Nifrət xəstələri üçün sevgi seansları

Qaydasız döyüşlər ölkəsində belə lirikalar çox gülünc səslənir

Source: Meydan TV


Qaydasız döyüşlər ölkəsində belə lirikalar çox gülünc səslənir.

Bugünlərdə prezident yazıçı və incəsənətçilərdən ibarət qarışıq bir toplumla görüşdü. Adı daha çox “ziyalı” kimi hallanan həmin zümrənin şəxsi keyfiyyətləri ilə işim yoxdur. Onsuz da standarta uyğun gəlməyənlər o qəbullara salınmırlar. Yeganə şərt inkişafımızı tərənnüm etməkdir, problemlərdən yalnız “məsləhətli” cüzi istisnalarla danışmaq olar. Ziyalılığın bu ölkədə ölçü vahidindən başım çıxmır, bildiyim odur ki, rayon yerlərində barmaqla sayılacaq qədər vicdanlı mənəviyyat adamları qalıb. Onlardan biri olduğumu vurğulamıram, sadəcə mövcud iqtidarın onlara bəslədiyi qəddar münasibətin daşıyıcılarındanam. Əyalət ziyalısı olmaq budursa, onda biz hakim komandanın cəza obyektləriyik. Sadəcə qəlbimizə, beynimizə girə bilməyiblər, çünki o yollar çoxdan “minalanıb”.


***

Yerli qəzetdən indiyə qədər “əlaqələndiriçimiz” Valeh zəng vurur ki, beş dəqiqədən sonra məni qapıdan götürəcək. Bizim köhnə redaksiyanın keçmiş əməkdaşlarından biri gəlibmiş rayona. Təxminən iyirmi beş illik ayrılıqdan sonra doğma kollektivlə görüşmək üçün də taledən bir-iki saat oğurlayıb. Bizim qapıda üçlük olub keçmişimizə “salam” verməyə yollanırıq.

Sovet vaxtı yerimiz-yurdumuz redaksiyanın öz balansındaydı. Meyvə ağacları, gül-çiçəklə dolu cənnət həyətimiz vardı. O gözəl məkanda hər kəs özünü evindəki kimi hiss edərdi. Ora bizim arzularımızın cücərdiyi sehirli ocaq idi və zamanı gəlincə o arzuların dalınca uçub getsək də, yarı ürəyimiz orda qalardı. İllər keçdikcə ürəyimizin həmin o yarısını göynədən itkilər oldu. Bir gün isə eşitdik bütöv redaksiyanı Qəbələnin ucsuz-bucaqsız parklarından birinə “yamayıb” dağılan tifaqın “sakinlərini” icra hakimiyyətinə köçürüblər. Bizim azalıb iki-üç nəfər qalan doğma kollektivimiz artıq icra hakimiyyəti binasının birinci mərtəbəsində redaksiya üçün ayrılan otaqda oturur. Rəsmi rayon qəzetləri onsuz da sahibkar senzurasındadır, onlar isə üstəlik sözün məcazi və əsl mənasında yuxarının daimi göz altına düşüb.

Hərçənd başqa rayonlara baxanda Qəbələdə qəzet ünvanına uyğun, müntəzəm çıxır. Bizim peşəkarlarların sayəsində qəzetin səliqəli-sahmanı göz oxşayır. Bu işə təxminən qırx il həsr etmiş adamlar yerli qəzetin canlı arxividirlər. O “arxivdə” həm də bizim həyatımızın bir daha yaşanmayacaq gözəl günləri qalaqlanıb. Yanlışlarla, doğrularla dolu təbii keçmişimizin addım səsləri var.

Binanın girişinə qədər gülməkdən, ağlamaqdan nəmlənmiş gözlərimiz içərinin qəribə sükunətində dərhal “qurudu”. Bizimkilərin otağına bir qədər çaşqın girdik. Üstəlik müdirin içəridə olmağı da sıxıntını xeyli artırdı. Yox, adam bizim salamımızı aldı, gəlişimizlə bağlı izahatı dinlədi, hətta çox dayanmayıb çıxdı da. Di gəl ki, sadəcə bu fakt o görüşün ruhunu öldürdü. Ortaq, şirin xatirələrin təzyiqi qaldırdığı səs-küylü anlarda müdir bizimkilərdən birini yanına çağırdı. O gələnə qədər araya çökən gərginliyi hərəmiz bir cür gizlətdik.

Redaksiyamızın artıq nənə olmuş mənəvi gəlini bizi qanadıının altına alıb çay verdi. Ağ-qara kollektiv şəkillər ortaya töküləndə müdir əlində nəsə bir vərəqlə yenidən gəldi. Onda Valeh üzrxahlıq edərək bir azdan gedəcəyimizi söylədi. Yer yiyəsi narahat qonaqlara təskinedici bircə söz söyləməyib dərhal “məşğul” görkəm aldı. Olsun, incəsənət adamıdır. Bizim redaksiya qapılarımızın hər kəsin üzünə taybatay açıq vaxtlarında onun mədəniyyət şöbəsindən çox xəbərlər hazırlayıb verərdik. İcra hakimiyyətinə irəli çəkildiyi uzun müddətdə rastlaşmamışdıq. “Müdir” xitabı da ordan qalıb, “redaktor” bu yerdə nəsə çətin gəldi.


***

İsti içəridən soyuq çölə çıxanda üşümədik. Ağır rejimdən sonra dərindən nəfəs alıb qalan bir saatımız üçün özümüzü səsdolusu danışıb-gülməyə köklədik. Bundan ötrü bir az əvvəl modern binadakı “ofsayt” vəziyyətimizi təsəvvür etmək kifayət idi. Amma ona çatmamış Valehin mənim nəsə sualıma “nə bilim, mən hələ başçı deyiləm” cavabına uğunub getdik. “Yavaş, əvvəlcə müavindən-zaddan olaydın”, – deyib bitirməmişdim ki… Başçı müavinlə ikicə addımlığımızda “peyda oldu” deyə bilmərəm, çünki peyda olan biz idik ki, birinci mərtəbəni vaxtında tərk etməyib “böyüklərin” ovcuna düşmüşdük. Biz artıq maşındaydıq, onlar pəncərəmizdən keçirdilər. Komfort otaqlardan təmiz havaya çıxmış acıqlı piyadalar Valehin salamını duymadılar deyəsən. Çünki üzlərinin ifadəsi daha da sərtləşmişdi. Onları elə görmək ürəyimi çox ağrıtdı, düşüb bir-iki xoş deməkdən özümü güclə saxladım. Telefonu götürsələr gərək xahiş edəm ki, zərurət və təsadüflərdən o qədər gərilməsinlər. Dünyanın bütün vəzifələri içdən gələn bircə təbəssümə, hətta göz yaşına dəyməz. Özünüzə hərdən azadlıq verin. Gözəl şeydir, mütləq kömək edəcək.

P.s. İqtidar düşərgəsində mən başda olmaqla (bunu ağbirçək sayğısı hesab etdik) bizə yad planetlilər kimi baxdılar. İncimədik, əksinə sevindik. Ən azından bizimkilər oranın ideal şəraitində rahatdılar. Nə olsun ki, köhnə redaksiyada səmimiyyət, müstəqillik və özümüzə görə yaradıcı mühit, o mühitə inanıb üz tutan haylı-küylü oxucu müdaxiləsi vardı. Qaydasız döyüşlər ölkəsində belə lirikalar çox gülünc səslənir. O qədər ki, az qala bunu dilimə gətirdiyimə görə ifrat xəyalpərvər mən “xəcalət” çəkirəm…

Ana səhifəXəbərlərNifrət xəstələri üçün sevgi seansları