''Nə kəndə qaz verilir, nə də qoyurlar meşədən odun gətirək''

Aydın Şahverdiyev

Aydın Şahverdiyev

Qışlaq kənd sakinləri laqeydlikdən gileylidir

“İcra başçısı Rövşən Bağırov söz verdi, amma dediyinə əməl etmədi. Demişdi ki, kəndimizə qaz veriləcək. Bizdən yuxarıda 8-9 kənd var, onlara qaz çəkiblər, lakin bizim kəndlə maraqlanan yoxdur”.

Lerikin ucqar dağ kəndi olan Qışlağın sakinləri şikayətçidir. Onların narazılığı kəndlərinin qazlaşdırılmaması ilə əlaqədardır. Kənd camaatı Meydan TV-yə deyir ki, qonşuluqdakı Zərigümaco kəndinə qaz xətti çəkilib, lakin Qışlağa çatanda yalnız dörd evə mavi qaz verilib:

“Niyə biz qışın qarında-şaxtasında donmalıyıq? Zərigümaco kəndi ilə Qışlağın arasındakı məsafə 200 metrdir. Təsəvvür edin, orada qaz var, bizdə isə yox. Gülməli olan odur ki, bizim kənddə dörd evdə qaz xətti var. Şikayət etməkdən yorulmuşuq, qulaqardına vururlar”, - Aydın Şahverdiyev belə deyir.

Onun sözlərinə görə, qonşu kəndlərdə qazlaşdırma işləri 3-4 il öncə başa çatıb. Bu müddət ərzində onlar yerli icra strukturlarına dəfələrlə müraciət ediblər, hamısı da nəticəsiz qalıb:

“Dərd ondadır ki, nə bizə qaz verirlər, nə də imkan verirlər gedib meşədən odun gətirək. Biz evi odunla isidirik. Meşədən də odun gətirməyə qoymurlar, cərimələyirlər. Ağac kəsmək də min manat cərimədir. Adam qalır belə, bilmirsən ki, neyləyəsən. Köhnə ağaclardan, çırpı yığıb, birtəhər evi isidirik. İl ərzində pulla odun alası olsaq, beş yüz manat edir. Axı bizim elə imkanımız yoxdur”.

Digər kənd sakini Mirdavud Hümbətov “Dərdimizi kəndin içində ancaq bir-birimizə danışırıq”, - deyə bildirir:

“Bizdən 200 metr yuxarıda olan kəndlərə qaz çəkiblər. Burada yaşayırıq, məcburuq, odun gətirək, yandıraq. Təbiətimiz dağılır. Çünki odunu meşədən əldə edirlər. Bunu yuxarıda oturanlar bilməlidir. Bizim deməyimizlə, şikayətimizlə deyil. Dəfələrlə qaz idarəsinə müraciət etmişik. Bu il Piran orta məktəbində iclas oldu, nazirlikdən nümayəndə gəlmişdi. Orada dedik ki, kəndin 4 evində qaz var, o biri kənddən çəkiblər. Qışlaq 20 evdən ibarətdir, lakin qaz verilmir. Hər dəfə də deyirlər ki, plandadır, guya çəkiləcək”.

Bu il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransında prezident İlham Əliyev ölkədə təbii qaz təminatının 95 faiz olduğunu qeyd etmişdi. Müqayisə apararaq, bildirmişdi ki, təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir.

Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Meydan TV-yə bildirib ki, Lerikin Qışlaq kəndinin qazlaşdırılması 2019-cu ildə nəzərdə tutulmayıb:

“Yaşayış məntəqələrinin qazlaşdırılması “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” tədbirlər planına uyğun olaraq həyata keçirilir. Maliyyə vəsaitindən asılıdır. Vəsait ayrılacaqsa, növbəti illərdə kəndin qazlaşmasına baxıla bilər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rersun

Ən çox baxılan