən gələni ediblər”.

“Torpaq işinə baxan bütün idarələrə yazmışıq”

Sakinlər bildirirlər ki, kənd əhalisinin 90 faizi maldarlıqdan dolanır. Örüş sahəsinin şumlanması demək olar ki, bütün kənd camaatına ziyan vurub:

“Camaat çox şikayət etdi, hər yerə yazdı, ancaq bir nəticəsi olmadı. İndi ərazinin yarısına çəkil əkiblər, yarısını da yenə pambıq üçün saxlayıblar. Torpaq işinə baxan bütün idarələrə yazmışıq. Heç biri baxmayıb” – deyir, Teyyub Dadaşov.

“Bu etdikləri insanların çörəyini əlindən almaqdır”

Sakinlər indiyədək Ədliyyə Nazirliyinə, Bərdə Regional Ədliyyə İdarəsinə, Prezident Administrasiyasına, Yevlax Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinə məktublar göndəriblər. Heç birindən cavab ala bilməyiblər.

Knyaz Muxtarov

Knyaz Muxtarov

Sakinlərdən Knyaz Muxtarov qarşılaşdıqları halı haqsızlıq sayır. Deyir, bu etdikləri insanların çörəyini əlindən almaqdır:

“Bu haqsızlıq heç yerə sığmaz. Bizim mal örüşümüzü əlimizdən alıblar ki, guya pambıq əkəcəklər. O yer indiyədək pambıq üzü görməyib. Pambıq əkilməsinə yararlı yerləri özləri zəbt ediblər. Pambıq əkmək üçünsə millətin örüş sahəsini əlindən alıblar. Sovet hökumətinin dövründə bu kənddə pambıq əkilib. Onun üçün xüsusi ərazilər var. Bələdiyyə indi həmin ərazini özünə ferma edib. Bizim mal örüşümüzü isə əlimizdən alıb pambıq əkir”.

“Camaatın başına oyun açırlar, prezidentin xəbəri olmur”

Knyaz Muxtarov düşünür ki, yerli məmurların bu etdiklərini prezident İlham Əliyev bilmir. Yoxsa, o, əhalinin incidilməsinə göz yummaz:

“Bunlar prezidenti də aldadırlar. Üstəlik, pambıq əvəzinə arpa da əkirlər. Biz prezidentə məktub yazırıq, gedib çıxmır, göndərmirlər. Əlacımız kəsilir, Bakıdan, başqa rayonlardan göndəririk. Belə də dərd olar? Kəndlərdə camaatın başına oyun açırlar, prezidentin xəbəri olmur. Həmişə televiziyalarda inkişafdan danışırlar. Deyirlər, maldarlıq belə gəldi, inkişaf elə getdi. Hanı? Budur inkişaf? Məmurlar imkan versə, yerlərdəki insanlar inkişaf edər. Şəxsən mən mal-heyvanımı örüş yoxluğundan, naəlaclıqdan satdım. İndi qalmışam quru yurdda”.

Adil Quliyev

Adil Quliyev

“Məmurlar faktiki olaraq camaatı əzirlər bölgələrdə”

Sakinlərdən Adil Quliyev isə bildirir ki, bu gün bölgələrdə təsərrüfatla məşğul olanların 90 faizi kəndli yox, məmurlardır:
“Ancaq məmurlar mal-heyvan saxlayırlar, əkib-becərirlər. Hətta balıq gölü salanlar da var. Camaatın da bir qırıq örüş sahəsi vardı, onu da tutub əlindən aldılar. İndi biz nə edək? Bu, nə zamanadək belə gedəcək? Prezident çıxışında daim deyir ki, maldarlığı inkişaf etdirmək lazımdır. Etdirək də, bəs bu məmurları nə edək? Məmur deyillər e, kəndlinin önünə çəkilmiş səddirlər. Bu məmurlar faktiki olaraq camaatı əzirlər bölgələrdə. İnanın, hamımız pis gündəyik. Otu pulla alırıq. Başqa cür mümkün deyil, heyvanlar acından ölürlər. Ötən həftə qonşunun 10 qoyunu öldü. Məcbur oldu, aparıb satdı”.

“Görünür, nəsə yanlışlıq olub”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildirilib ki, bəli, dövlətin sifarişi ilə bəzi kəndlərdəki bələdiyyə torpaqlarında pambıq əkilib:

“Ancaq bu torpaqlar bələdiyyəyə məxsusdur. Hər hansı örüş sahəsi və ya pay torpağı deyil. Görünür, nəsə anlaşılmazlıq var. Hər halda, bunu araşdıracağıq, görək nə məsələdir”.
Qoyun Binəsi bələdiyyəsinin sədri Qabil Məmmədovla isə danışmaq mümkün olmayıb. Bələdiyyədən onun xəstəliklə bağlı izinli olduğunu söyləyiblər.

“Belə davam edərsə…”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov çıxışlarında həmişə bildirir ki, hökumətin pambıq siyasəti maldarlığın evini yıxıb. Son illərdə örüş, təbii biçənək sahələri 150 min hektardan çox azaldılıb. Səbəb isə həmin ərazilərin şumlanıb, yerində pambıq əkilməsidir.

V.Məhərrəmov deyir ki, bunun nəticəsində ölkəyə ət idxalı artıb. Belə gedərsə, gələcəkdə ətin qiymətində kəskin bahalaşma olacaq:

“Son zamanlar təbii biçənək, örüş ərazilərinin və yem bitkiləri sahələrinin azaldılması hesabına pambıqçılığı, baramaçılığı, tütünçülüyü inkişaf etdirmək yolu seçmiş hakimiyyət nəinki bu sahələrdə irəlləyiş əldə edə bildi, əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında çox əhəmiyyətli sahə olan heyvandarlığı çıxılmaz, kritik duruma saldı. Bu da heyvandarlıq məhsullarının istehsalının kəskin azalmasına və ət, süd məhsullarının idxalının ciddi artımına səbəb olub”.

 

 

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bjbhpi

Ən çox baxılan