”O həddə çatdırıblar ki, uşaqla birgə intihar etmək istəmişik”

Evi yanan İmişli sakini İlham Əliyevə müraciət etdi

Source:


Evi yanan İmişli sakini İlham Əliyevə müraciət etdi

İmişlinin Cavadxanlı kəndində yaşayan 36 yaşlı Nəcibəddin Səlimovun evi illər öncə yanıb. Səbəb işıq dirəyinin evinin üstünə aşmasıdır. Nəcibəddin Səlimov deyir ki, hadisə o evdə olmayanda baş verib. O, burada hökuməti günahlandırır. Deyir, əgər işıq dirəyi köhnə olmasaydı, aşmazdı, beləcə evi də yanmazdı.

“Hadisə 2014-cü il oktyabrın 9-da baş verib. Evimiz yandı, kül oldu. Kasıb adamıq, yenidən tikə bilmədik. Elə gücüm nəyə çatdı, birtəhər bir otağını düzəldib girdim içinə. Ev yanandan sonra mənə kömək etsinlər deyə bütün aidiyyatı qurumlara yazdım. Ombudsmandan tutmuş, Prezident Administrasiyasına qədər. Heydər Əliyev Fondundan tutmuş, Fövqəladə Hallar Nazirliyinədək. Axırda da İmişli rayonunun icra başçısı Vilyam Hacıyevin qəbulunda oldum, dərdimi dedim. Heç kim kömək etmədi. İndi nə müraciət etməyə yer qalıb, nə də ümidim”.

N. Səlimov deyir ki, hara üz tutub ona evinin sığortasız olduğunu, buna görə yardım edə bilməyəcəklərini deyiblər. Deyir, kənddə sığortalı ev yoxdur, ümumiyyətlə, çox adam sığorta nədir, bilmir. belə olan halda, vətəndaş nə etsin?

“Mən də bu ölkənin vətəndaşıyam, başqa vaxt deyirlər ki, belə inkişaf etmişik, elə irəliləmişik, birinciyik. Mən demirəm, siz deyin, o dərəcədə inkişaf etmiş bir ölkənin vətəndaşına yaraşan şəraitdi, bu? Baxın, körpə var evdə. Görün, biz hansı şəraitdə uşaq böyüdürük”.

Səlimovlar ailəsinin 3 aylıq körpəsi var. Onlar yanmış evlərinin bir otağını çətinliklə təmir edib, içində yaşayırlar:

“Bir otaqdı, mətbəx yox, ayaqyolu yox. Təmir edə bilmirik, imkan yoxdur. Vallah yeməyə çörəyi güclə tapırıq. İşləmirəm, böyrəyimdə problem var. Heç nə demirəm, bircə bunu deyim, bilin hansı vəziyyətdə yaşadığımı. Mən uşağıma doğum haqqında şəhadətnamə ala bilmirdim. Buna görə şəhərə getməyə pul tapmırdım. Axırı ötən gün qonşudan 10 manat borc tapıb getmişəm. Bir düşünün də, bundan o tərəfi varmı? Mən 3 aydır dünyaya yeni gəlmiş övladımın sənədini ala bilmirdim. Hansı qapını döyürəm, deyirlər, iş qüvvən yoxdur”.

Nəcibəddin Səlimov 24 yaşlı həyat yoldaşı ilə 3 il övlad həsrəti çəkiblər. Nəhayət, bu il körpələri dünyaya gəlib. Ancaq onu normal böyüdə bilmək üçün nə evləri, nə də işləri var:

“Çətindi, ağırdı, dolana bilmirik. Qaldı, ev təmir edək. Hər yerə də müraciət etmişik. Axırda Fövqəladə Hallar Nazirliyinin yerli komissiyası gəlib baxdı. Bizə 700 ədəd mişar daşı verdilər. O da yeni daşlar deyildi. Gəldilər ki, filan yerdə daş var, get sök, olsun sənin. Gedib öz əllərimlə söküb gətirmişəm”.

N.Səlimov deyir, elə gün olub ki, çətinliklərdən təngə gəliblər. O həddə çatıblar ki, uşaqla birlikdə intihar etmək niyyətinə düşüblər:

“Bir Allahdan qorxmuşuq, o saxlayıb bizi. Mənim evimə bir qonaq gələndə utanıram. Həyat yoldaşım Xaçmaz rayonundandır. Atası, anası, qardaşı gəlir, gecəylə bir də xərc çəkib, qayıdırlar dala. Evimiz olsa, bir gecə qalarlar. Mən çox xəcalətliyəm. Dolanışığımız çətindir, acınacaqlı vəziyyətdə yaşayırıq. Kəmaləddin Heydərov ötən aylarda rayonumuza gəlmişdi. Getdim, qəbuluna da düşə bilmədim”.

Nəcibəddin Səlimov əvvəl İmişli Şəkər Zavodunda işləyirmiş. Yük daşıyırmış. Deyir, hər bir ton yükləmə edəndə hər fəhləyə 1 manat 10 qəpik pul yazılırmış:

“Gərək azı 250-300 ton yükləmə edəsiz ki, hərəyə 10 manat pul düşə. Aya vuranda heç olmasa 250-300 manat çıxa. Onunla da ailə dolandırmaq olmur. Ağır yük qaldırmaqdan böyrəklərim sıradan çıxdı. İndi də iş yoxdu, sosial verilmir, uşaqpulu yox, dövlətdən heç bir qayğı yoxdur. Sosial yardıma görə dəfələrlə müraciət etmişəm, hər dəfəsində imtina edilib. Adımda kiçik bir əkin sahəsi var, səbəb odur. Əlacım kəsildi, getdim həmin sahəyə buğda əkdim. Qəpik-quruş qaldı. Onunla da 1-2 ay güclə dolanmaq olar. O da yarıac, yarıtox. Əkməyə də 500 manat xərc çıxır elə. Təsərrüfatla məşğul olmaq mümkün deyil. Yoxdur o qədər pul”.

Ailə dövlətdən heyvan almaq üçün müraciət də edib. İmtina cavabı alıblar. N. Səlimov deyir ki, dövlət bir ara İmişlidən olan xeyli kəndliyə mal-heyvan verib. O adamlara ki, həyətlərində heyvanları, böyük həyətyanı sahələri, evləri var:

“O adamlara ki, ana-atası ilə bərabər yaşayır, pensiya alır və s. Bir sözlə, insanların puluna pul qatdılar. Biz kasıblar da qaldıq kənarda. Kimin imkanı var, onlar aldılar. Mən razıyam, mənə də bir inək versin, həyətim var, baxacam, artıracam. Ancaq vermirlər. Təsəvvür edin, həyat yoldaşımla nikah kəsdirməyə belə imkanım yoxdur”.

N.Səlimov prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edir. Xahiş edir ki, ona kömək etsinlər. Yanan evinin bərpa edilməsi üçün göstəriş versinlər.

“Mən də bu ölkənin vətəndaşıyam. Nolar, yerli icra hakimiyyətinə tapşırıq verin. Ya onlar mənim evimi tiksinlər, ya da yardım etsinlər, özüm tikim. Mən uşağımı normal yerdə böyütmək istəyirəm. Hamı kimi… O uşaq gələcəyin əsgəridir, vətəni qoruyacaq. Bu evdə böyüyən uşaq nə xidmət etsin?”

Meydan TV məsələyə münasibət öyrənmək üçün İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hüseyn İbrahimov deyib ki, bəli, Nəcibəddin Səlimov onlara kömək üçün müraciət edib. Bu işlərə icra hakimiyyəti baxmır, ancaq ona kömək ediləcək:

“Əlimizdən gələn köməyi edəcəyik. Evi yanıb, əslində buna görə rayondakı Fövqəladə Hallar Komissiyasına müraciət etməlidir. Onlar da əllərindən gələni əsirgəməzlər”.

Fövqəladə Hallar Komissiyasından isə vətəndaşa lazımi kömək göstərdiklərini bildiriblər:

“Evlərinə baxış keçirmişik və lazımi dəstəyi vermişik. Vətəndaşın evi sığortalı olsaydı, ümumi dəyəri ödənərdi. Ancaq deyilmiş, ona görə biz də ancaq əlimizdən gələn dəstəyi verə bilmişik”.

Ana səhifəBölgə”O həddə çatdırıblar ki, uşaqla birgə intihar etmək istəmişik”