Neft çıxaran kənd mal təzəyi ilə qızınır

”Qazı havaya buraxırlar, amma camaata vermirlər”

Source:


”Qazı havaya buraxırlar, amma camaata vermirlər”

Hələ sovet dövründə buralar turistlərin çox gəlib-getdiyi yerlər olub. Çünki bulaqlarından axan neft mənbəli suyun yüksək miqdarda üzvü maddələrlə zəngin müalicəvi tərkibi var. Çıraqqalanın ətəyindəki meşəlikdə, su çıxan mənbələrin yaxınlığında 1976-cı ildə Qalaaltı sanatoriyası inşa edilmişdi. İndi onun yerində eyniadlı – “Qalaalti Hotel&Spa Kompleksi” fəaliyyət göstərir.



Bircə o yoldur…

Bir az aşağıda qaladan ovuc içi kimi aydın görünən Məşrif kəndi yerləşir. Siyəzənin mərkəzindən təxminən 19 kilometr məsafədə olan bu kəndin sakinləri danışır ki, kompleksin tikilib başa çatması bir neçə il çəkib. O illərdə ümidlə yaşayıblar ki, kənddəki cavanlar üçün iş yerləri yaranar, bərbad vəziyyətdə olan yollar düzələr, infrastruktur yaxşılaşar.

Bu kompleks “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində istifadəyə verilib. 2015-ci ildə açılışında prezident İlham Əliyev də iştirak edib.

“Yol çox bərbad idi. Otelin açılışına qədər yaxşı yol çəkdilər. O yol Siyəzəndən başlayır, ta “Qala”ya qədər. Məşrifin də içindən keçir. Bu baxımdan, rayondan kəndə gedib-gəlmək xeyli rahatlaşıb. Amma bircə o yoldur, kənddə qalan ara yolların hamısı yenə bərbad vəziyyətdədir”, – Allahverdi Kərimov danışır.



İllərdir verilən boş vədlər

Sakinlər danışır ki, qışda palçıqlı yollarla gəzməyi özlərinə çox da dərd etmirlər. Onların əsas problemi kənddə qazın olmamasıdır, xüsusilə qışda bundan çox əziyyət çəkirlər. Xeyli neft buruqlarının olduğu bu kəndin sakinləri odunun, mal təzəyinin ümidinə qalıb.

Kənd camaatının təbii qaz üçün müraciət etmədiyi yer qalmayıb. Siyəzən Rayon İcra Hakimiyyəti, SOCAR və onun tabeliyində olan “Azəriqaz”dan tutmuş, ölkə rəhbərliyinə qədər xeyli instansiyalara məktublar yazıblar, imza toplayıb göndəriblər. Hələ ki, heç bir nəticəsi yoxdur.

Məşrifdə olarkən öyrəndik ki, şikayətləri istiqamətləndirməkdə, onları yazıb ünvana çatdırmaqda kəndlilərə bir qocaman müəllim yardım edirmiş. Artıq təqaüddə olan müəllimi şikayətlərdən sonra çağırıb hədələyiblər: “O müəllimin də oğlu neft sektorunda işləyir deyə, geri çəkildi. Üç maşın odun alıb tökdü qapısına…”

Kənd camaatına şifahi deyilib ki, bu il qaz çəkilməsi planlaşdırılır. Amma adamlar inanmır. Deyirlər ki, neçə illərdir belə boş vədləri eşidirlər.

 Qazı havaya uçururlar, amma adamlara vermirlər

Hökumətdən əlini üzən kənd camaatı bir müddət əvvəl öz hesabına qaz çəkmək fikrinə düşüb. Öyrəniblər ki, kənddə olan neft buruqlarının hər biri 5-8 ailəni qazla təmin etmək gücündədir. Kənd camaatı borular alaraq, evləri qazlaşdırmağa çalışıb. Amma səlahiyyət sahibləri xəbər tutan kimi bunun qarşısını alıblar. Çəkilən boruları kəsib aparıblar.

Xeyli vaxtdır ki, buruqlardan çıxan qaz havaya axır. Kənddə istənilən buruğa qaz iyindən yaxınlaşmaq olmur.

“Necə olur, otelə qaz verirlər, camaata yox? O qazı havaya uçururlar, amma adamlara vermirlər. Bu da insana olan münasibətin göstəricisidir. Buranın qışı sərt olur, dağın ətəyidir axı… Evi qızdırmaq, yemək bişirmək, yuyunmaq… Bütün bunlara bilirsiz nə qədər odun lazım olur?! Bir qış üçün iki-üç maşın odun lazım olur. Odun da çox bahadır, bir neçə il əvvəl 55 manata alırdıq, indi bir maşını 200-225 manatdı. Bahalığı bir yana, tapmaq da çətinləşib, odun qəhətə çıxıb. Kənddə adamların çoxu kasıbdır. Evlər var ki, yalnız mal təzəyilə qızdırılır…”, – A.Kərimov gileylənir.

Başqa kəndlərdə olduğu kimi, Məşrifdə də işsizlik ayrı bir bəladır. Adamlar danışır ki, “Qalaaltı”da Məşrifdən cəmi bir neçə nəfər özünə iş tapıb.

Bir də ondan gileylənirlər ki, sovet dövrünün sanatoriyası müasir hotel-spa kompleksinə çevriləndən sonra kasıbların Çıraqqalanın ətəyindəki meşəlikdə istirahət imkanları da məhdudlaşıb. Əvvəllər insanlar orada öz imkanları daxilində dincələ bilirdi. İndi ərazi bütünlüklə “Qalaalti Hotel & Spa”ya xidmət edir…



Prezident nə deyir?

Prezident İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında çıxışında iddia etmişdi ki, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb:

“Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir”.

“Azəriqaz” İstehsalat Birliyindən də təsdiqləyiblər ki, Məşrif kəndində qaz yoxdur. Amma bildiriblər ki, ora da qaz çəkiləcək:

“Məşrif, Daşlı Çalğan, Orta Çalğan və Qərəh kəndlərinə də qaz xəttinin çəkilişi nəzərdə tutulub”.

Ana səhifəBölgəNeft çıxaran kənd mal təzəyi ilə qızınır