MTN polkovniki: Dövlətin pulunu gör kimə etibar edirlər…

”Əhəd Abıyevi dəfələrlə çağırdılar, gəlmədi, axırda da bir teleqram vurdu ki…”

Foto: Azərtac
Ləğv edilmiş MTN rəhbərliyi
Ləğv edilmiş MTN rəhbərliyi


”Əhəd Abıyevi dəfələrlə çağırdılar, gəlmədi, axırda da bir teleqram vurdu ki…”

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan MTN generalları – Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin keçmiş rəisi Teymur Quliyev və daha beş nəfərin şikayəti üzrə məhkəmə davam edir.

Hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev Daşkəsəndə körpü tikintisi üçün büdcədən ayrılmış vəsaitin “obnaliçka” (büdcədən ayrılmış vəsaitin müəyyən şirkətlər vasitəsilə nəğdləşdirib həmin qurumun özünə qaytarılması) yoluyla mənimsənilməsindən danışıb.

MTN-çilərin haqqındakı ittihamda bu epizodla bağlı yazılıb ki, körpü tikintisi üçün büdcədən ayrılmış vəsaitin 686 min manatı “Design Construction” şirkətinin hesabına köçürüldükdən sonra şirkətin əməkdaşı “Azəriqazbank”da onu çıxarıb, Yeganə Abbasovaya verib. Y.Abbasova şirkətlə icra hakimiyyəti arasında vasitəçi olub. Y.Abbasova da ondan aldığı pulu Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elman Məmmədova verib. MTN əməkdaşları onu güdüb, bir az gedəndən sonra tutub, nazirliyə aparıblar, pulu əlindən alıblar. Axşam Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakıya – MTN-ə gəlib, E.Məmmədovu buraxdırıb.

Təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev isə bildirib ki, bütün bunlar yalandır. Onun sözlərinə görə, rəsmən “Design Construction”ın rəhbəri olan şəxslər birinci instansiya məhkəməsində dindirilərkən, ümumiyyətlə, Daşkəsəndə körpü tikintisi layihəsindən xəbərsiz olduqlarını, Y.Abbasova, E.Məmmədov və s. adamların heç birini tanımadıqlarını bildiriblər:

“Bu epizod saxtadır, yapışdırmadır. Bu epizod üç nəfərin ifadəsi üzərində qurulub – Elman Məmmədov, Yeganə Abbasova və Əhəd Abıyev. Birinci instansiya məhkəməsində onların öz ifadələrilə ittiham darmadağın oldu. Yeganə Abbasova dedi ki, xəstədir, müstəntiq çağırıb, ifadəni yazıb, ona qol çəkdirib. Elman Məmmədov bir neçə il əvvəl saxta sənədlərdən istifadə, vəzifə saxtakarlığı, hətta başqasının uşağını dəyişdirmə ittihamlarıyla məsuliyyətə cəlb olunub. İndi belə bir adam gəlib bizim üzümüzə durur ki, guya aparıb pulunu almışıq. Dəfələrlə Əhəd Abıyevi məhkəməyə çağırdılar, gəlmədi. Sonda da bir teleqram göndərdi ki, heç kimdən şikayət və tələbim yoxdur. 686 minin hardan düşdüyü bilinmir. “Design Construction”ın puludursa, şirkətin rəhbəri deyir ki, mən nə Əhəd tanıyıram, nə Daşkəsən, nə də körpü tikmək istəmişəm. Açıq-aşkar “obnaliçka” əməliyyatıdır”.

F.Əliyev bildirib ki, 2014-cü ilin əvvəlində rəhbərlik dövlətin pullarının yalançı şirkətlər və maklerlər vasitəsilə nəğdləşdirilib mənimsənilməsinə qarşı mübarizə barədə göstəriş vermişdi:

“Büdcəni hərə bir yandan dağıdırdı. Büdcəni doldurmaq olmurdu. Bəzən “obnaliçka” əməliyyatları elə adamların əli ilə həyata keçirilirdi ki, adam fikirləşirdi, dövlətin pulunu gör kimə etibar edirlər. Biri vardı, “obnaliçka” ilə məşğul olanların kralı sayılırdı. 2014-cü ildə bunu tapıb gətirdik. Narkotik qəbul eləmişdi, onu ayıldıb danışdıra bilmirdik”.

Onun sözlərinə görə, bu istiqamətdə bir il aktiv mübarizədən sonra 2014-cü ilin axırlarında Azərbaycanda “obnaliçka” əməliyyatları kəskin şəkildə azalmışdı.

Məhkəmə prosesi dekabrın 20-də davam edəcək.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə mühakimə olunub.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.

Ana səhifəReportajMTN polkovniki: Dövlətin pulunu gör kimə etibar edirlər…