”Milçəklər kralı” eksperimenti

İnsanın əsl mahiyyəti bugünə kimi hələ də tam olaraq tədqiq edilməyib

Source: Meydan TV

İnsanın əsl mahiyyəti bugünə kimi hələ də tam olaraq tədqiq edilməyib

Yazıçı Uilyam Qoldinqin “Milçəklər kralı” alleqorik romanına antiutopiya da demək olar. O, bu əsəri 1954-cü ildə yazıb. Qoldinq məhz bu romanına görə 1983-cü ildə Nobel mükafatı qazanıb.

Əsər britaniyalı bir qrup uşağın təyyarə qəzasından sonra kimsəsiz adaya düşməsi ilə başlayır. Dəstədə ancaq oğlanlar olur və onların yaşı 6-12 arası dəyişir.

Bu roman sosial psixologiya ilə maraqlananlar üçün yaxşı mənbə sayıla bilər. Ona görə də əsər mənə ikiqat ləzzət elədi. Yazıçı romanda öz qəhrəmanları üçün xüsusi şərait yaradır, hansı ki, onların ictimai davranışı getdikcə sürətlə dəyişir.

Kimsəsiz adada azyaşlı uşaqlar özlərini elə aparırlar ki, bəlkə də heç vaxt sivil ingilis cəmiyyətində onlar belə davranışlara yol verməzdilər. Burda sosial-psixoloji cəhətdən əsas məqam onların davranışlarının kəskin dəyişikliyinin ətraf mühitlə əlaqəsi ilə ölçülür.

Romanı oxuyarkən, dəhşətə gəlirdim. Necə olur ki, 12 yaşlı zərərsiz hesab etdiyimiz uşaq belə amansız olur?! Əslində insanın bu cür heyrətlənməsi təbiidir. Axı biz istənilən fenomendə və hadisədə məntiqi əsas tapmağa çalışırıq.

Əsərin son səhnəsinə kimi baş verənləri xəyalımda geniş şəkildə təsəvvür edir və özümə çoxlu suallar verirdim. Axı necə ola bilər ki, azyaşlı uşaqlar belə vəhşiləşə bilir?

Romanın başlanğıcında adanın müxtəlif yerlərinə səpələnmiş uşaqlar, 12 yaşlı Ralfın üfürüb gur səs çıxardığı balıqqulağının hesabına bir araya toplaşırlar. Əslində onları bir araya toplayan ümumi bəla və qorxu olur. Nəticədə anlayır və qərar verirlər ki, bu bəlanı az-maz yumşaltmaq üçün onlara başçı, yəni qrup lideri lazımdır.

Həmin vaxt üçün səciyyəvi sayılacaq lider özəllikləri məhz Ralfda olur. Onu da səsvermə yolu ilə seçirlər. Ralf, qrup normalarına uyğun olaraq müxtəlif qaydalar, məhdudiyyətlər tətbiq edir. Bunlar hamısı aktual çətinlikləri aradan qaldırmağa xidmət edən qayda və məhdudiyyətlər olur. Ralfı dəstəkləyən Piqqi də vurğulayır ki, biz qanunlara riayət etməliyik, çünki biz vəhşi yox, ingilislərik.

Ralfın qaydalarının içində ən vacibi tonqalın daimi yanması olur. Bu adanın kənarından keçən gəmilər üçün uzaqdan bir siqnal sayıla bilər. Ocağın sönməsinə imkan verməmək üçün tonqala davamlı nəzarət edəcək kəslər təyin olunur. Ancaq bu şəkildə adadan xilas olmaq olar.

Ralfın ikinci qaydası gecələmək üçün sığınacaqların hazırlanması idi. Bu uşaqları yağışdan və gecə qarabasmalarından xilas etmək üçün düşünülmüşdü.

Ralfın liderlik stilini demokratik adlandırmaq olar. O, yığıncaqlarda hər kəsə söz haqqı verir, şikayət və fikirləri dinləyir, onları qiymətləndirir və ədalətli mühakimələr yürüdürdü.

Buna baxmayaraq Ralfın əsas rəqibi əvvəldən lider olmaq istəyən Cek öz ətrafına müəyyən uşaqları cəlb edə bilir. Cek fizioloji instinktlərinə qapılaraq iddia edirdi ki, ovçuluq etmək daha əhəmiyyətlidir, nəinki ocağa nəzarət etmək və sığınacaqları hazırlamaq. Beləliklə, qızardılmış donuz ətininin qoxusu qrup üzvlərinin hamısını cəlb edir. Hətta Ralfı da.

Bu da öz növbəsində Cekin avtoritetinin böyüməsinə səbəb olur. Uşaqlar Ralfın təşkil elədiyi yığıncaqları və onun qaydalarını cansıxıcı hesab etməyə başlayırlar. Cekin başçılığı ilə olan ov prosesi onlara daha əyləncəli gəlir. Cek deyir ki, bu ada bizimdir və biz ov edib, kef içində yaşamalıyıq.

Uşaqların Cekə yaxınlaşmasında ikinci səbəb adada olan bədheybət ilə bağlı olur. Əslində heç bir bədheybət-zad olmur. Bu adaya düşmüş hansısa adamın cəsədi olur. Uşaqların hamısı elə bilir ki, adada nəsə qəribə əcaib bir varlıq var. Cek də bu münbit şəraitdən istifadə edir və həmin bədheybətə qarşı savaş elan edir. Cekin qəhrəmanlıq çağırışları siyasi liderlərin pafoslu müharibə səslənişləri kimi effekt verir. Bu da onun öz qəbiləsini yaratmağına və həmin qəbilənin başçısı olmasına gətirib çıxarır.

Ralfdan fərqli olaraq Cekin liderlik stili avtoritar idi. O, digərlərinin özünə tam boyun əyməsini tələb edir, bütün vacib qərarları özü qəbul edir, fərqli, alternativ fikirə hörmət etmirdi. Ona qarşı çıxanları da cəzalandırırdı.

Nəticədə uşaq təbiətinə yad amansızlıqlar ortaya çıxır. İşgəncələr, ölümlər təbii hal alır.

Mən roman barədə bundan artıq məlumat vermək istəmirəm. Kimə maraqlıdırsa, kitabı tapıb oxuya bilər.

Onu da qeyd edim ki, qədim ivrit dilində “Milçəklər kralı” “Şeytan Bəəlzəbub” mənasını verir. Bəəlzəbub burda simvolik məna daşıyır.

Milçəklər kralı romanı mənə həm də tarixin maraqlı və qəddar eksperimentlərindən biri sayılan “Stenford həbsxana eksperimenti”ni xatırlatdı. 1971-ci ildə ABŞ-da Philip Zimbardo adlı psixoloq, insanların ictimai rollara necə reaksiya verdiyinə dair tələbələr arasında bir eksperiment təşkil edir. O, iki həftə davam edəcək və 24 kişidən ibarət qrupa Stenford Universitetinin Psixologiya Departamentinin aşağı qatında inşa edilən saxta bir həbsxanada, gözətçilər və məhkumlar olaraq davranmalarını təmin və təşkil edir. Həmin adamlara iki həftə davam edən eksperiment üçün müəyyən qədər pul verilir və onlardan özlərini bu süni həbsxanada rollarına uyğun aparmaları tapşırılır.

Məhkumlara təcrübə vaxtı gözətçilərin əmrlərini dinləmə zəruriliyi verilir. Gözətçilərə isə məhkumlara sözlərini keçirə bilmək üçün bacardıqca sərt davranmaları, ancaq şiddətə qətiliklə yol verməmələri bildirilir.

Bütün proseslər əsl həbsxana qayda-qanununa uyğun tətbiq olunur.

Beləliklə, nisbətən sakit keçən birinci gündən sonra məhkumlar və gözətçilər arasında ara qarışır. İntriqalar elə hal alır ki, gözətçilər məhkumlarla sadist kimi davranmağa başlayırlar. Məhkumlara qarşı əvvəl gizli, daha sonra aşkar zorakılıqlar tətbiq olunmağa başlanılır. Gözətçilər “sözə baxmayan” məhkumların döşəklərini götürərək, onları metal çarpayıda yatmağa məhkum edir, yemək yeməkdən boyun qaçıranlar üçün qaranlıq otaqda qalmaq cəzası tətbiq edilir. Getdikcə vəziyyət daha da amansız hal alır, cəzalar sərtləşir.

Zorakılıq artdığı üçün eksperimenti vaxtından əvvəl sonlandırırlar.

Bu eksperiment onu göstərir ki, cəmiyyətin ya da mövcud qanunları təşkil edən instansiyaların bizim üzərimizə biçdiyi rola elə aludə olmaq olar ki, insanlığımızı belə yaddan çıxara bilərik. Pis sistem insanın içindəki vəhşini ortaya çıxara bilər. Əlbəttə istisnalar da çoxdur. Ətrafın, sistemin bərbad olmasına baxmayaraq öz dəyərlərinə sadiq, vicdanın və insanlığın itirməyən adamlar həmişə olur.

Yeri gəlmişkən, Stenford eksperimentini simvolizə edən “Das Experiment”(2001) və “The Experiment”(2010) filmlərə baxa bilərsiniz.

Bəli, alimlərin nəzəri və təcrübi tədqiqatları nəticəsində insan psixologiyası barədə böyük eksperimental bazanın olmasına baxmayaraq, insanın əsl mahiyyəti bugünə kimi hələ də tam olaraq tədqiq edilməyib. Yer kürəsinin əşrəfi, yəni ən şərəflisi hesab olunan insan, elə ən çox şərəfsizlik edən varlıq kimi də yadda qalmaqdadır.

Gözəl şəkildə yadda qalanlara salam olsun!

Ana səhifəXəbərlər”Milçəklər kralı” eksperimenti